“Azər Xudiyev Tələt Əliyevdən şikayət edə bilməz, ixtiyarı yoxdur” - Millət vəkili / MÜSAHİBƏ

981
Son günlər Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və sabiq səfir Tələt Əliyev arasında qalmaqal gündəmdədir. A. Xudiyev T. Əliyevi səfir olduğu dövrdə 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsəməkdə ittiham edir. Ancaq A. Xudiyevin məsələ ilə bağlı Azərbaycanın müvafiq orqanlarına deyil, Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakova və Ukrayna Baş Prokurorluğuna müraciət etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb, tənqid olunub.

Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev BakuPost-a müsahibəsində baş verənlərin təəssüf doğurduğunu söyləyir… 

- Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Ukraynada Azərbaycanın hazırkı səfiri Azər Xudiyev və sabiq səfir Tələt Əliyev arasındakı qalmaqala münasibətiniz necədir?

 - Belə məsələlərlə bağlı başqa bir ölkədə mətbuat konfransı keçirmək, məsələni mətbuatda müzakirə etmək yaxşı hal deyil. Bu, bizim daxili işlərimizdir. Mən bunun qəti əleyhinəyəm. Mən məsələ ilə bağlı Azər Xudiyevlə də danışdım. Azər Xudiyev rəsmi Bakının icazəsi olmadan belə addım atmazdı. Ancaq mən hesab edirəm ki, səfirlik binasının təmiri ilə bağlı məsələni Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin iştirakı ilə araşdırmaq lazım idi. Bizim mütəxəssislər binanın təmir olunub-olunmadığını araşdıraraq müəyyənləşdirməli idilər. Yaxşı ki, bizim mətbuatda bu məsələ çox qabardılmadı, insan mənəvi əziyyət çəkir. Mən Ukraynanı çox yaxşı tanıyıram. Ulu öndər o zaman bizi Ukraynaya ali təhsil almağa göndərmişdi, 1986-cı ildə təhsilimi başa vurmuşam. Doktorluq dissertasiyamı Kiyev Dövlət Universiteti, hazırkı Milli Universitetin köməyi ilə yazmışam, bu universitetdə dərs deyirəm. Ukraynada tələbə yoldaşlarım arasında deputatlar, nazir, qubernator var. Bizə məsələnin bu formada müzakirəyə çıxarılması yaraşmazdı.
 
Azərbaycan səfirliyində əsaslı təmir işini aparan Ukrayna şirkətidir. O şirkəti məhkəməyə verməklə tələb olunurdu ki, səfirliyin təmiri ilə bağlı nə iş görmüsünüz, gəlib izah edin. Ancaq mənim yenə də mövqeyim belədir ki, bu məsələ gərək kənara çıxmaya idi. Səfirlik Azərbaycan ərazisidir. Sabiq səfir Tələt Əliyevin də əks arqumentləri var. Bir məqamı da qeyd etmək istəyirəm. Əgər səfirliyin əsaslı təmiri ilə bağıl istintaq aparılırdısa, istintaqda həqiqətən ayrılan pulların səfirliyin əsaslı təmirinə sərf edilib-edilmədiyi, təmirə nə qədər vəsait sərf edildiyi müəyyənləşdirilməli idi. Sabiq səfir Tələt Əliyev deyir ki, səfirliyin təmirindən sonrakı dövrdə yaxınlıqda yüksəkmərtəbəli bina tikilib və səfirliyin binasına da buna görə ziyan dəyib, çatlar yaranıb. Ancaq bu məsələ sakit şəkildə araşdırılmalı, belə qabardılmamalı idi. Çünki Ukraynada bizi istəməyən ermənilər var. 

- Belə başa düşdük ki, Azər Xudiyev sizə səfirliyin binası Ukrayna şirkəti tərəfindən təmir olunduğu üçün Ukrayna hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib. 

- Bəli. Hətta Milli Məclisdə çıxışımdan sonra deputatlarla kluar söhbətim oldu. Deputatlar da məndən soruşdular. Mən hesab edirəm ki, mətbuat konfransı, jurnalistlərə açıqlamalar olmasaydı, məsələ sakit həllini tapa bilərdi. Həm də səfirlik Azərbaycan ərazisi olduğu üçün bizim müvafiq orqanlar, Fövqəladə Hallar Nazirliyinin ekspertləri yoxlama aparmasa daha yaxşı olardı. Bu yoxlama zamanı səfirlik binasındakı problemlərin, çatların ya yaxınlıqda tikilən hündürmərtəbəli binanın, ya da səfirlik binasının 2008-ci ildə təmir olunmaması, pulların təmirə xərclənmədiyi ilə bağlı olduğu üzə çıxa bilərdi. Bu məsələni qapalı formada araşdırmaq mümkün idi. Təəssüf ki, Tələt Əliyevin keçirdiyi mətbuat konfransı ilə bütün bu məsələlər bu formada üzə çıxdı, yayıldı. 

- Yəni Tələt Əliyevin mətbuat konfransı keçirməsi Azərbaycan üçün arzuedilməz mənzərənin ortaya çıxmasına səbəb olub? 

- Tələt Əliyevi ulu öndər səfir təyin edib, uzun illər Ukraynada səfir kimi çalışıb. Mən hesab edirəm ki, nə baş verməsindən asılı olmayaraq Azərbaycanla bağlı arzuedilməz məlumat xaricə çıxmamalıdır. Bir də sonda səfirliyin əsaslı təmir olunub-olunmamasına, səfirlik binasındakı problemin hansı səbəblə bağlı olduğuna məhkəmə qərar verəcək. Bu məsələnin araşdırılması qapalı formada aparmaq və sonra da bunun nəticələrini sabiq səfir Tələt Əliyevə çatdırmaq olardı. Əgər Tələt Əliyev məhkəmənin qərarı ilə razılaşmasa idi, o halda istənilən addım atıla bilər. Bir daha deyirəm ki, Azər Xudiyev rəsmi icazə olmasa idi, belə addım atmazdı. Azər Xudiyev Xarici İşlər Nazirliyinə rəsmi məktub yazıb, müraciət edib. Mən burada tərəflərdən hər hansı birini müdafiə edəcək mövqedə deyiləm. Bu gün rəsmi səfir Azər Xudiyevdir, sabiq səfir Tələt Əliyev də hörmətli ağsaqqaldır. Pis vəziyyətdə qalmışıq. Bu gün bütün Ukrayna mətbuatı bu məsələni müzakirə edir. Mənə Ukrayna mətbuatından həmin yazıların linklərini göndərirlər, hirsimdən silirəm, heç oxumuram da. İstənilən halda araşdırmalar nəticəsində səfirlik binasındakı problemlərin. Çatların hansı səbəbdən olduğu üzə çıxacaq. Gözləyək. 

- Sizin dediklərinizdən həm də bu qənaətə gəlmək olar ki, Azər Xudiyevin Ukrayna hüquq-mühafizə orqanlarına müraciətində konkret olaraq Tələt Əliyevin adı çəkilməyib, sadəcə, təmiri aparmış Ukrayna şirkəti barədə şikayət yer alıb. 

- Bəli, Azər Xudiyevin dediyinə görə belə olub. Azər Xudiyev rəsmi formada təmir aparmış Ukrayna şirkətindən şikayət edib. Azər Xudiyevin Tələt Əliyevin adını şikayətində yaza da bilməz, ixtiyarı yoxdur. Səfir Ukrayna şirkətlə bağlı müraciət edib. Şirkət də yoxlanmağa başlayanda sabiq səfir şirkəti müdafiə etməyə başlayıb. Bu məsələdə nə incəliklər varsa, artıq kölgədə qaldı. Amma mən inanmıram ki, indiki səfirimiz birbaşa müraciətində yazsın ki, Tələt Əliyev səfirliyin binasını əsaslı təmir etdirməyib, nədəsə onu günahlandırsın. Mən Azər Xudiyevlə danışanda da bunu soruşdum, dedi ki, belə bir şey olmayıb.
 
Amma bir daha deyirəm ki, bu məsələnin bu formada ortaya çıxması istər-istəməz müəyyən qədər Azərbaycanın imicinə ziyandır. Ukrayna bizə müttəfiq dövlətdir, həmişə bu ölkədə mövqelərimizin güclü, nüfuzlu olması lazımdır. Ukrayna Ali Radasında erməni deputat var. Eləcə də Ukrayna Daxili İşlər naziri də etnik ermənidir. Bu xalqın bir xüsusiyyəti var ki, harada olmasından asılı olmayaraq təəssübkeşlik edirlər. Amma bu o demək deyil ki, Arsen Avakov səhər işə gəlir, düşünür ki, azərbaycanlılara qarşı necə pislik edib. Arsen Avakov orada pul qazanır, hamı da bunu bilir. Müəyyən siyasi məsələlərə görə ona toxunmurlar. Hamı bilir ki, bu insan biznesmendir. Təbii ki, sabah hər hansı bir məsələdə o, ermənilərin tərəfindən olacaq. Bu, birmənalıdır və bunu da başa düşmək lazımdır.
 
Biz bu gün Ukraynadakı azərbaycanlıların birliyinə çalışmalıyıq, diaspor təşkilatları dostluq etməlidir. Diaspor təşkilatları Azərbaycan səfirliyi ilə əlaqə saxlamalı, səfirlik diaspor təşkilatlarına dəstək verməlidir. Təəssüf ki, mən Ukraynada vəziyyəti belə görmürəm. Düzdür, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ukraynaya getdi. Müəyyən işlər görməyə çalışdı, diaspor təşkilatlarını birləşdirməyə çalışdı. Müəyyən işlər də görüldü. Ukraynada iki böyük diaspor təşkilatı ilə bərabər, digər diaspor təşkilatlarımız da var. Əfsuslar olsun ki, Ukraynadakı səfirlik, indiki və sabiq səfirlərimizlə bağlı belə bir məsələ ortaya çıxdı. 4 ay sonra Ukraynada parlament seçkiləri keçiriləcək. Azərbaycanlılar ən azı bir etnik azərbaycanlının deputat olmasına çalışırlar. Təəssüf ki, baş verən son hadisə bizim imicimizə xələl gətirdi.
 
BakuPost

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər