Əlil uşaqların bağçasında hündürmərtəbəli bina tikirlər – Nəsimidə daha bir “yaşıl soyqrım” / FOTOLAR

1478
Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yaşayış binasının, eləcə də eşitmə qabiliyyəti zəif olan uşaqlar üçün tikilən bağçanın həyətində ağacları qıraraq hündürmərtəbəli bina tikilir. 

Bu barədə Hüseyn Seyidzadə 5a ünvanda yaşayan sakinlərin BakuPost.az-a göndərdikləri şikayət məktubunda bildirilir. 

Sakinlərin sözlərinə görə, ərazidəki binaların əksəriyyəti hündürmərtəbəli olduğundan əhali kifayət qədər sıxdır və insanların istirahəti üçün geniş park, qaz, su, kanalizasiya, kommunikasiya sistemi, uşaqlar üçün istirahət yeri nəzərdə tutulmayıb: "Yaxınlıqda yerləşən uşaq bağçası və məktəbdə yer çatışmazlığı olduğundan, uşaqlarımızı uzaq məsafəyə aparmaq məcburiyyətində qalırıq. Belə bir şəraitdə binanın lap yaxınlığında -  10 metrliyində yeni bir hündürmərtəbəli yaşayış binasının tikilməsi hamını ciddi narahat edir. Sakinlər dərdlərini kimə deyəcəklərini bilmir. Özü də bizi qorxudurlar ki, səsinizi çıxarsanız sizi həbs edəcəklər”.

Şikayətdə bildirilir ki, həmin binanın yeri də qanunsuz olaraq ələ keçirilib: "Binamızın arxa hissəsi rəsmən bizə məxsus 149 nömrəli Mənzil Tikinti Kooperativin ərazisinə daxildir. Kooperativin bütün sənədlərində həmin ərazi sakinlər üçün park kimi nəzərdə tutulub. Lakin "Yeni ev-19” tikinti şirkəti bizə məxsus ərazini, sakinlər üçün parkı zəbt edərək, orada qanunsuz olaraq 16 mərtəbəli bina tikir. Bizim ərazi qanunsuz olaraq zəbt edilib. Tikinti normaları gözlənilmir. Bizim binaya yaxın məsafədə yeni bir hündürmərtəbəli binanın tikilməsi 500-dək sakinin rahat yaşamasına, təhlükəsizliyinə ciddi təhdid yaradır”.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, lazımı addımların atılmadığını da əlavə ediblər: "Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinə şikayət etmişik. Amma bu qurumun nümayəndələri gəlib əvvəlcə tikintinin dayandırılacağını bildirsələr də, sonradan heç bir nəticə olmadır. Və nəticədə sakinlərin şikayəti qulaqardına vurulub, qanunsuz tikiliyə göz yumulur.

Qanunsuz fəaliyyətlə məşğul olanların cəzalandırılması üçün bizə kömək edin. Bizə məxsus olan ərazilər zəbtdən azad edilsin, ərazilər özümüzə qaytarılsın. Kooperativin bütün üzvləri orada istirahət yeri olmasını istəyir”. 

Şikayətçilər yeni binanın tikilməsinin həmçinin fiziki qüsurlu uşaqlar üçün problem yaradacığını vurğulayıblar: "Tikilən yeni bina həm də eşitmə qabiliyyəti zəif olan uşaqlar üçün Bağçanın ərazisinə birləşib. Uşaqların normal istirahət etmələrinə heç bir yer, şərait yoxdur. Yaxşı olardı ki, ərazidə ya yeni bir bağça, ya da park salınsın”. 

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən BakuPost.az bildiriblər ki, həmin bina tam qanuni sənədlər əsasında, tikinti normalarına uyğun şəkildə inşa olunur.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər