Avtomobillərin dövlət qeydiyyat nişanlarının standartı açıqlandı - FOTO

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 599-2015 "Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” dövlət standartının tələblərini açıqlayıb.

Komitədən BakuPost.az-a verilən məlumata görə, adıçəkilən dövlət standartı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilib və 11 noyabr 2015-ci il tarixindən qüvvəyə minib.

Bu standart avtomobil, avtobus, motosikl, motoroller, motoaraba, traktor və avtomobil traktor qoşqularının, eləcə də onlara bərabər tutulan nəqliyyat vasitələrinin tanınması üçün istifadə olunan dövlət qeydiyyat nişanlarına şamil olunur.

Standarta əsasən, dövlət qeydiyyat nişanları bir və iki sıralı olmaqla 4 tipə bölünür. Bir sıralı I tip – avtonəqliyyat vasitələrinə (şəkil 1), iki sıralı II tip – avtonəqliyyat vasitələri və onların qoşqularına (şəkil 2), iki sıralı III tip - I tip nişanların tətbiqi mümkün olmayan avtomobillər, hərəkət sürəti 20 km/saatdan artıq olmayan elektrik mühərrikli avtomobillər, hərəkət sürəti 30 km/saatdan artıq olmayan daxili yanma mühərrikli nəqliyyat vasitələri, traktorlar və onların qoşqularına (şəkil 3), iki sıralı IV tip - motonəqliyyat vasitələrinə (şəkil 4) aid edilir.

Standartda "ağ fon”lu dövlət qeydiyyat nişanları ilə yanaşı, "göy fon”lu nişanlar, avtonəqliyyat vasitələrinə müvəqqəti olaraq verilən "tranzit” nişanları, fəxri konsulların nəqliyyat vasitələrinə verilən "qırmızı fon”lu nişanlar, diplomatik nümayəndəliklər və konsulluqların, diplomatik nümayəndələrik statusuna malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə verilən "qırmızı fon”lu nişanlara olan tələblər də əks olunub.

Standarta əsasən dövlət qeydiyyat nişanında 21x42 mm ölçüdə Azərbaycan Respublikasının üçrəngli bayrağı düzbucaqlı şəkildə həkk olunur.

Dövlət standartının tələbləri məcburidir.



Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

18 Noyabr 2017
17 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər