Deputatdan yeni il proqnozu - “Manat sabit qalacaq, metroda qiymət qalxacaq”

18157
Xəbər verdiyimiz kimi, dünən Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 0,25% - 1,25% səviyyəsindən 1,50%-dək artırıb. FED-in bu qərarının manatın məzənnəsinə necə təsir göstərəcəyi isə əhali arasında narahatlığa səbəb olub. Hətta yeni ilə kimi manatın dollara nisbətdə xeyli ucuzlaşacağını deyənlər də var.
 
Uçot dərəcəsinin artımı ilə bağlı qərarı BakuPost.az-a şərh edən millət vəkili Vahid Əhmədov bunun dolların qiymətinə müəyyən qədər təsir göstərəcəyini bildirsə də, manata ciddi təzyiq olmayacağını vurğulayıb: "Azərbaycanda dollara təsir edən amillər neftin qiyməti, Mərkızi Bankın apardığı siyasət və idxal-ixrac əməliyyatlarında yaranmış prosesdir. Azərbaycanda bunların hamısı müsbətdir. Neftin qiyməti yüksək olaraq qalır – 60-65 dollar ətrafındadır. İdxal-ixrac əməliyyatlarında müsbət saldo var. Bu il ərzində təxminən 2 milyarda yaxın müsbət saldo yaranıb. Mərkəzi Bank isə üzən məzənnə siyasətinə keçsə də, manata nəzarət edir, məzənnəyə müəyyən qədər müdaxilələr edir. Bundan başqa Azərbaycanda pul kütləsinə ciddi nəzarət həyata keçirilir. Buna görə də mən FED-in qərarının manatla bağlı ciddi dəyişiklik edəcəyinə inanmıram. Bu proqnozu 2017-ci ilin sonuna kimi verə bilərəm. Amma sonrası 2018-ci ildə gedəcək proseslərdən asılıdır. Əlavə etmək istəyirəm ki, Azərbaycanda dediyim proseslər stabil olaraq davam edəcəksə, qorunub saxlanılacaqsa, manat da qorunub saxlanılacaq. İmkanlar böyükdür. Təbii ki, psixoloji təsirlər var, bazara cüzi təsiri olacaq. Amma bunlar xırda təsirlərdir. Manata ciddi təzyiq olmayacağını düşünürəm”.
 


Millət vəkili ölkədəki bahalaşmadan da danışaraq qeyd edib ki, Azərbaycanda subyektiv qiymətlərdə artım var: "Bazar-dükanlarda qiymətlər əvvəlki kimidir deyə bilmərəm. Yeni il qabağı qiymətlər daha da artıb. Lakin biri var obyektiv qiymət, biri də var subyektiv. Subyektiv qiymətlər Azərbaycanda çoxalıb. Sahibkarlar sui-istifadə edirlər. Deyirlər ki, biz məhsulu xaricdən idxal edirik, müəyyən komponentləri xaricdən gətiririk, ona görə qiymətləri bahalaşdırırıq. Amma düşünürəm ki, onlar bu amildən sui-istifadə edirlər. Vurğulamaq lazımdır ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bunun qarşısını almaq üçün müəyyən işlər görür. Mütəmadi olaraq müəyyən monitorinqlər həyata keçirir, çalışır ki, qiymətlər obyektiv olsun. Amma qiymətlərə nəzarət etmək üçün bəzi dəyişikliklər olmalıdır. Qiymətlər qalxanda vergidə müəyyən dəyişikliklər aparılmaldır, rüsumlarda dəyişiklik olmalıdır. Bizdə isə bu siyasət yoxdur. Yəqin ki, strateji yol xəritəsində bunlar öz əksini tapıb, həyata keçiriləcək”.
 


Deputat yeni il öncəsi metroda qiymətlərin qalxacağı ilə bağlı şayiələrə də son qoyub: "Metroda bu ilin sonuna kimi qiymətin qalxacağına inanmıram. Amma ola bilər ki, təzə ildən qiymət artımı baş verin. Çünki metropoliten zərərlə işləyən bir qurumdur. Orada da müəyyən problemlər var. Dövlət büdcəsindən dotasiya alır. Fikir verirsinizsə, rayonlar belə dövlət büdcəsindən çıxarılır ki, özləri maliyyələşsin. Strategiya belədir ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar ya özəlləşdirilsin, ya da özləri özlərini maliyyələşdirsin”.
 
Nigar Etibar
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər