Ru
13:41 / 04 Yanvar 2019

Dekandan Kamal Abdullaya inanılmaz ittihamlar! - Tələbələri mitinqə kim çağırır?

Dekandan Kamal Abdullaya inanılmaz ittihamlar! -  Tələbələri mitinqə kim çağırır?
14329



Azərbaycan Dillər Universitetində (ADU) rektor Kamal Abdulla və universitetin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli arasında qalmaqal yaşanır. 



BakuPost-un məlumatına görə, V. Ağabəyli 6 gün əvvəl – dekabrın 31-də "Facebook” sosial şəbəkəsindəki səhifəsində  ADU-da 4 il oxuyan tələbələrin xarici dil bilmədiklərini yazıb. 



Dekan qeyd edib ki, gələcəyimizi küt etməyə çalışanlara göz yummayacaq: "Bu millətin inkişafa gedən yoluna maneə törətməyə çalışanlara, vəzifə səlahiyyəti və dostluq münasibətlərindən istifadə edənlərə, Konstitusiyamızın fikir və söz azadlığı, (maddə 47), şərəf və ləyaqətin müdafiə hüququnu (maddə 46) əzib keçənlərə susacağıq? Bu cür insanlar həm ölkəmizin Prezidenti İlham Əliyevin, həm vitse-prezident Mehriban Əliyevanın sağlam gələcəyin qurulması istiqamətində səylə çalışdıqları fəaliyyətə kölgə salmağa çalışır. Niyə adi bir müəssisə rəhbəri özünü daha çox səlahiyyət sahibi hiss edərək onun dediklərini təsdiqləməyənlərə hədə-qorxu gələ bilir?

 

 Vusala Aghabeyli adlı ÅŸÉ™xsin ÅŸÉ™kli.

Ziyalı ilə cahilin fərqi nədir?  Niyə bu universitetin tələbələri hər il 2000-2500 manat təhsil haqqı ödəyir, 4 il universitet oxuyur, bitirəndən sonra ingilis dilini öyrənmək üçün kursa gedir? Niyə tələbələri elmə gətirmək, onları maarifləndirmək, savadlı olmağa sövq etmək əvəzinə imtahanlarda köçürtmələrinə şərait yaradırıq? Tədris ingilis dilindədirsə, müəllim niyə ingilis dilini bilmədən auditoriyaya girir? Hansı haqla? Niyə haqlı danışana dəstək vermək əvəzinə səsini batırmağa, şər-böhtan atmağa əl atırlar? Əgər oxuyub bir nəticə çıxartmayacaqdıqsa, "Kitab yüklü essək”, "Ölülər”, "Hekayəti Molla İbrahimxəlil kimyagər”, "Qurbanəli bəy”, "Aldanmiş kəvakib”, "Molla Nəsrəddin” və "Hop-hopnamə”ni niyə oxuyurduq ki? Haqq sözümüzü deyə bilməyəcəkdiksə, niyə varıq ümumiyyətlə? Tələbələri sağlam gələcəyə hazırlamağa can atmırıqsa, şou düzəldib nəsə edirmiş kimi göstərilirsə, bu reklam kimə lazımdır?”



ADU-nun 3-cü kurs tələbəsi, "Facebook” sosial şəbəkəsində özünü universitetin İctimaiyyətlə Əlaqə Departamentində redaktor kini təqdim edən Şahin Sərdarlı isə bu gün dekan və onun ətrafındakı insanları tələbələri etiraza, mitinqə səsləməkdə günahlandırıb, universitetdə imtahanların təşkili sahəsində aparılan islahatlardan danışıb: "Hər gün sosial şəbəkələrə şikayətlənirsiniz ki, Azərbaycan Dillər Universitetinin tələbələri ingilis dilini bilmir, kənar kurslara müraciət edir. Guya ingilis dilini bilən şəxslərin əksəriyyəti Azərbaycan, rus, fransız, alman dillərini mükəmməl bilir? Bu lağ-lağı fikirləriniz Azərbaycan Dillər Universitetinin tələbələrinə və müəllimlərinə hörmətsizlikdən başqa bir şey deyil. Ona görə ki, "kənar kurslar” dediyiniz hazırlıq mərkəzlərinin 99 faiz müəllimi, həmçinin rəhbərləri məhz Azərbaycan Dillər Universitetinin indiki tələbələri və məzunlarıdır. Əgər iddianızda, tələbələrə, müəllimlərə qarşı lağ-lağı yanaşmanızda haqq-ədalət axtarırsınızsa, III və IV kursda oxuyan ADU tələbələrinin ingilis dilinin bilməməsinin günahı kimdədir? ADU-nun istər I kurs, istərsə də IV kurs tələbələri zəngin potensiala malikdir. Tələbəni nüfuzdan salmaq ayıbdır! Günahı başqasında axtarmaq da ayıbdır, vallahi ayıbdır... Deyək ki, IV kurs tələbəsinin ingilis dilinin bilməməsinin günahkarı universitet rəhbərliyidir. Universitet rəhbərliyi bu situasiyada hansı addımı atmalı idi?! Təbii ki, dərslərin keyfiyyətini aşkara çıxarmaq üçün universitetdə açıq dərslərin keçirilməsini təşkil etməli idi. Rəhbərlik atmalı olduğu addımı çoxdan və vaxtında atıb. Rektoryanı və elmi şuralarda açıq dərslərin keçirilməsi proseslərinin təşkili məsələləri dəfələrlə müzakirə olunub, alt və üst komissiyalar yaradılıb. Fakültə dekanları alt komissiyaların sədri təyin olunub və bu komissiyalar öz işinə başlayıb. Amma indi dərslərin keyfiyyətindən şikayətlənən şəxslərdən biri, Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin sədri olduğu alt komissiya işində ciddi nöqsanlar buraxıb. O nöqsan ki, dərs prosesində cəmi 7 dəqiqə oturmaqla müəllimin dərsinə münasibət bildiriblər. İstər müsbət, istər mənfi münasibət olsun, cəmi 7 dəqiqə iştirak edilən dərsə necə qiymət vermək olar? Özü də həmin müəllimin iştirakı olmadan dərsinin müzakirəsini keçirib qiymətləndirmək isə hansı haqq-ədalətə sığar? Tələbələrlə universitet rəhbərliyinin görüşlərindən birində həmin qrup tələbələrindən biri bu prosesi bütün tələbələrin yanında danışdı. Universitetin rektoryanı və elmi şuralarında tələbələr də iştirak edir. Həmin rektoryanın şuranın birində buraxılmış nöqsanlara görə Filologiya və jurnalistika fakültəsində fəalliyyət göstərən alt komissiyanın nəticəsi ləğv edildi və yenidən təşkil olunmasına göstəriş verildi.

 

Картинки по запросу Azərbaycan Dillər Universiteti

Dekana isə xəbərdarlıq elan ediləcəyi bildirildi. Digər məsələ isə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə həmin fakültədə heç bir tədbirin təşkil olunmaması idi. Bu həm də xalqımızın Ümummilli Liderinə, tələbəni rektorlara əmanət edən uca bir dəyərə hörmətsizlik deyilmi?!... Olanlar da elə buradan başladı... Vüsalə xanımın həmin xəbərdarlığı eşidəndən sonra şura üzvlərinin gözü qarşısında ayağını yerə vuraraq, qışqır-bağır salmasından, universitet rəhbərliyinə, şura üzvlərinə qarşı hörmətsizliyindən danışmıram... Proseslər onu göstərdi ki, dekanın çox yaxın rəfiqələri Pərvin Mürsəlova, Mahirə Hacıyeva da "haqq-ədalət” çarçısı olmağa başladı və fakültə tələbələrini fərqli istiqamətlərə yönəldib etiraz etməyə, mitinqlər keçirməyə səslədi və hələ də səsləyirlər. O qədər yaxın rəfiqə ki, dekanın otağının açarı həmin şəxslərdə də varmış. Dekan otaqda oldu, olmadı, fərq etməz, istədikləri vaxt gəlib otaqda oturub söhbətləşirmişlər... Pərvin Mürsəlovanın jurnallarda buraxdığı nöqsanlar isə digər məsələdir. O nöqsan ki, cəmi bir nəfərə qiymət yazıb, digər tələbələrin nə dərsdə iştirak etmələrinə aid, nə də etməmələrinə aid qeyd etməyib. Maraqlıdır, niyə?! Bəs, bu əməlin arxasında hansı məqsədlər dayanır? Hətta qeyd edim ki, sentyabr ayından bu günə qədər Filologiya və jurnalistika fakültəsinin 60-a yaxın tələbəsi dekana ərizə ilə müraciət edib, amma həmin tələbələrin müraciətinə baxılmayıb. Tələbələrin əksəriyyəti təkrar ərizə yazaraq universitet rəhbərliyinə müraciət edib”.




Ş. Sərdarlı qeyd edib ki, ola bilsin ki, V. Ağabəyli çox yaxşı müəllimdir, amma bu, törətdiyi əməllərə haqq vermir: "Bu günə qədər hörmət etdiyim biridir. Bir pedaqoq olduğu üçün ona yenə də hörmət bəsləyəcəyəm. Lakin mənim bu məsələyə yanaşmamı fərqli mənalara yozmaq lazım deyil. Ortada Azərbaycan Dillər Universitetinin adı hallanırsa və haqsız yerə rəhbərlik, tələbə, müəllim ittiham olunursa, o zaman reallığı və baş verən prosesi olduğu kimi yazmaq lazımdır. Bəlkə də bu yazıma görə rəhbərlik tərəfindən ciddi qınanılacam.  Maraqlıdır, "ədalət carçıları”nın "narazı” qaldığı dərslərin keyfiyyətini artırmaq üçün təşkil olunan açıq dərslərdə buraxılmış nöqsanlar niyə əllərində ağ bayraq deyil? Bu açıq dərslər ona görə təşkil olunur ki, elə özlərinin dediyi kimi, müəllimlərin dərs prosesini, öyrətmə, dinləmə, metodiki bilikləri üzə çıxarılsın, nisbətən zəif müəllimlər ixtisasartırmaya göndərilsin, bilik-bacarıqları, metodik qabiliyyətləri daha da artırılsın. Son bir il ərzində Əlavə təhsil və təcrübə fakültəsinin təşkilatçılığı ilə onlarla müəllim universitet hesabına müxtəlif ölkələrə ixtisasartımaya göndərilib və bu proses hələ də davam edir.

 

Azərbaycan sabit, firəvan, müstəqil dövlətdir. Təbii ki, bu müstəqillik, xalqın, xüsusilə gənclərin, eyni zamanda tələbələrin cənab Prezidentin ətrafında sıx birləşməsi, dövlətin yürütdüyü uğurlu siyasətə dəstək olması arxasında erməni lobbisi və digər xarici qüvvələr dayanan təşkilatları, şəxsləri narahat edir. Bu gün sosial şəbəkələrdə dayanmadan tələbələri durduq yerə etirazlara, mitinqlərə səsləyən bu şəxslərin də bəlkə də əlaqələri həmin təşkilatlara gedib çıxır.

 

Ona görə bu fikirdəyəm ki, universitet koridorlarında "sonuna qədər mübarizə aparacağam, geri çəkilməyəcəyəm” deyən Pərvin xanımın sosial şəbəkədəki paylaşımlarına nəzər yetirdikdə Azərbaycan dövlətinin, polisinin əleyhinə yazılmış statusları, videoları gördüm. O paylaşımlar xarici ölkələrdə Azərbaycan prezidentinə, Azərbaycan dövlətinə, Azərbaycan polisinə şər-böhtan atan, yalan məlumatlar yayan, təhqir edən erməni lobbisinin qrantları hesabına yaşayan mühacirlərin sosial şəbəkələrdəki səhifələrinə aiddir. Azərbaycan Dillər Universiteti ilə qəti əlaqəsi olmayan digər bir şəxsin – Lamiyə Hüseynin də universitetin tələbələrinə, müəllimlərinə qarşı əxlaqa-zidd paylaşımlarına toxunmadan keçmək olmaz. Təsadüfdürmü ki, rahatlıqla sosial şəbəkədə həm tələbəni, müəllimi ittiham edəsən, lağ-lağı obyektinə çevirəsən, həm də etirazlara çağırasan?!”



V. Ağabəyli isə dərhal Ş. Sərdarlıya cavab yazıb: "Yaltaq və sifarişli yazılarla kimin mövqeyini dəstəkləyirsən, aydındır. Amma şükürlər olsun ki, mən öz əqidəmin carçısıyam. Sən kimsən kiI ümumiyyətlə, bilib-bilmədən fakültə dekanını müzakirə edirsən. Mən dərsdə iştirak edəndə sən oturmuşdun yanımda ki, hələ bir deyəsən ki,  neçə dəqiqə oturmuşam? Həmin müəllim əgər bilirdisə, niyə çəkinirdi? Yenidən dərs verərdi. Əgər müzakirə müəllimsiz aparılıbsa, bəs qiymətləndirmə sənədinə onun imzasını kim çəkmişdi? Həmin müəllim Kamal müəllimin dostunun qızıdır deyə Təhsil Nazirliyinin də, Dövlət İmtahan Mərkəzinin də,  dövlətin də qanunlarını mən poza bilmərəm.

 

Sənə xoş gəlməz təbii ki, çünki Kamal müəllim universiteti komandalara ayırıb, özünü diskriminasiya apardığı komandanın üzvü hesab edirsən. Kamal müəllim universitet rəhbəri olaraq ədalətini onda sübut etdirmiş olardı ki, həmin müəllimin dərsinin yenidən təşkil olunmasını tələb edərdi. Niyə etmədi?  Çünki onun ətrafındakı bəzi şəxslərin toxunulmazlıq hüququq var. Universitet rektoru müəllimləri, tələbələri inkişafa səsləmək əvəzinə belələrinə dəstək çıxır. 



O ki qaldı, yazmısan ki, ayağını yerə vura-vura qışqırıb bağırır,  bax burada deyirəm sənə ayıb olsun. Sən kimsən ki, mənim etmədiyim hansısa hərəkəti ağlına gələn formada təhlil edisən? Kamal müəllim mənə hansısa dərsinin öhdəsindən gələ bilməyən müəllimin iftirasını atdı, mən də çıxış üçün söz istədim. Başa düşürəm, siz ancaq çobanlıq rejiminə öyrənmisiniz ki, o qışqırıb Elmi Şurada təhqir etsin, hamı sussun. Çıxış etmək nə vaxtdan qəbul olunmaz bir şey olub? Mən haqsız məsələlərə mütləq münasibətimi bildirtməliydim”.





Qeyd edək ki, bir müddət əvvəl ADU-nun kadrlar şöbəsinin baş mütəxəssisi Elmira Baxşəliyeva tərəfindən universitet rəhbərliyinə qarşı ciddi ittihamlar irəli sürmüşdü.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar