Ru
12:41 / 17 Noyabr 2018

Azərbaycandan xaricə oxumağa gedən doktorantları iş adamları maliyyələşdirəcək

2197
Gələn ildən nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq arzusunda olanlar üçün imkanlar yaradılacaq. 


BakuPost-un məlumatına görə, bu, Prezident İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiqlənən "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda əksini tapıb. 


Dövlət Proqramı müştərək maliyyələşmə prinsipi əsasında mütəxəssislərin hazırlanmasında işəgötürənlərin iştirakı ilə nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq arzusunda olanlar üçün imkanların genişləndirilməsinə xidmət etməlidir. Bu məqsədlə Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fonduna 2019-cu ildə ödəniş formaları və mənbələri nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydalarının hazırlanması tapşırılıb. Eyni zamanda gələn il ərzində Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil alacaq şəxslərin təhsilinin işəgötürənlərin iştirakı ilə müştərək maliyyələşdirmə mexanizmlərinin hazırlanmasını təmin etməlidir. 


Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və aidiyyəti dövlət qurumlarına 2019-2023-cü illərdə Azərbaycanın inkişaf strategiyası nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərini müəyyən etmək tapşırılıb. Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Neft Fondu isə mütəmadi olaraq Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsil almaları üçün prioritet ixtisasların və xarici ölkələrin müvafiq ali təhsil müəssisələrinin müəyyənləşdirilməsini təmin etməlidir. Nazirlər Kabineti və digər qurumlara gələn il doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan vətəndaşlarının seçimi meyarları və prosedurlarının müəyyən edilməsi də tapşırılıb. 


Gələn il Dövlət Proqramının icrası məqsədilə Təhsil Nazirliyinin nəzdində Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitləri hesabına "Dövlət Proqramının idarəetmə qrupu” yaradılacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər