Astarada güclü sel sitrus bağlarını yuyub apardı - VİDEO

Cənub bölgəsinə düşən leysan yağışlar Astarada ciddi fəsadlara yol açıb.
 
BakuPost.az-ın APA TV-ə istinadən məlumatına görə, güclü sel Astarada piyada körpülərinə ciddi ziyan vurub.
 
Daşqınlar çay ətrafında yaşayan vətəndaşların sitrus bağlarını yuyub aparıb, yaşayış evlərini təhlükə ilə üz-üzə qoyub. Rayonun Şiyəkəran kəndi ərazisində Pensər çayının üzərindəki iki piyada körpüsü qəzalı vəziyyətə düşüb. Sakinləri əsas narahat edən məsələ havaların soyuması və məktəblilərin böyük məsafəni piyada qət etmələridir: "Camaatın kəndin o tərəfindən bu tərəfinə gediş-gəlişi xeyli çətinləşib. Hər il bu sel olardı, amma bu il çox ziyan vurub. Çətinliyimiz odur uşaqlar gedib-gələ bilmirlər, əlavə qıraq körpüdən gedib gəlirlər".
 
Məktəbli Turan Əliyev isə hər gün dərsə gecikdiklərini gizlətmir: "Bizim bu istifadə etdiyimiz körpü hazırda dağınıq vəziyyətdədir. Buradan keçib 15 dəqiqəyə məktəbə çatardıq, indi isə o biri körpüdən bir saata çatırıq, müəllimlər bizi danlayır. 5-10 dəqiqə gecikirik məktəbə".
 
Sakinlər deyir ki, belə bir vəziyyət sonuncu dəfə 30 il öncə müşahidə edilib. Daşqınlar zamanı çayda suyun səviyyəsi 5 metrdən çox artıb. Pensər çayının sahilində yaşayanlar üçün təhlükə hökm sürməkdədir. Kənd sakini Səməd Səmədovun sözlərinə görə, torpaq sürüşməsi səbəbindən bir ailə ötən il evini sökərək kənddən köçüb. Hazırda bir neçə ev üçün də təhlükə yaranıb: "Evi tikəndə orada məsafə çox idi, yoxsa bu vəziyyətdə olsaydı, orda ev tikməzdim. Evi tikdik, sel gəldi başladı aparmağa. Həyət böyük idi, yuyub aparıb, az qalıb evə, görürsünüz".
 
Məsələ ilə bağlı müraciət etdiyimiz Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev bildirib ki, problemdən agahdırlar. Şiyəkəran kəndində iki piyada körpüsü ilə yanaşı, avtomobil körpüsü də qəzalı vəziyyətdədir. "Bu hal sürücülər üçün əsl təhlükədir" deyən İlqar Malıyev vurğulayıb ki, yaranan fəsadlarla bağlı akt tərtib edilərək müvafiq qurumlara göndərilib.
 

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər