“Arif Hacılı iqtidara işləyənlərlə pivə içir... Əli Kərimli dəlilik edir” – Rauf Arifoğlu

"Azərbaycan tarixində ilk dəfə idi ki, ölkəmizin müxalif bloku olan bir təşkilat başqa bir ölkənin paytaxtında qurulurdu. Rəhbəri də tam və açıq halda siyasi formada ixrac olundu. Beləcə, İctimai Palatanı dağıtdılar və Milli Şura qurdular. Müxalifətin prezidentliyə vahid namizədi olaraq, Rusiya vətəndaşı təklif edilirdi. İflas bəri başdan aydın idi və bütün müxalif düşərgəni oyuna saldılar. Doğrudur, hörmətli Rüstəm İbrahimbəyov şəxsən məni Milli Şuraya dəvət də elədi. Bu dəvəti mediada da çap etdirdi. Amma mən getmədim. Gücüm yalnız özümə çatdı. Bir də imkanım daxilində, prosesi ifşa etməyə çalışdım. Amma Cəmil Həsənlini dəstəklədim - o dəstəyə layiq deyildi, çox nanəcib bir adamdır; lakin proses elə gətirdi ki, biz ən zəif fiqurlarla yarışmağa məhkum edildik... Ondan sonra isə müxalifətin elə bir namizədi olmadı ki, mən onu dəstəkləyim”.

Bu sözləri "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu "Publika” saytına verdiyi müsahibədə müxalifət düşərgəsindən ayrılması barədə sualları cavablandırarkən deyib.
 
O, Müsavat Partiyasından ayrılmasından sonra partiyaya aid informasiyaların getməsinə niyə qadağa qoymasıyla bağlı suala belə cavab verib: "Partiyadan çıxandan sonra onların başsağlıqlarına qədər, bütün informasiyalarını qəzetimizdə və saytımızda verirdim, tədbirlərini ən səviyyəli və həcmli halda işıqlandırırdım. Heç bir problem yox idi. Təsəvvür edin, biz Müsavat Partiyasının bütün informasiya yükünü daşıyıb aparırıq, tədbirləri olur, yazırıq, mitinqləri olur, reportajlar hazırlayırıq... Ana səhifədən, özü də təmənnasız veririk. Liderləri müdafiə edən köşələr yazırıq, Müsavatı kiçik düşürən Əli Kərimli güruhu ilə savaşırıq... Bir də baxdıq ki, partiyanın yeni rəhbərliyi Kərimli zombilərinə qoşulub, sosial şəbəkələrdə bizi söyür, təhqir edir. Yalnız bundan sonra Müsavat Partiyası haqqında məlumatların bizdə yayımlanmasını dayandırdıq.

Yeni sədr Arif Hacılı ağıllı və ölçülü siyasət aparsaydı, mənimlə də, "Yeni Müsavat”la da münasibətləri qoruyub saxlaya bilərdi. Müsavatın yeni rəhbərliyi isə bizi itirdi, düşmənçilik həddinəcən gəldi. Mən müəyyən tədbirlərdə müşahidə eləmişəm.
 
Arif Hacılı vaxtilə hərəkatda olmuş, indi deputat olan və birmənalı şəkildə iqtidarın yanında olan, tapşırıq olanda bunların özünü də parlament tribunasından, televiziyalardan söyən insanlarla pivə də içir, çaxır da vurur, yan-yana, qol-qola da durur, zarafat da edir. Amma mənimlə küsülüdür. Mən öz-özümə məəttəl qalıram ki, axı bu adam eyni modeli bizimlə də eləyə bilərdi. Tədbirlərin birində onun bu halını müşahidə etdim, əvvəl müxalifətdə olan iki iqtidar yanlısı deputatla çox səmimi idi, bərabər "hörtlədirdilər", çıxanda yanımdakılarla görüşdü, mənə də əl uzatdı, amma salamını almadım.
 
Sonradan bunun əzabını da yaşadım, amma bu, oradakı situasiyaya, keçmiş türmə yoldaşıma, dost bildiyim adama bədənimin və zehnimin reaksiyası idi. Əlim qalxmadı, onun da əli havada qaldı... Sən 23 illik partiya yoldaşınla, 13 ay bərabər çörək kəsdiyin türmə dostunla düşmənçilik elə, ətrafındakılara onu söydür, təhqirlər yağdır, xeyrində - şərində iştirak etmə, amma səni və düşərgəni hər fürsətdə qaralayan, iqtidarın siyahısı ilə deputat olanlarla pivə iç, qol-qola gəz, de, gül. Çıxarkən də bir lütf edərək, bizə də əl uzat... Tək məni yox, qəzetin bütün yazarlarına qarşı belə davrandılar. Bu, siyasətçi davranışı deyil! 20-22 ilini Müsavat Partiyasına həsr edən, ömür boyu hakimiyyətin əleyhinə yazan tanınmış yazarlarımız bu haqsızlığa dözmədilər və partiyadan getdilər. Bir məqamı da deyim. 28 ildir "Yeni Müsavat” qəzetinin baş redaktoruyam. Məndə dəyişən bir şey yoxdur. Amma onlarda şanslar dəyişib. Mən orda olanda müxalifət + "Yeni Müsavat” + Rauf Arifoğlu var idi, mən getmişəm, müxalifət – "Yeni Müsavat” – Rauf Arifoğlu nəticəsi göz önündədir. Artıq belə bir ruporları və media ayaqları yoxdur. Çöküş göz önündədir”.

R. Arifoğlu müsahibəsi zamanı AXCP sədri Əli Kərimliyə qarşı da ittihamlar səsləndirib, onu "dəli” adlandırıb: "Arif Hacılı da, İsa Qəmbər də bura - "Yeni Müsavat”ın redaksiyasına dəfələrlə gəliblər və nə deyiblərsə, stenoqram şəklində çap etmişəm. İkincisi, Arif Hacılı nə radikal çıxış edir ki? Siz onun hansı radikal çıxışından danışırsınız? Onun Müsavat Partiyasının başqanı mandatına uyğun heç bir çıxışı yoxdur. Amma Əli Kərimli radikal çıxış edir. Bu isə ifrat radikallıqdır. Bu, artıq siyasət deyil, dəlilikdir. Siyasətçi çıxışında da, hərəkətində də, partiya quruculuğunda da ölçülü-biçili olmalıdır. Elə olmalıdır ki, Kəramət, Rauf, Məmməd, Cəfər gedib onun yanında dura bilsin və onun yanında duranda nəyi var, itirməsinlər. Əgər sən bu səviyyədə çıxışlar edəcəksənsə, şübhəsiz ki, vitrinini dağıdacaqlar.
 
  Əli Kərimlinin ağlı olsaydı, partiyasını, ən qiymətli adamlarını və müxalifətçilik təsisatını o vəziyyətə qoyardı? Müxalifət təsisatını o qədər zibilləyiblər ki, üfunətdən onlara yaxın durmaq olmur. Əslində isə partiya sistemli bir təşkilat olmalı idi. Sizcə, qarşı tərəf, hər hansı bir iqtidar bu cür amansız, cəmiyyətə düşmənçilik toxumu yayan rəqibi ilə başqa nə cür davranmalı idi? Və Əli Kərimli bir şeyi də anlamır ki, Qərb paytaxtları da, Moskva da cəmiyyətə bu cür düşmənçilik toxumu səpən, radikallıq yayan siyasi İŞİD-çiləri hakimiyyətə buraxmaz. Heç onların siyasi alternativ olmasına belə imkan verməzlər. Necə ki, vermirlər. Çünki onlar hakimiyyətə gəlsə, Azərbaycan qarışar, proqnozlaşdırılmayan proseslər olar, ölkə ərəb dövlətlərindən də bərbad vəziyyətə düşər... Qərbə və Rusiyaya sadəcə, onların mövcud olması, gərək olanda, indiki hakimiyyətə qarşı təzyiq rıçağı kimi istifadəsi lazımdır”.

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

18 Noyabr 2017
17 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər