Ru
23:39 / 12 Noyabr 2018

- Azərbaycanlı cinçıxarandan nar çubuğuyla öldürülən oğlanla bağlı açıqlama Cini bədəndən necə çıxarırlar?

2936
Şabran rayonunda 25 yaşlı Soltan Muradın 6 nəfər tərəfindən "cinçıxarma” əməliyyatı adı altında çubuqla döyülərək öldürülməsi faktı insanların ruhi-psixi xəstəliklərin müəyyən edilməsi və müalicəsində daha ehtiyatlı olması məsələsini gündəmə gətirib.


BakuPost Medicina.az-a istinadən xəbər verir ki, bu, Azərbaycanda ilk "cinçıxarma” hoqqası deyil. Bundan əvvəl də yeniyetmə bir qızın içinə cin girdiyi, onun sözügedən "əməliyyat”la sağaldıldığı bildirilirdi. Bu günün qurbanı olan S. Muradın psixoloji problemlərdən əziyyət çəkdiyi məlum olub. Lakin 6 "alim” tərəfindən isə ona "cin girib” proqnozu qoyulub və nar çubuğuyla Soltanın cini çıxarıla bilməsə də, canı çıxarılıb.


Eksorsizm adı ilə xristian dinində qəbul edilən, İslamda isə rükyə və dua ilə şər qüvvələrin, daha çox da cinlərin insanın bədənindən çıxarılmasına yönəlmiş "cinçıxarma” əməliyyatı həkimlər və alimlər tərəfindən qəbul olunmasa da, insanların çarə olaraq üz tutduğu geniş yayılmış üsuldur.

 



Medicina.az-ın əməkdaşı bu gün ən çox müzakirə olunan məsələ ilə bağlı tanınmış parapsixoloq,  Bakıda cinçıxarma üsulu ilə pasiyentləri sağaldan Vüsal Mərdinlidən açıqlama alıb. V. Mərdili deyib ki, bu əməliyyat icra olunarkən, döymək qəti qadağandır:


"Mən bu xəbəri, fotoları görəndə dəhşətə gəldim, şokdayam. Mənim subyektiv fikrim budur ki, həmin oğlan bir qrup radikal dəstə, ola bilər satanist qrup, ya da mazoxist əməllərə meyilli fanatik bir dini qrup tərəfindən öldürülüb. Hər halda hüquq orqanları, ekspertiza araşdırıb işin əslini üzə çıxaracaq.

Mən onu deyə bilərəm ki, nəinki Azərbaycanda, heç bir xristian və müsəlman aləmində eksorsizm – cin, iblis çıxarma ritualı xəstənin döyülməsi ilə icra olunmur. Xəstəyə heç bir fiziki təsir göstərilmir. Bu iş dualar, ayinlər, uzağı xəstəyə su içirməklə icra olunur. Bu vaxta kimi onlarla belə ayin etmişəm, ölüm halı ola bilməz. Xəstə uzağı təşvişə düşüb, bayıla bilər. Cinçıxarmada xəstə üçün kliniki ölüm riski yoxdur. 


Yəni dinimiz, Quran, ayələr bu qədərmi acizdir ki, nar çubuğu vururlar? Nə çubuq, nə ağac? Bu uydurmadır. 


Məgər peyğəmbərlər, imamlar bu üsullamı müalicə edib?


Mən gəncin gömgöy meyitinə baxıb, dəhşətə gəldim. Orada mazoxizm, vəhşilik əlamətləri var. 


Bir məsələ də var ki, bəzi fanatik, radikal qruplar öz qrup üzvlərinə belə bir hərəkətlər edib guya onu müalicə edirlər, ya cəzalandırırlar. Ola bilər ki, ölən şəxs belə bir qanunsuz, radikal qrupa daxil imiş”Vüsal Mərdinli insanları bu məsələlərdə ayıq olmağa çağıraraq, hər özünü çöpçü, molla, cinçıxaran, seyid deyənə üz tutmaqdan çəkindirib.


"İndi çox "diş həkimi”, "saç ustaları” müştəriləri hepatitə yoluxdurur. Çox sahələrdə qeyri-peşəkarlıq var. Ailələr övladı olmayan gəlinləri özünə loğman, bilici deyən kişilərin yanına aparır. O da deyir gəl, səni hamilə edəcəyəm. Fırıldaqçı, çöpçıxaranlar kimi cinçıxaranlar da çoxalır. Yoxlamadan, bilmədən, harda oldu, kimə oldu, həyatlarını, canlarını etibar etməsinlər. Cinçıxarma ilə  oxumuş adam, psixoloq, dini bilən insan məşğul olmalıdır”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər