Ru
14:51 / 31 Oktyabr 2018

100 valideyn parlamentə müraciət etdi - “Uşaq pulu” bərpa edilsin

5441
Bir qrup valideyn Milli Məclisə müraciət ünvanlayıb. 


BakuPost Faktor.az-a istinadən xəbər verir ki, müraciət "uşaq pulu” ilə bağlıdır. Bildirilir ki, uzun illərdir, ləğv olunan "uşaq pulu” uşaqların say artımına, həm də sağlam qidalanmağına mənfi təsir göstərib. 


"Hazırda gənc ailələrdə bir və ya iki uşaq doğulur. Heç bir valideyn üçüncü uşaq dünyaya gətirmək istəmir. Buna səbəb isə heç şübhəsiz ki, uşaqların qida, ləvazimat və geyimlərinin baha olması, uşaqlar üçün tibbi sığortanın yox dərəcəsində olması, bağçalara, məktəblərə qəbul qaydalarının o qədər də şəffaf olmaması, eynilə də uşaq poliklinikalarında uşaqların qəbulunun və davamlı müayinəsinin pulsuz aparılmamasıdır.


Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə, Azərbaycan alçaqboylu ölkə hesab edilir. 200 ölkə arasında qadınlara görə 113, kişilərə görə 115-ci yerdəyik. Azərbaycan Pediatriya İnstitutunun açıqladığı rəqəmlərə görə, uşaqların boy artımında 6 faiz gecikmə var. Həmin rəqəmlərə görə uşaqların 55 faizi ana südü ilə qidalanmır. Əlbəttə, bu da ümumi inkişafa təsir edən məqamlardandır. Avropada son illərdə insanların boyu 11 faiz artıb. Bizim boyumuz artmaq əvəzinə azalıb. Avropada orta boy 179 sm, bizdə isə 172 sm-dir. Boy artımında gecikmə təkcə fiziki inkişafın zəif olması deyil, həm də əqli inkişafa da təsir edir.


Azərbaycanda uşaqların boy artımında gecikməsinin əsas səbəbi maddi vəziyyəti yaxşı olmayan ailələrdə ananın düzgün qidalanmaması və bu səbəbdən də uşağı ana südü ilə təmin edə bilməməsidir. Həmin valideyn uşaq qidaları almalıdır ki, ölkəmizdə bu qidalar da çox bahadır. Uşaqların inkişafı, sağlam qidalanaraq böyüməsi üçün "uşaq pulu”nun bərpasına ehtiyac var. Sosial vəziyyəti ağır olan ailələrə belə bir yardımın olması təbii ki, böyük dəstək olacaq. Çünki uşaqların aylıq xərcləri kifayət qədər yüksəkdir. Bir çox hesablamalar onu göstərir ki, hətta uşağa yaşlı insandan daha çox xərc tələb olunur. Çünki onun saxlanma şəraiti, xüsusilə yeməkləri, tibbi xərcləri ilə bağlı bir çox xərclərin olması ailələrə böyük maddi yük olur. Valideynlərin əmək haqqından asılı olmayaraq, uşaqların normal qidalanması üçün hər uşağa görə ayda 100 manat verilməli və doğuşa görə birdəfəlik müavinətin miqdarı ən az 1000 manat olmalıdır ki, valideynlər uşaqların doğum xərclərini qarşılaya, onların normal qidalanmasını və sağlam böyüməsini təmin edə bilsin. Bugün hər doğulan uşaq cinsindən asılı olmayaraq sabahın əsgəridir. Sabahın əsgərlərini sağlam və güclü yetişdirmək üçün uşaq pulunun bərpa edilməsi vacibdir”. 


Valideynlər millət vəkillərindən "uşaq pulu”nun bərpasını yenidən gündəmə gətirmələrini istəyiblər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər