50 yaşlı dəliqanlı

583

Natiq Məmmədli
 
"Salam, ay qağa!”- yazıya keçməmişdən qabaq onunla məktublaşmalarıma, mesajlarıma baxdım, hamısı da bu cür başlayır: "Salam, ay qağa!”. Ərinməyib mesajların hamısını bir-bir təzədən oxudum, bütün cümlələrdə bitmiş fikir yer almışdı, bir dənə də olsun orfoqrafik səhv yox idi, durğu işarələrinin hamısı yerli-yerindəydi. O, mənim tanıdığım yeganə adamdı ki, hətta telefonla tələsik göndərdiyi mesajlarında belə xitabdan sonra vergül qoyur. Belə adamlar Azərbaycanda nə qədər olar bilmirəm, hər halda ümid edək ki, barmaqla sayılacaq həddə deyillər. Bu gün isə barmaqla göstərilən Azərbaycan jurnalistlərindən biri, peşəkar redaktor və dəyərli dostum Yusif Rzayevin doğum günüdür, 50 yaşı tamam olur.

Uzun illərdir çalışdığı "525-ci qəzet”in simvollarından birinə çevrilmiş Yusif müəllim haqqında kimdən soruşsan, hamının deyəcəyi bir kəlmə söz var: "Əla redaktordur”. Yazı adamları, jurnalistlər bir qayda olaraq nadir hallarda redaktorları sevirlər, hətta bir çoxları özlərini "ulduz” hesab etdiyindən mətnini redaktora göstərməyi artıq iş sayır. Amma hamı yazısını məmnuniyyətlə Yusif müəllimə etibar edir, başa düşürlər ki, onun düzəlişləri yazının da, müəllifin də xeyrinədir.Azərbaycan dilində gözəl yazmaq, dilin bədii ifadə formalarını dərindın duymaq, çoxlarının unutduğu doğma sözlərimizin tozunu alıb keşiyində dayanmaq Yusif Rzayevin bu dünyada bacardığı gözəl işlərdən biridir, bəlkə də ən gözəlidir. 

"525-ci qəzet” bu gün Azərbaycanın ictimai-mədəni həyatında nə qədər nüfuzlu yerə malikdirsə, bu, həm də onun veteran əməkdaşlarının, o cümlədən Yusif Rzayev kimi redaktorlarının xidmətidir. Qəzetlərin arxivləşdiyi, muzey eksponatına çevrildiyi indiki vaxtda gənclər jurnalistikanın sirlərini təkcə kitablardan yox, bütün həyatı dərs vəsaitini xatırladan insanlardan da öyrənə bilərlər. Yaxşı ki, bu adamlar hələ var, hələ xatırlanırlar və istəsələr də unudula bilməzlər. Guya saytlar çoxaldı deyə qəzetlər dəbdən düşdü, guya sosial şəbəkələr yarandı deyə artıq heç kim kitab oxumayacaq. Özümüzü aldatmayaq, inkişaf eləmiş dünyada qəzet də çıxır, yüksək tirajlarla nəşr olunan kitablar da oxunur. İstəyirsən kağıza yaz, istəyirsən feysbuka yaz, lap istəsən divara yaz, gözəl və istedadlı yazı həmişə dəbdədir. Yaxşı yazının isə həmişə zövqlü redaktora ehtiyacı var, bu baxımdan, əzizim Yusif müəllim, əllidir, altmışdır... yüzdür, bunlar pasport yaşıdır, yəni statistikadır, sizin sənətiniz də, elə özünüzdə həmişə dəbdəsiniz və belə də davam edəcək.

Azərbaycan dilini sevmək elə bu torpağı sevmək deməkdir. Torpaqdan söz düşmüşkən, havası, suyu doğma olan ellərimiz üçün qəribsəyəndə Yusif müəllim kimi adamlarla görüşürəm. Elə qənimət adamlarımız var ki, onlarla sadəcə söhbət eləmək, kəlmə kəsmək kifayət edər ki, Qarabağın nəfəsini duyasan, torpağının ətrini hiss edəsən. Məsələn, mən heç vaxt görmədiyim Şuşanın qarını, dumanını Hikmət Sabiroğluyla danışanda duyuram. Arabir səhərlər "İnşaatçılar” metrosunun qabağında qarşılaşıb salamlaşanda elə bilirəm ki, Bakı Şuşaya çevrilib, biz də səhər çağı bazar meydanında hal-əhval tuturuq. Bir dəfə Rəşad Məcidin yubileyi ilə bağlı yazıda Ağdamdan, Leninin heykəli olan bağdan elə yazmışdım ki, neçə nəfər zəng edib bir sinifdə oxuduğumuzu soruşdu.  Qaladan aşağı, Ağdamla yanaşı dayanan aran Qabağın sözünü-söhbətini isə Yusif Rzayevin şirin ləhcəsindən eşitmək nə qədər xoşdur.Bütün bunlar hamısı dəyərlərdi, elə qiymətli hisslərdi ki, yaşadıqca adamın qəlbini işıqla, sevgiylə doldurur. 

Mən onu bir dost kimi həmişə möhkəm, etibarlı görmüşəm. Onun içində gizlənmiş, ara-sıra boy göstərib, sonradan müdrikcəsinə susan dəliqanlılığı bəzən məni heyrətləndirib. "Sevən vaxtlarım idi...” - tez-tez eşitdiyim sözlərindən biridir. Amma bu sevginin keçmiş zamanda deyilməsini heç cür qəbul edə bilmərəm, inanmıram ki, onun sevməyən vaxtları olsun. Çünki biz: dostların, doğmaların, şagirdlərinSİZİ sevirik. Yarım əsirlik yubileyin mübarək, əziz dost! Həmişə vergülü, nidası yerində olan xoş sədanı eşidək - "Salam, ay qağa!”.

 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər