“Dneprdə Üzeyr Hacıbəyovun “O olmasın, bu olsun” operettasını təqdim etmək istəyirik” - Yalçın Adıgözəlov

535
Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının xalq artisti Yalçın Adıgözəlov Ukraynanın Dnepr şəhərində keçirilmiş, Cümhuriyyətin yaranmasının və Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunan konsertdən sonra Missiya.Az saytına müsahibə verib.
 
BakuPost xəbər verir ki, müsahibədə maestro sözügedən konsertlə yanaşı, Azərbaycan klassik musiqisinin səviyyəsi, onun təbliği və nəzərdə tutulan layihələrdən də danışıb. 

- Bildiyiniz kimi, 2018-ci il çox əlamətdar il oldu. Cənab prezidentin sərəncami əsasinda bu il Avropanin və Asiyanin bir sira ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Eyni zamanda, dahi bəstəkarımız Qara Qarayevin 100 illiyi də bu ilə təsadüf etdi. Ümumiyyətlə, 2018-ci il tarixi yubileylər ili kimi yadda qaldı. Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, Azərbaycan Ordusunun yaranması və sairə əlamətdar tarixlər ölkəmizdə və onun hüdudlarından kənarda çox böyük təntənə ilə qeyd olundu. Biz bu ilin yanvar ayından başlayaraq, Avropa ölkələrində, MDB məkanında və qardaş Türkiyədə dəfələrlə konsert proqramları ilə çıxış edib, Azərbaycan bəstəkarlarının şah əsərlərini səsləndirdik.
 
b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_010001011101.JPG
 
- Yəqin ki, 100 illik yubileyi ilə əlaqədar olaraq üstünlük Qara Qarayevə verildi...

- Tamamilə doğrudur. Üstünlüyü məhz Qara Qarayevin əsərlərinə verdik.

O,Üzeyir Hacıbəyovun bizə miras qoyub getdiyi parlaq isimlərdən biridir.

Qara Qarayev, Fikrət Əmirov, maestro Niyazi, Cövdət Haciyev, Soltan Hacibəyov Azərbaycan klassik musiqisinin şöhrətini bütün dünyaya yaydılar. Qara Qarayev Dmitri Şostakoviçin ən sevimli tələbələrindən biri idi. O, Qara Qarayevi oğlu kimi, Qara müəllimin tələbələrini – nəvələri kimi gəbul edirdi. Biz hansı ölkəyə, hansı qitəyə gediriksə, istər Cənubi Amerika, istər Afrika, istər Avropa ölkələri olsun, orada Qara Qarayev musiqisi öz təntənəsini yaşayır. O əsərlərə göstərilən münasibət bizə qürur hissi yaşadır.

- Cümhuriyyətin yaranmasının və Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar olaraq Dnepr şəhərində keçirilmiş konsertdə biz də iştirak etdik. Belə bir uğurlu çıxışa görə sizi təbrik edirik. İstərdik bu konsertlə də bağlı fikirlərinizi dinləyək…
 
b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_010203.JPG
 
- Ukrayna bizim üçün çox vacib ölkədir. Azərbaycan-Ukrayna mədəni əlaqələrinin təməli uzun illər öncədən qoyulub. Bunun tarixi çox dərindir. O zamanlar tez-tez hər iki respublikda qarşılıqlı şəkildə mədəniyyət günləri keçirilərdi. Çox sıx əlaqələr var idi. Məsələn, Vasif Adığözəlov sovetlər dönəmində Ukrayna Ali Soveti Rəyasət Heyətinin "Fəxri fərman”ı ilə təltif olunub. Sovet İttifaqı dağılandan sonra həmin əlaqələr müəyyən dərəcədə itirildi. Müstəqilliyimizi bərpa etdikdən sonra isə əlaqələri bərpa etməyə başladıq. Deyə bilərəm ki, artıq iki ölkə arasında möhkəm mədəni əlaqələr qurulmaqdadır. Biz hər il Kiyevdə, Lvovda, Xarkovda, Dneprdə konsertlər təşkil edirik. Əminliklə iddia edə bilərik ki, bu şəhərlərdə bizim öz dinləyiçimiz formalaşıb. Əgər siz fikir verdinizsə, Dneprdə keçirdiyimiz konsertdə böyük əksəriyyət yerli sakinlər idi. Gördünüz ki, onlar Azərbaycan musiqisini ayaq üstə qarşıladılar. Bu isə o deməkdir ki, biz öz musiqimizi Ukrayna xalqına sevdirməyi bacarmışıq. Bu sevgini yaradan isə əlbəttə ki, musiqimizin yüksək səviyyəsidir. Biz ötən il də Dneprdə, Leonid Koqanın adını daşıyan filarmoniyada Müstəqillik günümüzü möhtəşəm konsertlə qeyd etdik.

Bizim Dneprdəki diaspor təşkilatlarımız çox fəaldır. Dneprdə Müslüm Maqomayev Beynəlxalq Fondunun rəhbəri Hafiz Aslanov iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi istiqamətində çox işlər görür. Bizim səfərlərin əsas təşəbbüskarı isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovdur. O, çox böyük həvəs və əzmkarlıqla konsertlərimizin təşkilinə və uğurlu alınmasına öz töhfələrini verir. Ukraynadakı səfirimiz Azər Xudiyev konsertimizi dinləmək üçün Kiyevdən Dneprə gəldi, səhnəyə qalxıb çıxış elədi. Adını çəkdiyim və çəkmədiyim bütün şəxslərə öz dərin minnətdarlığımı bildirirəm. Bir yerdə, əl-ələ verərək çalışdığımızdan konsertlərimiz uğurlu alınır, nəticədə Azərbaycan musiqisi və xalqımızın zəngin mədəniyyəti təbliğ olunur.

b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_01020304.JPG
 
- Bu konsertiniz ötən il təşkil olunmuş konsertdən nə ilə fərqləndi?

- Ötən il simfonik əsərlərlə müqayisədə üstünlüyü folklor nümunələrimizə vermişdik.Solist olarag gənc xanəndəmiz Rəvan İsmayilov və taninmis tarzən Sahriyar İmanov ölkəmizi məharətlə təmsil etdilər. Lakin bu il Dnepr dinləyicilərinə ancaq simfonik musiqimizi təqdim etdik. Dogru desəm, biraz həyəcan keçirirdim. Ola bilsin ki, uzun illər Ukraynada yaşayan həmvətənlərim başqa bir proqram gözləyirdilər. Lakin, oradakı sakitliyi, sükutu eşidəndən sonra anladım ki, seçimi düzgün etmişik. Əsərləri səsləndirməzdən əvvəl bəstəkarlar və əsərlərin yaranma tarixi, fəlsəfəsi barədə danışdım. Çalışdım ki, dinləyicini səsləndiriləcək musiqiyə hazırlayım. Səhnədən danışmağı o gədər də sevmirəm. Amma gördüm ki, buna ehtiyac var. Siz də gördünüz ki, Nəsimi barədə danışdıqlarımı necə qarşıladılar. Ümumiyyətlə, artıq tam əminliklə demək olar ki, Ukrayna dinləyiciləri Azərbaycan musiqisinə heyrandır. Düşünürəm ki, biz bundan sonra da onları Azərbaycan musuqisinin bəxş etdiyi zövqdən məhrum etməməli, konsertlərimizi daha da intensivləşdirməliyik. Bunu ukraynalıların özləri də deyir. Dnepr simfonik orkestrinin rəhbəri və baş dirijoru Natalya Ponamarçuk belə konsertlərin mümkün qədər tez-tez təşkil olunmasının vacibliyindən danışır. Odur ki, sonuncu konsert barədə deyə bilərəm ki, istədiyimizi alındıra bildik. Bilirsiniz, Azərbaycan musiqisinin özünəməxsus xırdalıqları var. Onları ifa etmək o qədər də asan deyil. Mən nə istəyirdimsə, onu da Ukrayna musiqiçilərindən ala bildim. Əsas odur ki, musiqiçiləri ruhlandırmağı bacarasan. Bu olarsa, musiqiçi öz imkanlarını maksimum şəkildə ortaya qoyacaq.
 
 
- Yəqin ki, Dnepr orkestrini konsertə hazırlamaq üçün xeyli vaxt sərf etmisiniz…

- Xeyr, elə də çox vaxtımız getmədi. Cəmi 3 məşqə orkestri tam hazır vəziyyətə gətirdik.

- Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu sizi "Cumhuriyyət 100” Ordeni ilə təltif etdi. Ordeni sizə elə səhnədə də təqdim etdilər. Təsirləndiyiniz kənardan aydın şəkildə görünürdü…

- Bəli, dəqiq müşahidədir. Təsirlənmişdim və bu, mənə şərəf verilməsindən irəli gəlirdi. Ukraynalı tamaşaçılar da gördü ki, azərbaycanlılar bir-birinə hansı münasibəti göstərir, əməyə hansı qiyməti verirlər. Bu Ordeni məhz xarici ölkə vətəndaşları qarşısında almağım mənə sözün həqiqi mənasına qürur hissi yaşatdı. Təsirlənməmək mümkün deyildi. Orada elan etdilər ki, həmin ordendən cəmi 100 ədəd hazılanıb. Birini Bakı Musiqi Akademiyasının rektoru hörmətli Fərhad Bədəlbəyliyə, birini də mənə verdilər. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadova öz təşəkkürümü bildirirəm ki, məni belə bir ordenə layiq görüblər. Bilirsiniz, hər birimiz öz sahəmizdə dövlətimizə və xalqımıza xidmət etməyə çalışırıq. Bizim bir olmaqdan, birgə addımlamaqdan və bir hədəfə doğru istiqamətlənməkdən başqa yolumuz yoxdur. Hərə bacardığı qədər dövlətinə və vətəninə qulluq etsə, heç bir problemimiz qalmaz.
 
- Növbəti il Ukraynada hansısa layihələrin reallaşdırılması nəzərdə tutulurmu?

- Sonuncu konsertimizdə Nəsimi sinfonik balet suitasının proqrama salınması təsadüfi deyildi. Siz bilirsiz ki, gələn il Nəsimin 650 illiyi bütün dünyada qeyd olunacaq. UNESCO-nun qərarı və Prezidentimizin sərəncamı var. Bilirsiniz ki, 2 gün əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti, hörmətli Leyla Əliyeva Moskvada Nəsiminin heykəlinin açılışında iştirak etdi. Mənə elə gəlir ki, biz gələn il Nəsimi baletinin Kiyevdə, Dneprdə, Xarkovda səhnəyə qoyulması üçün əlimizdən gələni etməliyik. Bu, çox böyük bir hadisəyə çevriləcək. Ümid edirəm ki, biz bunu həyata keçirə biləcəyik. Bundan başqa, Dneprdə Üzeyr Hacıbəyovun "O olmasın, bu olsun” operettasını təqdim etmək istəyirik.

 
- Azərbaycan musiqisinin dünyada təbliğ olunması istiqamətində Heydər Əliyev Fondunun və şəxsən Fondun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu misilsizdir. Yəqin ki, bu barədə sizin də deyəcəkləriniz var…

- Bəli, tamamilə doğru qeyd etdiniz ki, Heydər Əliyev Fondunun və hörmətli Mehriban xanım Əliyevanın gördüyü işlər əvəzsizdir. Bilirsiniz, mədəniyyəti və incəsənəti təbliğ etmək, elə dövləti təbliğ etmək deməkdir. Bu baxımdan, Heydər Əliyev Fondunun gördüyü işlər cox yüksək qiymətə layiqdir. Bizim çox güclü daxili və xarici siyasətimiz var. İqtisadiyyatımızın inkişaf etdirilməsi, insanlarımızın rifah halının daha da yaxşılaşdırılması, Ordumuzun qüdrətinin artırılması və sairə kimi istiqamətlərdə müxtəlif dövlət proqramları həyata keçirilir və bu siyasətin başında öz prinsipiallığı və əzmkarlığı ilə seçilən dövlət başçımız cənab İlham Əliyev dayanır. Mədəniyyətimizin, incəsənətimizin təbliğ olunması, müxtəlif humanitar aksiyaların və mədəni tədbirlərin təşkili kimi işlərdə isə qeyd etdiyimiz kimi, Mehriban xanımın rolu olduqca böyükdür. Birinci vitse-prezidentimiz bizim konsertlərimizə dəstəyini əsirgəmir. Azərbaycanda Üzeyir Hacıbəyov, Rastropoviç, Qəbələ, Muğam, Caz festivalları məhz Mehriban xanımın təşəbbüsü ilə ərsəyə gətirilir. Biz musiqiçilər, belə nəhəng layihələrə nə qədər ağır zəhmət sərf olunduğunu bilirik. Odur ki, Azərbaycana şöhrət qazandıran bu kimi işlərdə bizim hamimizın iştirakı olmalıdır. Bizə dəstək verənlərin yanında olmalıyıq ki, Azərbaycan adına daha böyük uğurlar qazana bilək. Prezidentimizin ətrafında yumruq kimi birləşərək, dövlətimizin daha da güclənməsi üçün hər bir zəhmətə qatlaşmalıyıq. Ölkəmizə qarşı qərəzli mövqedə dayanan, qara yaxmağa, insanlara yalan informasiyalar yaymağa çalışan qüvvələr var. Biz Azərbaycanın uğurlarını həzm edə bilməyən həmin qüvvələrin məkirli davranışlarına qarşı mübarizədə qətiyyətli olmalıyıq. Hər öz sahəsində dövlət maraqlarının, ümumxalq mənafeyinin keşiyində dayanmalıdır. 40 ilə yaxindir ki klassik musiqimizi təbliğ edirəm .Cünkü bu mənim muqəddəs borcumdur.

Mənim silahım, dirijor çubuğumdur. Bu silahımla Azərbaycanın böyüklüyünü bütün dünyaya nümayiş etdirməkdə əlimdən gələni əsirgəməyəcəm.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər