Aynadakı Elçin Şıxlı

                                                                                                                                                                                    Qulu Məhərrəmli 

Tarixdən qopub gələn belə bir hikmət var ki, dövlətin diriliyi onun ədalətində, millətin diriliyi elmində, toplumun diriliyi isə mənəviyyatca güclü şəxsiyyətlərindədir. Bizim cəmiyyətə münasibətdə sonuncu məqam haqqında düşünəndə gözümün önündən, sayı çox olmasa da, maraqlı şəxsiyyətlər gəlib keçir və Elçin Şıxlını bu parlaq adamlar sırasında görürəm. Təkcə ağlına, savadına, bacarığına görə yox, həm də mənəvi gücünə, dəyərlərə tapınmağına, həqiqətə sadiqliyinə, öləziməkdə olan ziyalı mühitini diri saxlamaq cəhdlərinə görə.  
                   
Azərbaycanın ictimai-siyasi və mədəni həyatında iz qoymuş adlı-sanlı bir nəslin övladı kimi Elçinin həyatda ikiqat missiyası var. O, bir tərəfdən çiyinlərində İsmayıl Şıxlının oğlu olmaq kimi mənəvi yükün məsuliyyətini daşıyır. Digər tərəfdən də özü bu nəsildən şaxələnmiş yolun ayrıca yolçusu, şəcərənin göz önündə olan parlaq təmsilçisidir. Amma yol eynidir, Əlağa Şıxlinskidən, İsmayıl Şıxlıdan uzanıb gələn yoldur. Uzun əsrlərdir ki, zamanın fırtınaları ilə üz-üzə gələn bu yol kişilik, mərdlik və əxlaq sıldırımlarından keçir. Yüz illərdir ki, bu yolu  milli ruhun qığılcımları şölələndirir. İllər və əsrlərdir ki,  bu yolun enişi də, yoxuşu da milli düşüncədən, milli qayə və milli əxlaqdan qaynaqlanır. Buna görə də cəmiyyətin Elçin Şıxlıya ehtiramı təkcə onun məşhur soyadı daşıması ilə bağlı deyil, həm də dediyimiz bu milli düşüncə və milli ruhu qidalandıran mənəvi dəyərləri ləyaqətlə təmsil etməsindədir.
                                                          *  *  *
2006-cı ilin sentyabrında Polşanın kiçik kurort şəhəri Krınitsada demokratiya, sosial tərəqqi və media məsələləri üzrə ənənəvi beynəlxalq forum keçirilirdi. "Kiçik Davos” adlandırılan bu forumda E.Şıxlı ilə hərəmizin bir bölmədə məruzəmiz var idi. Mən Qarabağ münaqişəsinin, Elçin isə neft mövzusunun mediada işıqlandırılması problemlərindən danışmalı idik. Mənim mövzuma yalnız Ermənistan və bir az da Rusiya nümayəndələri maraq göstərirdilər. Elçinin məruzə etdiyi zala isə az qala forum iştirakçılarının yarısı toplaşmışdı. Hər halda söhbət Avropanın ciddi maraq göstərdiyi Xəzər neftindən gedəcəkdi. Elçinin samballı məruzə edib, sonra verilən sualları ingilis və alman dillərində cavablandırmasını bir yana qoyuram, amma çexiyalı moderatorun onu çıxışa dəvət edərkən "indi də məruzə üçün Cənubi Qafqazın ən populyar rusdilli qəzeti olan  "Zerkalo”nun redaktoru Elçin Şıxlıya söz verilir” təqdimatı heç yadımdan çıxmır.
   
Həmin dövrlərdə "Zerkalo”, həqiqətən çox populyar mətbu orqan idi, onun materialları təkcə Cənubi Qafqaz respublikalarında deyil, Rusiyada və MDB-nin bir çox ölkələrində də oxunur və istinad edilirdi. Beynəlxalq qurumların mediaya dair toplantılarında gürcü və erməni jurnalistlərinin "Zerkalo”nun populyarlığı, ideya istiqaməti və peşəkar səviyyəsi barədə həsədlə danışmasının şahidiyəm. Bir çox istedadlı jurnalistlərin çalışdığı bu qəzet, həm ölkəmizin ictimai-mədəni həyatını dolğun işıqlandırır, həm də informasiya müharibəsinin ön cərgəsində Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Qarabağ problemi, Xəzər nefti və Cənubi Qafqazın geopolitikası qəzetin aparıcı mövzularından olduğundan ona xaricdə də maraq çox idi.
   
"Zerkalo” püxtələşib populyarlığını artırdıqca Elçin Şıxlının da şəxsiyyəti diqqət mərkəzinə gəlirdi. İsmayil Şıxlı ocağından qor götürmüş bir qələm sahibinə ictimai maraq getdikcə artırdı. Milli düşüncəsi, ictimai mövqeyi, prinsipiallığı, ciddi məsələlərdə dirəniş göstərməsi, nəfsinə hakim ola bilməsi, içindəki ədalət hissi, yazılarındakı yeni ruh Elçini iri plana gətirirdi. Düzdür, Elçin bəziləri kimi tez-tez  şəklini qəzetə qoyub davamlı və nədən gəldi yazmırdı, təbiətinə xas olan bir ağırlıqla yalnız çox ciddi problemlər olanda qələmə sarılır, yazılarında şəxsiyyəti görünən publisist kimi  "Redaktor sütunu”nu ortaya qoyurdu. Etik hədləri həmişə  gözləyən baş redaktorun sayəsində "Zerkalo”  ictimai həyatımızdakı müxtəlif nöqsanları da, heç kimin ruhunu incitmədən tənqid edirdi. Qəzet kimsədən asılı deyildi, müstəqil idi, odur ki, "vətən abadlığı, millət səlamətliyi, dövlət intizamı və bir də istiqlal” (Ü.Hacıbəyli) naminə hər şey barədə dürüst yazırdı. Məhz dürüstlüyünə görə də bu qəzet mediamızın üz ağlığına çevrilmişdi. Sonralar ölkə mətbuatının patriarxı Hacı Hacıyevin Elçini Azərbaycan Jurnalistlər birliyində (AJB)  öz varisi kimi qəbul etməsində bu amil də ciddi rol oynadı.
     
E.Şıxlı  bütün varlığı ilə "Ayna” - "Zerkalo” qəzetinin siması, onun aydın görünən  dəsti-xətti idi. O, bütöv şəxsi xarakteri, yüksək intellekti, bacarığı sayəsində bir redaktor və menecer kimi  müstəqillik dövrü tariximizdə "Zerkalo”nun simasında, sözün tam mənasında, milli ənənələrə söykənən çağdaş bir qəzet yarada bilmişdi. Bu mənada başdan-ayağa milli qəzet olan "Zerkalo”nu ötən əsrin əvvllərində Əlimərdan bəy Topçubaşovun nəşr etdiyi  "Kaspi” ilə müqayisə etmək və aralarında ideya yaxınlığı axtarmaq  tamamilə məntiqlidir. O dövrdə əzilən xalqın dərdini, harayını, o cümlədən alovlanmaqda olan erməni-müsəlman münaqişəsinin əsl mahiyyətini  "Kaspi” qəzeti rus dilində yazıb bəyan edirdi, əsrin sonunda isə bu milli missiya "Zerkalo”nun boynuna düşmüşdü. Yəni "yüz illik zaman fasiləsindən sonra "Zerkalo” M.Ə. Topçubaşovun "Kaspi”sinin özünəməxsus mənəvi davamı idi və hər ikisi milli dərdin carçısı, milli taleyin aynası idi” (C.Həsənli).  Ayna isə o zaman millilik və mötəbərlik qazanır ki, gerçəyi təhrif etmədən, düzü-düz, əyrini-əyri göstərmiş olsun. Qəzetçilikdə çox şey, o ayna sahibinin şəxsiyyətindən, mənəvi gücündən, niyyət və idealından, orada necə görünməsindən asılı olur. Bu baxımdan E.Şıxlı "Zerkalo”nun aynasında, indi olduğu kimi, bütün tərəflərdən çox parlaq görünürdü.  Təbii ki, bu görüntüyə hamı sevgi ilə baxmırdı, ondan qıcıqlananlar, onu qısqananlar, qəzeti hər andaca boğmağa hazır dayanmış, "dikbaş” redaktora dərs vermək üçün pusquya yatmış milli  nadanlar da var idi…                                                         
                                                       *  *  *
 Dünyanın düz vaxtı yaxşı görünmək olar, amma adamın əsl xarakteri çətin, böhranlı anlarda üzə çıxır. Qəzetçilik təcrübəsində E.Şıxlı və onun rəhbərlik etdiyi qəzetin istedadlardan ibarət kollektivi çətin situasiyalarla çox üzləşmiş, çox zərbələrə sinə gərə bilmişdi, lakin 2014-cü ilin yayında şahə qalxan axırıncı dalğanın gücü heç Rixter  şkalası ilə də ölçüyə gəlməyəcək dərəcədə güclü idi. Artıq hadisələrin episentrində qorxunc siyasi təkanlar cövlan edirdi: qəzetin aparıcı əməkdaşı Rauf Mirqədirov "dövlətə xəyanət” kimi uydurma ittihamla həbs olunaraq Ankaradan Bakıya gətirilmişdi. Jurnalist cameəsi belə şey görməmişdi. Odur ki, "Zerkalo”nun uzaqvuran topunun müəmmalı həbsi xeyli suallar doğururdu. Xüsusən həmin ərəfədə (elə indi də) bəzi məmurlar və onların əlinə baxan media qurumlarının məqsədli şəkildə "xainlər, satqınlar, agentlər, xaricə işləyənlər, inqilab etmək istəyənlər” və s. mövzuda diskussiya açmaları diqqətdən yayınmamışdı. O da aydın görünürdü ki, bu kampaniyada əsas məqsəd "Ayna”-"Zerkalo” kimi öz yolu ilə gedən qurumlara təzyiqləri artırmaqdı. Hadisələrin gedişatı göstərdi ki, Mirqədirovun həbsi həmin kampaniyanın tərkib hissəsi imiş.
 Bir qələm adamının (nə qədər kəskin yazsa belə) tutulmasının motivinin qaranlıqlardan qaynaqlanmasına baxmayaraq, bu məqsədli həbs, həm də bir qəzet redaktorunun əsl kişilərə xas olan xarakter və davranışını da ortaya qoydu. İstintaqı o vaxtkı MTN-in aparmasının xeyli qorxu mühiti yaratmasına baxmayaraq, Elçin Şıxlı jurnalistin günahsız olduğunu bəyan etməkdən çəkinmədi. O, bəzi saytlarda R.Mirqədirovun "keçmiş işçi” kimi təqdim olunmasına da etiraz etdi. Bildirdi ki, Rauf "Ayna”-"Zerkalo” qəzetinin işçisidir, kollektiv onu tam dəstəkləyir və mən də sonacan onun arxasında duracağam”. Elçin sona qədər sözünün üstündə durdu. Düzdür, "Zerkalo”nu çoxdan qaralayanlar qəzetin bağlanmasına nail oldular, amma onun qamətini həmişə dik saxlayan baş redaktorunu sındıra bilmədilər. Əlbəttə, hamımızın həyatında bu və ya başqa formada güzəştlərimiz olur, bəlli həddə qədər. Ləyaqət məsələsi olan yerdə Elçin bu xətti keçmir. 
Odur ki, həmin olaylarda Elçin milli marağa söykənən ictimai mövqe və düşüncəsindən bir addım da geri çəkilmədi, həftəlik "Ayna”nı buraxdı,  amma kağız üçün resurslar  tükəndi və bu dəfə biz  hamılıqla virtual aləmə - ayna.az saytına üz tutduq...
                                                  *  *  *

İndi biz dostlar –Elçin Şıxlı, Arif Əliyev, Rafiq İsmayılov, İbrahim Nəbioğlu və mən həmin sayt və  saytin təəssübkeşi olan yüzlərlə səmimi insanla virtual ünsiyyətdəyik, amma özümüz də davamlı bir yerdəyik. Tez-tez fikir mübadiləsi aparır, problemləri müzakirə edir,  dərdləşirik. Bu müzakirələrdən ayna.az saytındakı yazılar doğulur, gələcək materialların mövzuları müəyyənləşir,  həmin saytdakı TV verilişinin əsas konturları cızılır.  Zamanın gərdişlərinə bu dostluq və səmimiyyətin hesabına davam gətiririk. Hərçənd indi məhdud maraqların önə keçdiyi, əksər insanların cılızlaşdığı, az qala hər şeyin təmənna və şəxsi maraqlara söykəndiyi bir vaxtda çox az adam dostluğa və dostlara dəyər verib qorumağı bacarır. E.Şıxlı kimi köklü adamlar üçün dostluq bir mənəvi tələbat kimi hələ də öz mahiyyətini saxlayır. O, həyatda və cəmiyyətdəki gərginliklərdən, aşınmalardan sığortalanmanın yolunu dostlarla birgə olmaqda görür.
Çox az-az adamlardandır ki, Elçinin dostluğu daimidir, çünki münasibətlərdə təmənnasızdır. Dosta çox açıqdır, dərdi-problemi bölüşəndir. Özü də dosta o qədər sadiq və səmimidir ki, bəzən dostun hər hansı yanlışlığı ona əməlli-başlı dərd olur. Bu məsələdə güzəşti sevmir, xüsusən xəyanəti və nankorluğu qəbul etmir. Dostluqda məsuliyyətlidir. Hər hansı məsələdə davranışı anlaşılmasa,mütləq həmin  davranışına aydınlıq gətirir, səbəbini hövsələ ilə izah edir.  Adətən, soyuqqanlı görünən Elçini İctimai əxlaqsızlıq hövsələdən tez çıxara bilir. Çox ağır təbiəti var, amma bir dəfə Ankarada səfərdə adi bir şeyə görə Elçinin bəlkə saat gülməyinin, sabahı o əhvalata qayıdıb yenə gülməyinin şahidi olmuşam. Hiss edirsən ki, bəzən onun bu gülüşləri içində aylarla sıxıb saxladığı enerji yatır.                                                                          
Bu gün Azərbaycanda çox az adam var ki, müxtəlif siyasi qütblərdə eyni dərəcədə qəbul olunur. E.Şıxlı belə ziyalılardandır, çünki onun öz həyat prinsipləri var, dürüstdür,  ədalətlidir.  O yerdə ki, milli düşüncə və ictimai əxlaqı qorumaq uğrunda mübarizə var, insan iradəsi, prinsiplər var, orda xarakter tez  formalaşır. Elçinin genetik göstəricilərinin üstünə belə bir xarakter formalaşması da gəlib. Onun cəmiyyətin dəyərlərindən birinə çevrilməsi də bununla bağlıdır. Ailəcanlıdır, evinə, uşaqlarına çox bağlıdır. Baba olandan sonra bir az da müdrikləşdiyini hiss edirəm.
                                                                  * * *
Aynadakı Elçinin portretinin tamamlanması üçün onun bir zəifliyini də deməliyəm. Bütün qazaxlılar kimi Elçin də bu kiçik Vətəninin adı gələndə əriyir. Bəzən bu damarın zəifliyi ifrat dərəcədə görünür, amma başqaları ilə müqayisədə həmin məsələ Elçində yaxşı alınır. Məsələn, bir-iki il əvvəl dostlarla 28 Mayı Qazaxda keçirməyi qərara almışdıq. Bizə səhər-səhər İncədərəsində qeyri-adi ziyafət verdilər, sonra süfrədən qalxıb çəmənlikdə gəzişdik. Diqqətimi yovşan bitkisi cəlb elədi, qırıb iylədim və ətri mənə bir az zəif gədi, çünki biz tərəflərdə dərələrdə bitən yovşanın kəskin ətri olurdu. Mən ehtiyatsızlıq edib "yovşanın iyi bir az zəifdir” dedim. Bunu eşidən kimi məndən beş-altı addım qabaqda olan Elçin dərhal ayaq saxladı və yanındakı Arif Əliyevə tərəf dönüb tam ciddi şəkildə "buna bax ey, zəngilanlı zim Qazağın yovşanını bəyənmir” dedi və hamımız ucadan gülüşdük. Təbii ki, belə vurğunluq bəzən adamın subyektivliyə aparıb çıxarır.  Məsələn, dəfələrlə görmüşəm ki, Elçin kimisə (yəni öz yerlisini) müdafiə etməyə arqumenti olmayanda deyir ki, xahiş edirəm nəzərə alın ki, həmin adam qazaxlıdır. Təbii ki, prinsipial məslə olmayanda belədir.

***
Lap bu yaxınlarda, 60 illik yubileyi ərəfəsində "Altunkitab” nəşrlər evi  Elçin Şıxlının  ayna.az saytında çap olunmuş məqaləərinin toplusu olan  "Sükutdan sitat” adlı kitabını buraxıb. Adı kitabın redaktoru, dostumuz Arif Əliyev qoyub. Mənasını da belə izah edir ki, insan ətrafında gedən proseslər haqqında daim düşünür, hətta reaksiya verməsə, o barədə yazmasa belə, düşünür. Qələm adamının sükutu, bir şeyə reaksiya verməməsi susqunluq deyil,  çünki o, daim düşünür və bu sükutdakı düşüncənin kardioqramını çəkir. Sonra da o cizgilər tədricən sitatlara və kitablara çevrilir...

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

17 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər