“10 ildir, pulsuz işləyirəm...” - MİA-ın baş redaktoruyla müsahibə

1301
Bu gün Müstəqil İnformasiya Agentliyinin 10 yaşı tamam olur.

BakuPost-un əməkdaşı belə bir əlamətdar gündə media qurumunun rəhbəri, tanınmış jurnalist Zaur Əhmədlə söhbət edib. 

- Zaur müəllim, 10 il öncə Müstəqil İnformasiya Agentliyinin (MİA) yaradılmasını nə üçün zəruri saymışdınız? 

-Yəqin ki, hamı xatırlayır, 10 il öncə elektron media bu qədər geniş yayılmamışdı. Əsas güc mərkəzi yazılı mətbuat sayılırdı. Əksəriyyət saytları ciddi xəbər mənbəyi kimi qəbul etmirdi. Həmin dövrlər internet resursları daha çox əyləncə yüklü idi. Xəbər saytları var idi, amma onların izləyici kütləsi indiki qədər deyildi. Lakin ətrafda hadisələr sürətlə gedirdi, artıq hər hansı bir xəbəri qəzetdən oxumaq insanlar üçün yetərsiz qalırdı. Mənə elə gəlir ki, xəbər saytlarının yaranması da məhz bu tələbdən irəli gəlib. İndi hamı baş verən hadisəylə bağlı təfərrüatı dərhal öyrənmək istəyir. Bu baxımdan, elektron medianın əvəzi yoxdur. Düzdür, artıq sosial şəbəkələr bu missiyanı yerinə yetirməkdə elektron mediaya şərik çıxıb, amma yenə də saytlar daha ciddi qəbul olunur. 

10 il əvəl Müstəqil İnformasiya Agentliyinin, yəni Mia.az saytının yaratmaq qərarını da məhz bu səbəbdən vermişdik. "Reytinq” qəzetinin baş redaktoru, mətbuatdakı ağsaqqal hesab etdiyim şəxslərdən biri olan Afiq Mirzəbəyli ilə bu yola birgə başlamışdıq. 10 il əvvəl agentlik qeydiyyatdan keçdi, bir neçə ay sonra isə saytı hazırladıq və o gündən bəri adımıza layiq, yəni müstəqil media kimi fəaliyyət göstərməyə çalışırıq. Bir qədər sonra yola mətbuatdakı ən yaxın silahdaşım Fazil Əhmədlə davam elədik. Hazırda elə də böyük komandamız yoxdur. Amma bir neçə peşəkar jurnalistin səyi nəticəsində elektron media sırasındakı yerimizi qoruyub saxlaya bilmişik.  
 
 

- Ötən dövr ərzində saytın fəaliyyətində hansı istiqamətlərə xüsusi diqqət yetirilib, hansı çətinliklərlə qarşılaşmısınız? 

-Elə bir xüsusi istiqamət seçməmişik. Bütün sahələrdən yazırıq. Təbii ki, ölkənin aparıcı media orqanlarında yararlanmırıq desək, yalan olar. Ciddi saytların xəbərlərini istinadla veririk, öz araşdırmalarımız, müsahibələrimiz, xəbərlərimiz də olur. Yaradıcılıq baxımından elə də böyük sıxıntımız yoxdur. Təbii ki, daha məhsuldar işləmək olar, bunun üçün maddi sıxıntılar var. Yəni, bəzən həm redaktor, həm müxbir, həm admin oluruq. Bir insanın üç-dörd vəzifəni yerinə yetirməsi nəticəsində ortaya yüksək keyfiyyətli işin çıxması bir az çətin məslədir.  

- Bu gün MİA-nın Azərbaycan informasiya məkanında yerini necə xarakterizə etmək olar? Qarşıya qoyduğunuz məqsədlərə çatdığınızı düşünürsünüzmü? 

-Özümüz barədə müsbət nəsə demək istəmirəm. Amma bu gün də saytımızın ən az gündəlik 15-20 min izləyicisi varsa, deməli, müəyyən kəsim üçün biz varıq. Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, biz heç vaxt İP arxasıyca qaçmamışıq. Əslində, bu gün İP toplamaq elə də çətin deyil. Onsuz da cəmiyyətimiz çox düşünməyi sevmir. Filan müğənni soyundu, filankəs bəhmənkəsə daş atdı və s. kimi xəbərlər daha çox oxunur. Dəfələrlə müşahidə eləmişəm, ölkə əhəmiyyətli məsələlərlə bağlı yazılar hansısa şou-biznes xəbərindən dəfələrlə az oxunur. Amma buna baxmayaraq, biz "sarı xəbər”ləri saytda tirajlamaqdan yan qaçırıq. 

- Üç hərifli domenlə olan saytlarla bağlı birmənalı fikir yoxdu. Qeyri-ciddi, qeyri-peşəkar və sait qeyrilərlə bağlı söz düşəndə ümumiləşmiş halda  üç hərfli saytlar deyilir çox vaxt. Bu baxımdan MİA saytına rəhbərlik etməkdən sıxılmırsız ki? 

-Üç hərifli söhbəti ilə razılaşmıram. Ölkənin ən böyük media qurumu APA idi, o da üç hərifli idi. Təəssüf ki, indi fəaliyyət göstərmir. Bu məntiqlə yanaşsaq, Kobramedia MİA-dan daha yaxşıdır? Yəni, məsələ saytın adının üçhərifli olub-olmamasından getmir. Razıyam ki, saytlar arasında jurnalistika adına ləkə olanları çoxdur. Amma bunun mənə nə aidiyyəti var? MİA mənim üçün övladım qədər əzizdir. 10 ildə ona çəkdiyim əziyyətlər çox olub. Bu on ildə maddi qarşılıq olmadan işləmişəm, təzyiqlərə məruz qalmışam, təhdid olunmuşam. Bəlkə də kimlərinsə xoşuna gəlmirəm, amma MİA-nın başında olmaq qürurludur. Kim bilməsə də mətbuatın nə olduğunu anlayan, sözü pula satmayan, kimlərinsə qulu olmayanlar bizim kim olduğumuzu yaxşı bilirlər. Məncə, üçhərifli saytın rəhbəri olmaq deyil, kiminsə qoltuğunda olmaq, jurnalistikanı pula satmaq adama sıxıntı verər. Şükür ki, alnımız açıqdır, heç kimin qarşısında gözükölgəli deyilik. Hansısa məqamda geri çəkilmişiksə, güzəştə getmişiksə, fəaliyyətimizə korrektə etmişiksə, bu, dövlətimizin maraqlarını üstün tutduğumuzdan irəli gəlib. Söz və mətbuat azadlığı mənim üçün ən böyük dəyərlərdən biridir, amma dövlət və millət maraqlarından sonra gəlir.   

- Bu gün ümumilikdə, Azərbaycan mediasının durumunu necə dəyərləndirmək olar? 

-Təəssüf ki, bu barədə ürəkaçan nəsə deyə bilməyəcəm. Durumumuz ortadadır. Jurnalistika dördüncü hakimiyyət hesab olunur, amma bizə baxıb bunu demək olmur. Biz ya özümüzü dördüncü hakimiyyət kimi apara bilmirik, ya da bizə bu şansı tanımırlar. İqtisadi müstəqillik bütün sahələrdə önəmlidir. Azərbaycanda media iqtisadi cəhətdən müstəqil deyil. Normal ölkələrdə media ciddi biznes sahəsi sayılır, amma bunu bizdə müşahidə etmək mümkün deyil. Çap mediası KİVDF-dən asılı durumdadır. İnanmıram ki, hansısa qəzet KİDVF-nin dəstəyi olamadan ayaq üstə dura bilsin. Rəsmi maddi dəstək yoxdursa, gərək ki, qeyri-rəsmi dəstək verən olsun. Qəzetlərdə reklam demək olar ki, yoxdur. Satış barədə danışmağa dəyməz. Əgər ölkənin ən aparıcı qəzetləri 2 min tiraj satılmırsa, nədən danışmaq olar. İnkar eləmirəm ki, dövlət qəzetlərə maddi dəstək verir, müəyyən vergi güzəştləri də var, amma bunlara baxmayaraq, çap mətbuatı komadadır. Ölüb demirəm, çünki hələ də mümkün imkanlar daxilində qəzetçilik ənənlərini saxlayan qəzetlər var. Şəxsən mən özümü qəzetçi hesab edirəm və hələ də ümid edirəm ki, çap mətbuatı yenidən dirçələcək.

- Onlayn medianın inkişafı üçün dövlət tərəfindən hansı addımların atılmasına ehtiyac var? 

-İqtisadi asılılıq məsələsi onlayn media üçün də keçərlidir. Doğrudur, çap mediasına nəzərən onlayn mediada reklam bazarı var. Bu reklam bazarının özünün qeyri-rəsmi qaydaları var. Yəni, reklam saytın və ya onun rəhbərinin hansısa çevrələr yaxın olması əsasında verilir. Heç bir dostumuzu nədəsə ittiham eləmək istəmirəm. Hər kəs şəraitə uyğun fəaliyyət göstərir. Lakin bir şey var ki, ayrı-ayrı şəxslərin himayəsinə girməkdənsə dövlətin çətiri altında olmaq daha yaxşıdır. Bu mənada, onlayn mediaya keçid dövrü üçün dövlətin maliyyə dəstəyi verməsi yaxşı olardı. Amma bu dəstək qarşılığında medianın azadlığına məhdudiyyət qoyulmamalıdır. Bu şərtlər əsasında maliyyələşməyə müsbət yanaşmaq olar.

- Rəhbərlik etdiyiniz KİV-in gələcək planları nədən ibarətdir?

-Elə bir uzun vədəli plan yoxdur. Əsas hazırkı dövrdə ayaqda durmaqdır. Hesab edirəm ki, Mia.az-ın kiçik, amma peşəkar komandası 10 il ərzində bunu öhdəsində gəlib. Əminəm ki, daha münbit şərait olsa, missiyamızı daha yüksək formada gerçəkləşdirə biləcəyik. Təbii ki, elə planlarımız da var ki, hələlik o barədə danışmaq istəmirəm. 
 
 

- Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov saytlara maliyyənin ayrılmasıyla bağlı həmişə məsələ qaldırıb, son iclasda isə konkret rəqəm səsləndirdi. Sizcə bu vəsait hansı prinsiplərə görə saytlara verilməlidir?

-Bu məsələ artıq xeyli müddətdir ki, gündəmdədir. Əflatun Amaşovun bu istiqamətdəki cəhdləri müsbətdir. Bir milyon manat ölkədə fəaliyyət göstərən saytlar üçün elə də böyük rəqəm deyil, amma normal prinsiplər müəyyənləşdirilsə, bu vəsaitlə müəyyən işlər görmək olar. Əslində, bununla bağlı bir sıra təkliflər irəli sürülüb. O şərtləri ədalətli hesab etmirəm. Elə sayt var ki, maddi-texniki bazası zəifdir, amma peşəkar jurnalistlər orada cəmləşiblər. İndiyə kimi irəli sürülən təkliflərə görə həmin saytlar kənarda qalacaq. Amma ən yaxşısı o olar ki, peşəkarlıq, ölkə mediasına müsbət töhfə verə bilmək və sair məqamlar nəzərə alınsın. Hər halda, bu məsələ ilə bağlı qərar verməmişdən öncə müzakirələr təşkil olunsa, bütün tərəflərin maraqlarına uyğun ədalətli şərtlər hazırlansa, o zaman onlayn medianın maliyyələşməsinin müsbət nəticələri ola bilər.    

- Həmkarımız olmaqla yanaşı, həm şəhid oğlusunuz... Bu, bəzi mövzularda çox həssas münasibətinizdə, bəzən sərt reaksiyalarınızdan da açıq görünür. Peşənizə mane olmur ki?

-Mən, hislərini işə qarışdırmayan adamam. Verdiyim reaksiyalar da şəhid oğlu olmağımdan irəli gəlmir. Şəhid oğlu olmasam belə, hər hansı bir haqsızlığa, ədalətsizliyə qarşı çıxardım. Təbii ki, şəhid oğlu olmağımın məsələyə daha detallı yanaşmağıma imkan yaradır. Məsələn, şəhid ailələri ilə bağlı hər hansı qərar verilir, o ailələrin əslində, nə qədər əziyyət çəkdiklərini, hansı problemlər yaşadıqlarını bildiyim üçün həmin qərarın yanlış olduğunu ifadə edirəm. Birdəfəlik ödəmələrlə balı yaranan son durum məni çox üzdü. Bununla bağlı yazı da yazmışdıq. Dövlət, gərək, bu prosesi elə təşkil edəydi ki, şəhid ailələri incik düşməyəydi. Hər hansı bir haqsız tələb varsa da, şəhid adına xatir onu ictimailəşdirib ucuzluq etməyəydilər. Belə bir məqamda mənim susmağım mümkün deyil. Hər hansı etirazım olursa da, bunun peşəmə zidd olduğunu düşünmürəm. Zatən ortada olam haqsızlığa qarşı mübarizə aparmaq peşəmizin bir tələbidir. 

İcazənizlə sonda BakuPost komandasına təşəkkür edim. Hazırda hər kəsin başı öz işinə-gücünə qarışıb. Belə bir məqamda Mia.az komandasını yada salmaq, 10 illik yubileyimizi hər kəsdən öncə təbrik etmək bizim üçün çox dəyərlidir. Diqqətinizə görə, təşəkkürlər.

Ali Alpər
BakuPost
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər