Ru
13:08 / 19 Noyabr 2018

Abel Məhərrəmov YAP-dan çıxarıla bilər? - Hələ istefa ərizəsi yazmayıb

6132
İspaniyada dini mövzuda keçirilən tədbirlə əlaqədar səfər zamanı təyyarəyə şərab çəlləkləri yüklətməsi, Madriddə oteldə içkili vəziyyətdə dava-dalaş salması və daha sonra dövlət başçısının sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən azad edilməsi ilə gündəm olan Abel Məhərrəmovun təmsil olunduğu hakim Yeni Azərbaycan Partiyasında (YAP) gələcək taleyi maraq doğurur. 


BakuPost-un bu istiqamətdə araşdırması maraqlı məqamları ortaya çıxarıb. 


A. Məhərrəmov YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Siyasi Şura və İdarə Heyəti qurultaydan sonra partiyanın əsas rəhbər orqanlarıdır. Siyasi Şura qurultay, İdarə Heyəti isə Siyasi Şura tərəfindən formalaşdırılır. Sabiq rektor həm də YAP Yasamal rayon təşkilatının Şura üzvüdür. 


Partiya Nizamnaməsinə əsasən partiya üzvü partiyanın nüfuzu qayğısına qalmalı, partiya intizamına riayət etməlidir. Nizamnamənin 7-ci maddəsinə əsasən,  partiyanın üzvləri bu Nizamnamənin müddəalarına əməl etməyə və onun rəhbər orqanlarının qərarlarını yerinə yetirməyə borcludurlar.  Sözsüz ki, A. Məhərrəmov son davranışı ilə tələb pozub. Bu tələblər yerinə yetirilmədikdə, ilk partiya təşkilatı və partiyanın digər rəhbər orqanları tərəfindən onların haqqında partiya üzvlüyündən azad edilməyə qədər intizam tədbirləri görülə bilər. Ancaq A. Məhərrəmovla bağlı bu məsələdə incə nüans var. Məsələ ondadır ki, Nizamnamənin 8-ci maddəsinə əsasən YAP üzvünün partiyadan xaric edilməsi haqqında qərar ilk partiya təşkilatı tərəfindən qəbul olunur. İlk təşkilatın qərarı rayon (şəhər) təşkilatlarının İdarə Heyəti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Lakin  yuxarı partiya orqanlarına seçilmiş YAP üzvləri ancaq həmin orqanların razılığı ilə partiyadan xaric oluna bilər. Rayon (şəhər) partiya təşkilatının Şura üzvlərinin partiyadan xaric edilməsi haqqında qərar YAP İdarə Heyətində təsdiq olunmalıdır. 

 

Картинки по запросу abel məhərrəmov


A.Məhərrəmov YAP Siyasi Şurasına qurultay tərəfindən seçilib. Deməli, Siyasi Şuranın sabiq rektoru partiyadan xaric etmək səlahiyyəti yoxdur. Partiyanın növbəti qurultayında onun haqqında belə bir qərar qəbul edilməsinə gəlincə, Nizamnaməyə əsasən partiyanın qurultayı 4 ildən bir keçirilir. Partiyanın son qurultayı isə bu il fevralın 8-də keçirilib. Düzdür, zəruri hallarda Siyasi Şuranın və ya partiya üzvlərinin üçdə birinin tələbi ilə növbədənkənar qurultay çağırıla bilər. Ancaq akademikin partiyadan xaric edilməsi üçün qurultay çağırılması inandırıcı sayılmır. İndiki halda gözlənilən addım  A. Məhərrəmovun istefa ərizəsi ilə müraciət etməsidir.  


BakuPost məsələ ilə əlaqədar YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədova zəng açıb. T. Əhmədov sualı dinləsə də, hazırda iclasda deyərək suala cavab verməkdən yayınıb. 

 

YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevdə də A. Məhərrəmovun istefa ərizəsi ilə partiyaya müraciət etməsi barədə məlumat yoxdur. 


Xatırladaq ki, noyabrın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib. Bundan əvvəl mətbuatda A. Məhərrəmov və səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesi ilə məşğul olduğu, noyabrın 3-də Madriddə dini tolerantlıq mövzusunda təşkil edilən tədbirlə bağlı bu ölkəyə səfər zamanı nümayəndə heyətinin olduğu təyyarəyə şərab çəlləkləri yüklədiyi barədə xəbər yayılıb. Eyni zamanda A. Məhərrəmovun Madriddə içkili vəziyyətdə tədbirə qatıldığı yazılıb. Məhz bu xəbərin yayılmasından az sonra A. Məhərrəmovun vəzifəsindən azad edilməsi barədə sərəncam imzalanıb. BDU rektorunun vəzifəsindən azad edilməsindən sonra universitetdə prorektorların, dekanların vəzifəsindən azad edildiyi, həbslərin başladığı barədə də xəbərlər yayılmaqdadır.


Çingiz

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər