Ru
10:11 / 03 Noyabr 2017

62 yaşlı direktoru əxlaqsızlığa sürüyən səbəb

1879
 

Ömər Xəyyam 

 

Xaçmazda 62 yaşlı Gülməz Alxasov 6-cı sinifdə oxuyan qızı kabinetinə çağırıb və dodağından öpüb. Hadisəni həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb. Adı açıqlanmayan məktəbli qız bu hadisəni anasına danışıb. Sonra... sonrası nə ola-ola...


İki gün əvvəl 53 nəfərin ölümündə təqsirli bilinən və 12 ildən sonra edam edilən pedofil Andrey Çikatilo haqda yazmışdım. Çikatilo avtobusda, qatarda uşaqlara yaxınlaşırmış, şirni-saqqızla aldadıb aparırmış meşəyə. İns-cins olmayan bir köşə tapıb, başlayırmış "öpməyə”. Məsələ bu ki, Çikatilo da müəllim idi. Özü də filoloq. İlk dəfə 16 yaşlı şagirdinə təcavüz edib. Elə sinifdə. Orasına-burasına əl atıb, səs-küy, alınmayıb.


Bəlkə də Gülməz müəllim də bu yazını oxuyub, enib yaddaşının dərinliklərinə...


Hamının psixoloji travması var. Yatmış vulkan kimidir travma. Ya oyanacaq bir gün, ya içimizdə gömüləcək əbədiyyətə.


Məqam olur, ani bir məqam, tərpədir illərin lava yuvasını. İndi direktora qızın hansı hərəkəti, mimikası təsir edib, bilmirəm. Təbii, azyaşlı şagirdin burda zərrəcə günahı yoxdur.


İnsan psixoloji travmaların məhsuludur. Gülməz müəllimi vəcdə gətirən ştrix onun yaddaşında ilişib qalmış travmanın üstünə benzin olub.


Ya valideyndən, ya cəmiyyətdən, ya da hələ məktəbli olanda, bəlkə də əsgərlikdə alıb travmanı. İllərlə gəzdirib, direktor olub, sonra nə olubsa, olub.


Bu şüurda baş verən prosesə barmaq eləmək çətindir və çətin olduğu qədər dərindir. Sən indi oxuyursan və "Bu nə hoqqadır? Hərə bir əclaflıq edib, adın travma qoysun? Hamıda var da travma!” - düşünürsən, amma xəbərin yoxdur ki, sənin reaksiyan elə travmanın sığortasıdır.


Travma yaşamağın özüdür. Bunu zədə, ağrı kimi yox, ümumi yaşamın, ömrün adı kimi qəbullanmaq gərək. Travma – sənsən, travman nədisə, sən osan: itirdiklərin, qazandıqların, yediklərin, ömrüncə eşitdiklərin, gördüklərin, etdiklərin.


İnsan yaddaşdan ibarət psixoloji varlıqdır.


1970-ci ildə Rusiyada həbs olunan amansız cinayətkar bütün cəsədlərin gözünü ovurdu. Özü isə eynəkli idi. Doğuşdan gözünün biri çəp, biri də zəif olub. Dərsdə-çöldə hamı məzələnib, hamı lağ edib. Sonra böyüyüb olub pedofil. Sonra da... sonrası nə ola-ola.


Onu deyirdim axı, Gülməz müəllim 62 ildən sonra bunu edibsə, hələ bilmək olmaz, sən nə edəcəksən.


O qız ki var - Gülməz müəllimin öpdüyü, - bax bu öpüşlə Gülməz müəllim ona travma verdi, bu, ağrılı xatirə bir gün hansısa formada zühur edəcək. Ya bir direktoru öldürəcək, ya birinin penisin kəsəcək qadın... Ya da heç vaxt enməyəcək yaddaşının bu qaranlıq, ağrılı yerinə. Könül istər, elə bir qığılcım olmasın ki, yaddaşında bu travmanı alışdırsın nə vaxtsa bu qızın.


Sonra da xəbər çıxacaq ki, "Bakıda qadın...”


Sonra hamı hoydu-hoyduya götürəcək, sonra bu haqda kimsə yazacaq, sonra da sən kimi biri oxuyub deyəcək, nə dəxli var, hamının travması var da!


Nə etməli?


Dünyanın elə vaxtıdır ki, hər gün baş verən iqtisadi-siyasi, sosial-ictimai proses birbaşa fərdin yaşam prosesinə təsir edir. Dünyanın o başında qalxan neft qiyməti, dünyanın bu başında sürücüyə, onun ailəsinə, övladının təhsilinə təsir edir.


Hər küçədə, hər evdə bir Gülməz müəllim var.


Psixoloji travma birinci ailədə yaranır. Ər-arvad arasındakı umu-küsü, söz-söhbət. Ya ki uşağı qayğıdan əlil etmək ilən. Olur, qohum-əqrəbanın, qonum-qonşunun "bi şeymi var?” sualından bezikib bir uşaq düzəldir valideyn. Qadın var doğur, qadın var balalayır. Sevgidən yaranmayan övlad ailədə katalizator rolunu oynayır. O, ata-ana həya-abır edib ayrılmasın deyə vasitəyə çevrilir.


Sonra böyüyür, mənəvi-psixoloji böhrana düşür. Ya maddi sıxıntı, ya psixoloji gərginlik içindəki travmanı qıcıqlandırır. Travma başlayır yanmağa və adam dönüb olur Gülməz.


Sevgi ilə, qayğıdan bol ailədə böyüyən, insani dəyərlərin ali məqamda qorunduğu mühitdə formalaşan uşaq insanlara GÜLƏCƏK.


Teatr qarderobdan, gələcək ailədən başlayır.


Baxıb gülsək də, Gülməzi biz yaratmışıq. Adam xəstəyə gülməz.


Kitab nə deyir? – Uşaq ailənin güzgüsüdür. Sən ona gülməsən, o da Gülməz.


Olur, uşaq ailədə yox, kənarda – böyüdüyü mühitdə alır travmanı. Bəzən insanı cəmiyyət Gülməz edir. Bu mühiti də biz formalaşdırmalıyıq.


Dünyada ən böyük ölçü vahidi uşaqların balaca toppuş əllərini açıb "bu booytda yekə çox” dedikləri qədərdir. Uşaqlarınızdan sevgini əsirgəməyin. Bir qucaqlıq sevgiyə möhtac uşaq bir adamlıq sevgiyə qıyır sonra.


Mən demirəm Gülməz müəllim haqlıdır. Əsla! Deyirəm, olan olub, keçən keçib, indi daha kövrəlməyin yeri yox. Gəlin, insanın Gülməzə dönməsinə zəmin yaratmayaq. Adamı Gülməz edən hər nə varsa, məhv edək. Bunun bir yolu var: Maddi-mənəvi, bioloji, psixoloji sevgi bolluğu.


Gülməzə gülmə, Gülməzə hirslənmə. Uşağını qucaqla, böyüt, maddi-mənəvi sevgiyə tut, maddi çətinlikdən azad et, işıq tut böyüyəcəyi məmləkətin qaranlıqlarına, yoxsa gülməz.


Sən özün də Gülməz yaratmısan. Ya işdə, ya universitetdə, ya əsgərlikdə, ya məktəbdə... Ya da ailəndə... Bir gün çıxacaq qarşına, deyəcək, güldür məni...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər