Ru
15:04 / 02 Oktyabr 2018

Şah İsmayılın yaşadığı saray, sirli qəbirlər, “qızıl” su - Azərbaycan şahlarının şəhərindən REPORTAJ

10817

Rəssam, pedaqoq Zahir Məlikli Savalanın ətəyində yerləşən Səreyin şəhərində olub, orda gördüklərini geniş şəkildə qələmə alıb. 

 

BakuPost onun hazırladığı geniş reportajı təqdim edir:  

 

(Əvvəli bu linklərdə:




 



Ərdəbildə çox olmuşam. Bircə səfərimdən savayı, digər səfərlərimdə ya özümü, ya da yaxın adamlarımdan birini həkimə gətirmişəm. Yalnız bir dəfə, analizlərin cavabını ala bilmədiyimizə görə gecəni müsafirxanada qalmışam. Gecə qalmaq sərf eləmirdi. Çünki tutduğumuz taksi sürücüsü bizim həm də həkimlə əlaqələndiricimiz olurdu. Əgər gecə qalası olsaydıq, gərək, ya taksinin günülük pulunu ödəyib yola salaydıq, ya da saxlayıb iki günün pulunu verəydik. Bu isə bizim üçün əlavə xərc demək idi. Ona görə, nəyin hesabına olursa olsun, saat 18-dən başlayan həkim qəbulu, bütün proseslər gecənin nə vaxtına qədər çəksə də bitməli idi. Həkimlərin, apteklərin, aparatların bir məhəllədə olmasının üstünlüyü idi ki, bu çox əziyyətli işləri çatdırmaq mümkün olurdu. Və əslində, insafən burada bu işləri görüb bitirməkdə, buradakı bütün tibb heyətini əla tanıyan sürücümüz Hafizin müstəsna rolu olurdu. Ona görə heç vaxt zaman tapıb Ərdəbilin görməli yerlərini gəzmək qismət olmamışdı. Qismət bu günə imiş.


Ərdəbil gəlmədiyim son 3-4 il ərzində xeyli dəyişilib. Əvvəlki çirkli, tozlu-torpaqlı şəhərdən əsər-əlamət yoxdur. Yeni binalar ucaldılmış, asfalt örtüyü yenilənmiş xiyabanlar göz oxşayır. Hər addımbaşı rast gəlinən divarları his basmış kiçik yeməkxanalar da elə bil yoxa çıxıb. Özümü sanki heç vaxt görmədiyim bir şəhərdə hiss edirəm.


Əsrlərin yadigarı, müqəddəs şəhər 



Şumer abidələrindəki qeydlərə əsasən Ərdəbilin 5000 il yaşı var. Tarixi mənbələrə görə şəhər Sasani sülaləsinin nümayəndəsi Firuz tərəfindən V əsrdə salınıb. Bir çox alimlər isə, şəhərin Atropatinlər sülaləsinin dövrünə aid olan mənbələrdə də adının çəkildiyindən, onun əsasının farslar tərəfindən deyil, atopatenalılar tərəfindən qoyulduğunu iddia edirlər. Əməvilər dövründə, Yusif ibn Divdad tərəfindən Azərbaycanın paytaxtı Marağadan Ərdəbilə köçürülüb. Ərdəbilin adı müxtəlif - ərəb, fars, Azərbaycan dillərində izah edilməyə çalışılsa da, hər üç dildə mənası "müqəddəs şəhər” kimi təfsir edilib. Şəhərdə və şəhər ətrafında atəşpərəstlərə aid məbədlərin tapılması, Zərdüştün yaxın Səreyn kəndində yaşaması və Savalanın zirvəsində tərki-dünya olaraq ibadət etməsi barədə fikir və rəvayətlər, Ərdəbilin həm də bir atəşpərəstlik mərkəzi olmasına işarə verir.


Şəhərdə hazırda təqribən 570 min nəfər əhali yaşayır. Şəhər dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşir. Ərdəbil Qərbdən Savalan, Şərqdən Bağro, Cənubdan Büzgüş, şimaldan isə Talış dağları ilə əhatələnib. Ərdəbili məşhurlaşdıran təkcə onun nadir tarixi abidələri deyil, həm də ətrafındakı Səreyn, Sarı dava, Qotur su müalicəvi mineral bulaqları və termal su mənbələridir.


Ərdəbilin əsas tarixi abidələri Şeyx Səfiyəddin və Şah İsmayılın məqbərələrinin olduğu Seyx Səfi kompleksi, Ərdəbil Cümə məscidi və şəhərin Kəhrəlan hissəsindəki Şeyx Cəbrayıl məzarlığıdır.


Şeyx Səfi kompleksi ətrafında tikinti-quraşdırma işləri gedir. Giriş alaqapıya gedən yolun ətrafındakı gül-çiçəklik, sağ və solda qoyulmuş əzəmətli iki heykəl diqqəti cəlb edir. İçəri keçərkən soldakı heykəlin üzərindəki lövhənin üzərində farsca yazının altında M.S.Beyza Ardabili (18520-1925), sağdakı heykəlin lövhəsində isə SH.Attar Ardabili (1727-1776) yazılıb. İçəri meydana bir böyük tağ (arka) və iki kiçik tağ açılır. Kompleksin əsas qapısı Şah Abbas dövründə ərdəbilli naqqaş İsmayıl tərəfindən hazırlanıb. Bu qapı Ərdəbilin Alaqapı meydanına açılmışdır. Sonralar bu qapı götürülüb. Tağlardan içəri girən kimi geniş meydana daxil olursan. Hər yan güllük, çiçəklik olsa da, qarşıda səninlə üzbəüz dayanan böyük ağ heykəl diqqətini cəlb edir. Yaxınlaşıram, Seyx Səfiyəddin Ərdəbilinin heykəlidir.

 

 

 Seyx Səfiyəddin


Meydanı əhatə edən, vaxtilə hansı məqsədlər üçünsə istifadə edilən hücrələr indi antik əşyalar dükanlarıdır. Biri isə Ərdəbil və ətraf məntəqələrdə ucaldılan abidələrin, eləcə də sarayda nə qədər abidələr varsa hamısının müəllifi Vədud Müəzzinin əl işlərinin surətlərinin satış dükanıdır. Dükan bağlı olduğu üçün ustadın işlərinə yalnız şüşənin arxasından baxa bildim. Meydanı dolanıb pul ödədikdən sonra başqa bir alaqapıdan geniş bir bağçaya daxil olduq. Sanki bu dəqiqə şahzadələr və ya xidmətçilər qarşına çıxacaqdı. Bağçanı keçib başqa bir alaqapıdan içəri keçən kimi məşhur "Allah-Allah” günbəzi ilə üz-üzə dayanırsan. Saraya daxil olmamış, günbəzin bayır tərəfində məzar daşı diqqətimi cəlb edir. Bu Şah İsmayılın anası Aləmşah bəyimin məzarıdır.


 

 

Kompleksin bir hissəsi Cənnət Səra məscididir. Bu məsciddə o vaxt ariflər yığışarmışlar. Bu məscidin qalığı Meydan daşı kompleksdə qalmaqdadır. Keçmişdə bu məscidin iki dam örtüyü olub. Qacarlar dövründə bu örtüklər uçulub dağıldığından məscidə 16 taxta dirək üstündə əlavə dam örtüyü düzəldilib. Şah İsmayıl Səfəvinin və atası Şeyx Heydərin də məzarı bu kompleksdədir. Bu məzarların girəcəyi elə əsas giriş mənasını verən "qəndilxananın şahnişini”ndəndir. Şah İsmayılın məzarının üstü kərpicdən günbəz formasında tikilib. Məzarın özü gözəl bir taxta sabduqədən ibarətdir.

  

Sanduqə xatəm və mühəbbət kimi sənət nümunəsi ilə işlənib. Yazılanlara görə, bu sanduqə Humayun şahın hədiyyəsidir. Məzar olan otağın divarları qızıl suyu ilə işlənmiş miniatürlərlə bəzədilib.

 

"Allah-Allah” günbəzi kompleksin əsas elementi olmaqla dünya incəsənətinin şah əsərlərindən sayılır. Bu günbəz Şeyx Səfinin məzarının üstündə ucaldılıb. Beləliklə bayırdan baxanda iki yanaşı günbəz görünür. "Alllah-Allah” günbəzi Şeyx Səfinin, digər günbəz isə Şah İsmayılın türbəsidir. Bu günbəzlər kompleksin mərkəzi komponentləri sayılır.

 

 

"Alllah-Allah” abidəsi


Kompleksin başqa bir hissəsi hərəmxanadır. Hərəmxana "qəndilxana şahnişini”nin şərq hissəsində yerləşir. "Qəndilxana şahnişini”ndən şərq tərəfə bir gümüş qapı çox da böyük olmayan dəhlizə açılır. Bu dəhlizdə iki məzar var. Dəhlizdən keçəndən sonra qoz ağacından düzəldilmiş qapı balaca bir dəhlizə açılır və bu dəhliz də hərəmxananın yoludur.


Əsas hissə olan "qəndilxana” iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə, 2-ci və 3-cü pəncərənin arasında Şah Təhmasibin daşdan oyma üsulu ilə hazırlanmış fərmanı qoyulub.


 

 

Sağ tərəfdə isə, şüşənin altında Şah İsmayılın üst paltaarlarının bir elementi qorunub saxlanılır. Paltarın ölçüsünün böyüklüyü İsmayılın necə igid bir bədənə malik olmasını göstərir.


 

 

Buradan içəri keçəndə, üst tərəflər müxtəlif tağ formasında olan şərq üslubu ilə işlənilib. Bu pramidaşəkilli qübbələr Səfəvi dövründən qalma işlərdir. Əsas giriş qapısı əzəməti ilə seçilir və üzərində 1011-ci hicri-qəməri ilində usta Əmir Əsədullahi Ərdəbili tərəfindən düzəldildiyi qeyd olunub. Bu binanın divarlarında da müxtəlif kitabələr, yazılar və miniatürlər həkk olunub. Bu kitabələrdən birini yerdən 2 metr yuxarıda məstəli xətti ilə ustad Mir Qəvmaddini Rozaxan yazıb. 2-ci kitabə birincinin üstündədir və fəth üsulu ilə Səfəvilərin ən məşhur xəttatı olan Məhəmməd İsmaili tərəfindən yazılıb.


"Allah-Allah” və Şah İsmayıl günbəzləri ustad Maqsud Əli tərəfindən inşa olunub və dediyimiz kimi, burada uyğun olaraq Şeyx Səfiyyəddin Ərdəbili və Şah İsmayıl Səfəvi dəfn olunub. Türbədə Şeyx Səfinin məzarı üstündəki sənduqə Seyid Sədrəddin Musa dövründə hazırlanıb.

  

Bu türbənin arxasında Seyid Sədrəddinin oğlunun məzarı, onun yanında isə Xacə Əli Siyahpuşun məzarı yerləşir. Şeyx Heydər və Şah İsmayıl Xətainin türbələri kompleksi tamamlayır. Həmçinin Həlimə xatun və Fatma xatun türbələri də buradadır. Hərəmxanada isə Şeyx Səfinin qızı, Şeyx Zahidi Gilaninin qızı, Şeyx Səfiyəddinin xanımı Fatimə, vəfatı 908-ci il göstərilən Sultan Bəyazid Xacə Hüseyini Səfəvi, vəfat tarixləri 793-cü il göstərilən Seyyid Müseyiblə Seyyid Heydər və bir də Salamullah ibn Xəlilullah Səfəvi 909-cu ildə dəfn olunub.

 


Çinixana - Çin imperatorundan Şah İsmayıla göndərilən hədiyyələr və rusların qəsbi 


Gözəl memarlıq nümunəsi hesab olunan Çinixana binası da Şeyx Səfi kompleksinə daxildir. Buraya Çinixana adı ona görə verilib ki, vaxtilə Çin imperatoru tərəfindən Şah İsmayıla hədiyyə kimi göndərilən qablar qorunub saxlanılmışdır.



 

 

Binanın divarlarında hər çini qabın özünə məxsus yerlər hazırlanıb. Azərbaycan ustaları tərəfindən hazırlanan qablar və onların divardakı yerləri də adamı heyrətə gətirir. Deyildiyinə görə qabların ümumi sayı 1400 ədəd olsa da, hazırda Çinixanda onlardan cəmi 76-sı qorunur. Divardakı qab yerlərinin çoxu boşdur. Qabların 800-nü ruslar özləri ilə aparıblar. Təxminən 400-ü isə İranın müxtəlif şəhərlərində saxlanılır.



 

Çaldıranda öldürülən osmanlı əsgərlərinin meyitləri hörmət əlaməti olaraq sərdabədə qorunur


Kompleksin arxa tərəfində məzarlıq vardır. Bu məzarlıqda şəhidlər dəfn olunub. Çaldıran döyüşündə şəhid olan osmanlı türklərinin qəbirüstü daşları hörmət əlaməti olaraq, divardakı sərdabələrdə qorunub saxlanılır. Sarayın divarlarından kənarda sanitariya qovşağı çəkmək istəyərkən, torpağın altında bütöv yaşayış məskəni tapılıb. Görünür, bu evlər azad saray xidmətçilərinə aid olub. Bu tikililərin də təbii amillərdən qorunması üçün üstü örtülərək mühafizə olunması üçün işlər görülüb.


 

 

Ümumiyyətlə, bu kompleks 19 hissədən ibarətdir. Mən bütün bu hissələri ardıcıllıqla təsvir etmək gücündə deyiləm. Buranı təsvir etməklə yox, hətta görməklə də tam dərk etmək çətindir. Amma buradan hansı hisslərlə ayrılmağı təsvir etmək ondan da çətindir. Şəxsən, yenə sarayı tərk edib bağça ilə alaqapıya və bu aradan ayrılmağa doğru getdikcə, yenə də bu bağçada vaxtilə gəzişən saray əyanlarını təsəvvürümdə canlandırmağa çalışıram. Doğrudan da "Kimlərə qaldı dünya…”


Onu da qeyd edim ki, saraydan narazı ayrıldım. Dünya şöhrətli tarixi mədəniyyət abidəsində bir səliqə-sahmansızlıq hökm sürürdü. Şəxsən kompleksin arxa həyətindəki məzarlıqla üzbəüz hissələr baxımsızlıqdan az qala uçulub tökülmək üzrə idi. Bəzi hücrələrdə isə restvrasiya işlərinə nə vaxtsa başlanılmış, sonra yarımçıq saxlanılmışdı. Hər halda bu bizim şanlı tariximizin bir güzgüsünə layiq olmadığı diqqətin bariz nümunəsi idi.


Buradakı bütün heykəllərin müəllifi böyük azərbaycanlı heykəltəraş Vədud Müəzzindir. Kompleksdə ustad Vəduda ayrıca bir emalatxana da ayrılıb. Onun emalatxanasına da həyətdəki məzarlıqdan keçib gedirsən. Məzarlıqdakı qəbirüstü daşların üstü nəfis oyma naxışlarla və yazılarla işlənib. Burada elə daşlar var ki, uzunluğu 3 metrə yaxındır. Diqqətimi burada içərisi 4-5 vedrə su tuta bilən ölçüdə yonulmuş bir daş cəlb edir. Bunun məzarlıqla nə əlaqəsinin olduğunu aydınlaşdıra bilmirəm.

 



Sərgi

Alaqapıdan çıxıb sol tərəfdəki heykələ diqqət yetirəndə üzbəüz pəncərənin barmaqlıqlardından o tərəfdəki izdiham diqqətimi çəkir. Maşına doğru istiqamətlənən Şəhrzadı çağırdım. Barmaqlıqların arasından içəri baxanda, bu saraya məxsus böyük bir zalda rəsm sərgisinin keçirildiyini və xeyli adamın rəsm əsərlərinə baxdığını gördüm. Elə bil lampama neft töküldü. Hər halda məşğul olduğum sənət hər yerdə adamı özünə çəkir.

 

 


Bura saray kompleksinə aid olan böyük bir salondur. Ola bilsin ki, o vaxt xüsusi məşvərətlər üçün nəzərdə tutulub. İndi isə burda Ərdəbil incəsənət məktəbinə aid olan sənətkarların rəsm əsərlərinin satış sərgisi təşkil olunmuşdu. Gözəl də işlər idi. Qiymətlər də çox münasib. Bir-iki rəssam ilə qısa söhbətlərimiz oldu. Rəssamlar içərisində qızlar üstünlük təşkil edirdi. Hayıf ki, zamanım azdır, axşam düşür, mənim isə planımda dəyəcəyim yerlərin siyahısında "üstəgəl” qoyulmayan yerlər var. Bu dəfə Azərbaycanın məşhur dühası, Memar Əcəminin əl işləri olan Ərdəbildəki Saleh abidələri, Ərdəbil kilsəsini, Yəqubiyyə, İbrahimabad, Daşkəsən, Təpə, Almas və Asəf körpülərini görmək qismət olmayacaq.


Vədud Müəzzin


Vədud Müəzzin İranın tanınmış azərbaycanlı heykəltəraş, rəssam və müğənnisidir. İslam inqilabından sonra bir müddət İranda heykəllərin ucaldılmasına qadağalar qoyulsa da, sonradan bu sənət sürətlə inkişaf etməyə başladı. Vədud tanınmış məddah, məşhur azanı səsləndirən Səlim Müəzzinzadənin oğludur. Səlim Müəzzinzadəgil 4 qardaş olublar və bu qardaşların 4-ü də İranda yüksək səs tembrləri ilə ad çıxarıblar, bu səslərini yalnız dini istiqamətli mərsiyələrə, nohələrə və azan, quran tilavətinə həsr ediblər. Vəddud gözəl heykəltəraş olmaqla yanaşı, həm də atası və əmiləri kimi sehrli səs imkanlarına malikdir. Onun oxuduğu "Apardı sellər Saranı”, "Sarı bülbül”, "Reyhan”, "O yerdə ki, sülh olsa, o yerdə ziyan olmaz” mahnıları çox sevilir. Onun son işlərindən biri Ərdəbilin mərkəzi xiyabanlarından birində atası Səlim Müəzzinzadəyə qoyduğu möhtəşəm abidədir. Vədud Müəzzinin Ərdəbildə xüsusi incəsənət məktəbi fəaliyyət göstərir ki, o burada şagirdlərinə heykəltəraşlığın sirlərini öyrədir. Çox təəssüf ki, onunla görüşmək cəhdimiz, ustadın Ərdəbildə olmaması səbəbindən baş tutmadı.


Şorəbil gölü


Ərdəbilin cənub-qərb hissəsində nəhəng  Şorəbil gölü şəhər əhalisinin və turistlərin ən sevimli istirahət yeridir. Göl əslində, üç tərəfdən şəhərlə əhatələnib. Ən diqqətimi çəkən gölün ətrafının son dərəcə təmiz və səliqəli saxlanılmasıdır. Gölün kənarında böyük avtomobil dayanacaqları təşkil olunub. Giriş pulludur. Gölün ətrafında istirahətə gələnlərin əylənməsi üçün mini qatar hərəkət edir. İdmançıların hərəkəti üçün isə əlavə gölətrafı cığır vardır. Dincəlməyə gələnlərin harada oturmasına, çadır qurmasına heç bir məhdudiyyət yoxdur. Hətta gölün ətrafındakı parkın yaşıl örtüyünün də üzərində hər cür hərəkət etmək, hətta futbol oynamaq olar, tələb olunan təkcə təmizlik və səliqəylə davranmaqdır. Gölün suyu çox şor olduğuna görə adı Şorəbil adlandırılıb. Şəhər rəhbərliyi göldə canlıların yaşamasını təmin etmək üçün bura şirin su xətti çəkiblər. İndi gölün qırağına düzülmüş iri sal qaya parçalarının üstündə oturanda, balıqların sahilə yaxın şəffaf sularda necə cövlan etməsini öz gözlərinlə görürsən. Biz gölün sahilinə axşamüstü gəlmişdik. Bu vaxtlar bura daha qələbəlik olur. Göldə istirahətə gələnlərin əylənməsi üçün hər cür şərait yaradılıb; gölün içində gəzintilər təşkil olunur, bundan başqa fərdi qaydada uşaqlar üçün xüsusi qayıqlardan, böyüklər üçün isə su velosipedlərindən faydalanmaq olar. Bir sözlə, əcəb görməli və dincəlməli yerdir. Ən əsası havanın təmiz, saf olmasıdır. Üşüyənə qədər suyun dibində daşların üstündə oturub, bütün günün yorğunluğunu çıxardıq. Hava tam qaranlıqlaşanda maşınımıza oturub Səreyinə tərəf istiqamət aldıq.


Alova qərq olan quş 

 

Səreynə çatanda buranın simvolu olan və ikitərəfli yolun ortasında maketi düzəldilən Simurq quşunun işıqları yandırılmış və o yenidən alova qərq olmuşdu. Bu alovlanmış quşun qarşısında da xatirə şəkli çəkdirdik. Sonra evin xanımının-gəlinbacımızın bir neçə dəfə zəng edərək şam yeməyinə evə gəlmək xahişini yerə salmayaraq sola, mənə artıq doğma olan məhəlləmizə üz tutduq.

 

 


Yemək yedikdən sonra, yenə Şəhrzad sınayıcı nəzərlərlə, "nə deyirsən, qardaş, dincələk, ya düşək şəhərə?” deyə məndən söz alır. "Qardaş, Şorəbildə yorğunluğumuzu almışıq, bir də mən bura oturmağa gəlməmişəm ki, dur gedək, həm də qayışımı Savalanda dəvənin üstündəki uşağa verdim, mənə bir kəmər də alaq” deyə yüngül jaketimi çiynimə atıram. Biz piyada evlərin arası ilə mərkəzə enirik. "Gedək, Daryuşgilin dükanında oturub çay içək” deyə Şəhrzad ürəyimdən xəbər verir. Daryuşu Bakıdan tanıyıram. Şəhrzad bizi telefonla əlaqələndirmişdi. Biz əntiq şeylər satılan dükana daxil oluruq. Daryuş dükanda olmasa da, qardaşı Tohid bizi Savalanın ətəklərində bitən can dərmanı olan otlardan dəmlənmiş çaya qonaq edir. Necə də gözəl ətri var. Çayın ətri və istiliyi bədənimə yayıldıqca Şəhrzadın məni sabah haralara aparması barədə düşünürəm.


3-cü gün Səreyində

 "General suyu”nun üstündəki hotel


...Sübh tezdəndir. Yenə şəhərin küçələrində heç gecə olmayıbmış kimi hər şey öz axarı ilə davam edir. Sadəcə adamların və maşınların sıxlığı azdır, vəssalam. "Diri şəhər” dükanı-bazarı, yeməkxanaları, isti su mənbələri və hotelləri ilə oyaqdır.


Şəhrzad qəfil maşını kənara çəkir və az qala zorla iki maşının arasında "Pejo”sunu park edir. "Bu gün də jenral (general) suyuna girək” deyə idman çantasını götürüb qabağa düşür. Girişdən içəri girən kimi şüşədən düzəlmiş kiçik otağında oturmuş kişi uzaqdan Şəhrzadla salamlaşır, "xalaoğlu, xoş gördük, Səreyinə gələndə də heç xəbər-ətər də eləmirsən”, deyib bayıra çıxaraq, dostumla qucaqlaşır. "Burda da tanış çıxdı, yəqin, pulsuz olacaq” deyə zarafat edirəm. Şəhrzad məni kişiyə təqdim edir, kişi isə cavabında "ağeyi Zahir müəllim, bura Şəhrzadın özününküdü, mən bunların fəhləsiyəm, mənim həddim nədir ondan pul alım” deyə onu sinəsinə sıxır. Biz pilləkənlə aşağı düşəndə Şəhrzad deyir ki, bu hotel əmioğlumundur və jenral suyunun üstündə tikilib. Aşağıda camış gölündə olduğu kimi, ayaqqabılarımızı təhvil verib etiket alırıq. Ayağımıza çəkələk geyinib öz saxlanma kameramızı tapırıq. Paltarlarımızı çıxarıb içəri keçmək istəyəndə xidmətçi bizi saxlayıb, tumanlarımızın qaydalara uyğun olmadığını bildirir. İsrarımız nəticə vermir, deyir ki, çıxıb ya yuxarıdan, dükandan almalısınız, ya da bizdə var onlardan götürməlisiniz, söz arası da deyir ki, bizdə ikiqat baha çıxır, yaxşı olar ki, çıxıb özünüz alın. Şəhrzad burdakı qiymətləri soruşur, yaxşı başa düşmədiyimə görə şortun bizim pulla neçəyə olduğunu soruşuram. Hardasa ikisi 70 qəpiyədir. Tez pulu çıxarıb verirəm, "qardaş, tez get gətir, 70 qəpikdən ötəri bu qədər mübahisə etməzdik bilsəydim”. Qardaş da gedib iki tuman gətirir, bizimkilər həqiqətə qalsa oğlanın gətirdiklərindən dəfələrlə abırlı olsalar da geyinib içəri keçirik.



 

Saxlanma kameralarından sonra dar dəhlizdən keçib uzun, işıqlı koridora daxil oluruq. Şəhrzad hər yerlə məni tanış edir. Koridorun başlanğıcında, baş tərəfdə bir kabinetdə daşla masaj üçün iki masa qoyulub. Bu kabinetlə qonşu otaq da masaj otağıdır, hardasa 8 masa var. İrəli gedirik, solda sanitariya qovşağı-ayaqyolu sistemi, daha sonra isə geniş duş şəbəkəsi. Üzbəüz xüsusi kabinetdə əyləşən xidmətçi ciddi şəkildə hovuza gedənlərin yuyunmasına və mühafizə qoruyucu su zolağından keçmələrinə nəzarət edir. Yalnız yaxşıca yuyunub sabunlandıqdan sonra koridorla hovuz tərəfə hərəkət etmək olar. Duşlardan sonra yenə sol tərəfdə ardıcıl olaraq hər tərəfdən soyuq sular fışqıran soyuq hovuz, sonra quru sauna, sonra buxar saunası və sonra da hovuzlar şəbəkəsi. Geniş, üstü şüşəbənd hovuzlar kompleksində üç kiçik, bir böyük hovuz var. Hovuzlardan biri uşaqlar üçün nəzərdə tutulub və dayazdır. Biri dairəvi olmaqla içərisi pilləvaridir. Hər pillədən müxtəlif təzyiqlərdə isti su püskürür. Bura sualtı masaj hovuzudur. Bəzi yerdə oturmaqla yalnız belini masaj etmək olar, bəzi yerdə oturmaqla isə həm belini və eyni zamanda baldırlarını və ümumiyyətlə, aşağı ətrafları masaj etdirmək mümkündür. Yerini dəyişməklə daha güclü və ya zəif şırnaqlardan yararlanmaq olar. Böyük hovuzun yanındakı digər kiçik hovuz isə adaptasiya üçündür. İstəsən burada müəyyən qədər istiliyi az olan suda gəzişib, sonra böyük hovuza girmək olar. Böyük hovuzun suyu hardasa 5 metr yüksəklikdən tökülən su şırnağının hesabına daim yenilənir. Bu həm də boyun və döş hissəni masaj etmək üçün əla bir vasitədir.

 

 

 

Hündürdən tökülən qaynar su şırnağının altında qalmağın xüsusi ləzzəti var. Hovuzun kənarında uzanıb dincəlmək və elə orada masaj etdirmək üçün taxtadan düzəldilmiş uzanmaq yerləri də var. Təkcə masajdan başqa, bütün gün ərzində burada dincəlmək üçün bizim pul ilə 2 manat əlli qəpik ödəmək kifayətdir. Bura yalnız kişilər üçündür, qadınlar üçün də eyni bu cür şərait digər tərəfdə təşkil olunub. Bura da sutka ərzində üç dəfə sudan analiz götürmək üçün qısa müddətə bağlanılır. Yerdən çıxan təbii sulara heç bir qatqı qatılmadan daim hovuzlara vurulur, daim su yenilənərək hovuzdan çıxan su Səreyinin digər belə qalıq su şəbəkəsinə qoşularaq, əkin sahələrinin suvarılması məqsədi ilə xüsusi dəryaçaya axıdılır. Allahın bura bəxş etdiyi sular bu zonaya həqiqətən xeyir-bərəkət gətirib.


Hotelə ala-toranda girsək də, çıxanda günəş başımızın üstündə parlayır, şəhərin qaynar həyatı başlamışdı. Şəhrzadın başqa bir əmioğlusunun yeməkxanasında səhər yeməyini bal-qaymaqla edəndən sonra, yenidən maşına əyləşirik. "Zahir müəllim, indi səni bu yerlərin cənnətinə aparacam”, deyə Şəhrzad maşını şəhərin şimalına doğru istiqamətləndirir. Lap ilk gün şəhərin mərkəzində görüb təəccüb etdiyim təyyarə-kafenin yanından keçərək, şəhərdən çıxırıq.


Sehrli Vilədərə – ayrılmaq istəmədiyim cənnətməkan


Geniş bir vadinin görükümünə çatırıq. Bizdən xeyli aşağıda geniş bir vadi uzanıb gedir. Bir az gedəndən sonra digər maşınların da saxladığı kiçik bir meydançaya çatırıq. Şəhrzad da maşını saxlayır. İnsanlar meydançanın vadiyə tərəf hissəsinin kəmər kimi çəkilmiş səkisinin üstünə çıxaraq şəkil çəkdirirlər. Maşından düşüb səkiyə yaxınlaşıram. İlahi aşağıda necə bir gözəl mənzərə açılır. Vadi boyu müxtəlif tikililər, saysız-hesabsız maşınlar, vadinin içi ilə axan bol sulu çay və çayın içində şəlalələr adamı özünə cəlb edir. Musiqi səsləri vadini başına götürüb. Bizdə İranda guya, qadağan buyurulması deyilən oynaq musiqi sədaları altında çayın kənarında rəqs edən insanların toplusu da elə burdan aydın seçilir. Bura çox yüksəkdir, vadinin o tayı sanki adamın ayaqlarının altında qalır.

 


 

 

Vadi boyu uzanıb gedən rəngbərəng çadırlar diqqəti cəlb edir. Bunların nə olması ilə maraqlanıram. Şəhrzad deyir ki, bunlar da kiçik su hovuzlarıdır. İnsanlar orada da bu hovuzlara girirlər. Onu da deyir ki, bura Vilədərə adlanır və Savalan ətrafındakı soyuq sulu ən tanınmış mineral su mənbəyi burdadır. Sonra öyrənirəm ki, bu su tərkibinə görə dünyada qeydiyyata düşən 3 sudan biridir. Dağlarda böyüdüyümdən heç kəsin risk edə bilmədiyi səkidən bayırda olan qaya parçasının üstünə çıxaraq şəkil çəkdirirəm. Məndən sonra oradakı turistlərdən də bunu təkrar edənlər olur. Şəhrzad da Savalan oğlu olmasını göstərir. Qayanın lap tinində dayanıb məni səsləyir. Qorxa-qorxa onun yanına düşürəm.

 

 


Qarşı tərəf məni özünə doğru çəkir. Maşınımız asfalt yolla üzü aşağı şütüyüb, o taya keçən körpüyə yaxınlaşır. Burada çoxlu villalar var. Hələ üzü aşağı düşməyə başlayanda, villaların ən ucasını Şəhrzad göstərərək deyir ki, ilk villa olaraq, bu binanı burada Cəmşid Nəcəfi tikdirib. Yalnız ondan sonra başqaları burada imarətlər tikməyə başlayıblar. Körpünün bu tayı sanki böyük bir bazardır. Demək olar ki, burada İranın xalq tətbiqi sənətinə aid hər şey satılır. O cümlədən şirniyyat, bal, mürəbbələr və Azərbaycan mətbəxinə aid bütün ədviyyat nümunələri insana gəl-gəl deyir. Yolun kənarları maşınlarla, bazar isə turistlərlə doludur. Biz körpünü keçən kimi bir təhər yer tapıb maşınımızı saxlayırıq. Dayanacaq pulu tələb edən yoxdur. Maşından düşəndə bütün qapıların bağlanıb-bağlanmadığını yoxlayıram. Bunu görən Şəhrzad gülümsünüb deyir ki, maşının qapıları açıq olsa belə burada heç nə ola bilməz. Maşından düşən kimi artıq maşınımız nəzarətə götürülüb. 



 

Buradan 3 yol başlayır. Biri maşın yoludur, irəli gedir, bir yol üstü qapalı bazara girir, bir yol da aşağı, görünür dərəyə düşür. Biz bazara giririk. Sağ və solda can dərmanı da desən satılır. İnsanlar almaqdan çox sadəcə baxırlar. İrəli getdikcə adamın burnuna müxtəlif yeməklərin ləziz iyləri gəlir. Bütün bazar boyu oynaq musiqilər qoyulub. Bazarın təqribən orta hissəsindən qayaların arası ilə aşağıya yol düşür. Pilləkənlər səni təqribən 500-600 metr aşağıdakı şəlalələrə aparır. Biz irəli gedirik, sağdakı restoranda zurna-balabanla aşıq canlı çalıb-oxuyur. Burada hər şey sanki insanla söhbət edir, əhval-ruhiyyə, aura çox möhtəşəmdir. Bir az da irəli getdikdən sonra məşhur bulağa çatırıq. 70-lik boru yoğunluğunda su hovuza tökülür. Hovuzda yalnız paltarlı kişilər uşaqlarını əyləndirirlər. Hündürdən hovuza tökülən sudan kim istəyirsə elə orada satılan plastik qablara doldurub özü ilə götürə bilər. Ovcumu doldurub içirəm. Təqribən qazsız badamlı kimidir. Müəyyən tamı olsa da, çox dadlıdır. Buradan o tərəfə yalnız ətrafları bağlanmış kiçik hovuzlardır. Mənə elə gəlir ki, vadinin döşü olduğu üçün təhlükəli olduğundan burada böyük hovuzlar yoxdur. Hovuzlardakı su qızdırılmır. Kim istəyirsə elə belə də girir. Deyirlər ki, min bir dərdin dərmanıdır. 

 

 


Doyunca su içdikdən sonra, hərəyə bir şüşə qab da doldurub geri qayıdırıq. Pilləkənlərlə aşağıya, vadinin dibinə, şəlaləyə düşürük. Yolun sol tərəfi təhlükəli qayalıqdır. Sağ tərəfindəki qayaların arasında isə müxtəlif satış yerləri və iaşə obyektləri tikiblər. Dərənin içi daha gözəldir. Gur sulu şəlalələr vadiyə xüsusi gözəllik verir. Dərə boyu yuxarı qalxıb yenidən bazarın girəcəyinə yetişirik. 2 manat verib, hələ bazara girəndə dadına baxıb razı qaldığım narşərabın iki 700 qramlığını alıram. Və heç ayrılmaq istəmədiyim cənnətməkana həsrətlə baxıb maşına otururuq.


"Bulaqlar bəs hanı?”


Vilədərədən Səreynə qədər cəmi 3 kilometr yoldur. Qayıdandan sonra Səreyndə dayanmadan, şəhərdən çıxıb Ərdəbil-Təbriz yolundan sağa döndük. Bir qədər gedəndən sonra Nir şəhərinə çatdıq. Şəhəri çıxmağa az qalmış, sola dönüb üzü aşağı yeni bir vadiyə daxil olduq. Ümumiyyətlə, Savalan ətrafında yaşıllıqlara bürünmüş dərələrə, vadilərə tez-tez rast gəlirsən. Çünki yaz-yay aylarında qışda qar örtüyünə bürünmüş Savalanın suları əridikcə bu dərə və vadilər bu suları üzü aşağı çaylara birləşdirib dənizə aparır. Bundan başqa Savalan ətrafında və bu vadilərdə bol sulu bulaqlar çağlayıb çaylar yaradır ki, belə bulaqlardan qaynaqlanan çaylardan birinin kənarı ilə vadi yuxarı maşınımızı sürürük. Çayın sağ və sol tərəfi nəhəng söyüd ağacları ilə yaşıllığa bürünüb. Əsasən tala-tala sahələrin ətrafı sanki söyüd ağacları ilə sərhədlənib. Bütün talalar buraya dincəlməyə gələnlərlə doludur. Bütün kölgəliklər ayrı-ayrı ailələrlə zəbt olunub. Yemək yeyən kim, kabab çəkən kim - hamı məşğuldur, hamı istirahət etmək üçün buranı seçiblər. Uşaqlar qayğısız şəkildə ora-bura qaçışıb oynayırlar. Düşünürəm ki, düz çayın içi ilə çəkilən, bəzən üz-üzə gələn maşınların belə çətinliklə ötüşdüyü dar asfalt yolu nə əcəb sel suları yuyub aparmır. Yol kənarında kim hardasa balaca bir yer tapıbsa, orada maşınını saxlayıb. Biz yolun çaydan aralanıb hündürləşdiyi geniş bir yerdə söyüdlərin kölgəsində maşını saxlayırıq. Sol tərəfdə hiss olunur ki, istirahət mərkəzi var. Ora getmək üçün körpüdən keçmək lazımdır. Körpünün düz yanında iri bir su dəyirmanlarında istifadə olunan çarxlara oxşar taxta bir çarx fırlanmaqdadır. Çarx çaydan suyu götürüb yuxarı hissədə xüsusi düzəldilmiş çömçəsindən istirahət mərkəzinin ortasında qoyulmuş çarhovuza çəkilən boruya ötürür. Sadə və maraqlı mexanizmdir.


Düz çayın üstündə, suya toxunar-toxunmaz düzəldilmiş "besedka”lardan birində özümüzə yer edirik. Bir az aralıdakı yerdən hündürdə düzəldilmiş taxtın üstündə bir ailə istirahət edir. Kişi mütəkkəyə söykənib yekə qarnını böyrü üstə aşırıb qəlyanının tüstüsünü lopa bığlarının arasından buraxmaqla məşğuldur. Digər qonşularımız, evdən gətirdikləri palazı yerə sərib bardaş qurublar. Böyük ailədirlər. Maqnitofonda qoyduqları rəqs havasının ritmlərinə uyğun olaraq böyük və kiçik uşaqlar atdanıb düşürlər. Şəhrzad mütəkkəyə söykənib gözlərini yumur. Doğrudan elə gözəl təmiz hava, suyun şırıltısı adama lay-lay çalır. Onun doğrudan yuxuladığına əmin olandan sonra sakitcə ayağa durub, istirahət mərkəzinin sahibi hiss etdiyim adama yaxınlaşıram. Arıq, dişləri demək olar ki, yoxdur. Adam inana bilmir ki, bu boyda mərkəzin sahibi odur. Nimdaş bir geyim var əynində. Sonra onunla tanışlığımızda məlum oldu ki, Nirdə, Ərdəbildə və Təbrizdə restoranlar şəbəkəsi ona məxsusdur. Yeməyə nələri olduğunu soruşuram. Toyuq və balıq olduğunu deyir. "Balıqlarınız nə balıqdır?”, deyə soruşuram. "Qızıl xallı balıq” deyir. "Nə bişirəcəksiniz balıqdan?” soruşuram. "Kabab” deyir. "Göstərin balıqlarınızı, görüm nə balıqdır sizin bu qızıl xallı” deyə soyuducuya tərəf baxıram. Digər bir nəfər "O de ordadır”, deyə çarhovuzu göstərir. Hovuza yaxınlaşıram, böyük, gipgirdə, kök qaraxallı forellər suda üzüşürlər. "Neçəyə verirsiniz bunları” deyə üzümü arıq oğlana tuturam. "25000 tümənə” deyir. "25000 tümənə nəyi?” deyə soruşuram. "Kilosu” deyir. Mən çaşıb qalmışam. Cibimdəki pulları çıxardıb göstərirəm ki, bunların hansına edir? Məlum olur ki, bizim pulla kiloqramı 4 manat 16 qəpiyə. Onu da deyir ki, 10 min tümən zəhmət haqqı alacaq bişirmək üçün. Bir böyüyünü tutdururam. 1kq 300 qram gəlir. Bir ədəd də iki litrlik Savalan suyu gətirməsini xahiş edirəm. Hamısı bizim pulla 7 manat 50 qəpik edir. Pulu verib Şəhrzadın yanına qayıdıram. "Hardaydın” deyə soruşur. "Balıq "zakaz” verdim, günortanı burda edək, əcəb gözəl yerdir” deyirəm. "Olsun” deyir. Bir azdan bizimlə elə-belə tanışlığa gələn sahibkardan narşərablarının olub-olmamasını soruşuram. "Bizdə elə şey olmur” deyə cavab verir. "Görürsən, bayaq Vilədərədən aldıqlarımız burda necə karımıza gələcək” deyə Şəhrzaddan maşının açarını istəyirəm. "Mən özüm gətirərəm”, deyib cəld ayağa durur.


Setkanın arasında bişirilmiş balıq fikirləşdiyimdən çox və dadlı idi. İştahla yeyib bir xeyli dincələndən sonra bu dəfə də Şəhrzad nəyisə bəhanə edib getdi. Bildim ki, hesabı ödəmək üçün gedib. Və narazı şəkildə qayıdıb incimiş şəkildə gülümsədi. "Bura Səreyn deyil” deyə onun əlini sıxıram.

Biz maşına əyləşib çay yuxarı sürməyə başlayırıq. Demək olar ki, hər ağacın dibində bir ailə yemək yeyir, elə bil bütün İran burda istirahət edirdi. Sanki burada heç kəsin işi-gücü yoxdu, hər kəs imkan tapan kimi bir ağacın kölgəsinə çəkilir. Yuxarı getdikcə sağdakı fontanlar diqqətimi cəlb edir. Sual dolu baxışlarımla oranı göstərdim. "Balıqartırma yeridir” deyə Şəhrzad cavab verdi. "Balıq mənim hobbimdir. Ora mütləq baş çəkək qayıdanda” deyirəm. Şəhrzad razılıq əlaməti olaraq başını yelləyir. Üzü yuxarı getdikcə insanların sayı azalmır, əksinə sağ və solda yeməkxanaların sayı artır. Arada məscid də var. Bu talaların hər biri ayrı-ayrı şəxslərə mənsubdur. Mənə elə gəldi ki, bu boş sahələrə giriş pulludur. Amma bunu dəqiqləşdirə bilmədim və Şəhrzad da dəqiq cavab verə bilmədi. Bulaqlar adlanan yerdə bulaqları görmək ümidi ilə maşının daha irəli getməsinin arzusunda olduğum vaxt yol bitdi. Qarşıda yalnız cəngəllik görsənirdi. "Bulaqlar bəs hanı?” deyə soruşuram. "Bulaqlar yuxarıdadır, bu çay da o bulaqların suyudur. Yuxarılarda hər daşın dibindən bir bulaq çıxır” deyə Şəhrzad çətinliklə də olsa maşını geri döndərir. Fəvvarələrin tuşunda maşını saxlayıb yerə düşürük. Darvazadan içəri girdikdən sonra göz işlədikcə geniş ərazidə müxtəlif hovuzlar görsənir. Soldakı pilləli şəkildə bir birinin ardınca düzülən hovuzlarda suyu gur şəkildə təqribən bir metr yuxarıya qalxıb sürətlə aşağı tökülən fəvvarələr diqqəti cəlb edir. Hovuza yaxınlaşıram, içərisində uzunluqları 40-50 sm olan forellər asta-asta üzürlər. Hovuzlarda əsil dağ çaylarının təbii şəraiti düzəldilib. Hər bir hovuzun ayrı funksiyası var. Ortadakı tikilidə alıcılar növbəyə durub. Burada tutulub gətirilən balıqlar təmizlənir və çəkilərək müştərilərə satılır. Dincəlməyə gələnlərin böyük əksəriyyəti evlərinə buradan balıq alıb aparırlar. Tikilinin sağ tərəfində yenə göz işlədikcə pilləvari hovuzlar bir-birini əvəz edir . Burada süni şəlalələr düzəldilib. Bu hovuzlarda nisbətən kiçik balıqlar ölçülərinə görə yerləşdirilib. Balıqların sayı-hesabı yoxdur. Burada məni təəccübləndirən nə balıqların necə də böyük və kök olmaları, nə sayı, nə də kompleksin necə ustalıqla yaradılması deyil, bu qədər bol suyun olmasıdır. Sanki nəhəng bir çay kompleksə girir və hovuzlardan çıxıb vadi boyu axan əsas çaya qovuşur. Xoş təəssüratlarla vadidən ayrılıb yenidən Nir şəhərinin izdihamlı və maşınlarla dolu Ərdəbil Təbriz magistralına çıxırıq və çıxan kimi də magistraldan ayrılaraq, sağa burulub körpüyə qalxırıq. Şəhrzad mənə yeni möcüzələr göstərmək üçün maşının sürətini artırır.


Vadinin lal sükutunu pozan "Qaynarca su”


Nir şəhərindən aralandıqca, sol tərəfimiz hündür təpələr, sağ tərəfimiz isə yaşıl vadilərdir. Biz yeni Ərdəbil-Təbriz yolu ilə irəliləyirik. Mən hələ bilmirəm dostum məni hara aparır. O ancaq vadilərdəki bəzi kiçik və ya böyük tikililəri göstərərək, "orada da isti su çıxır” deməklə kifayətlənir. Təqribən Nirdən iki kilometr aralandıqdan sonra, gözləmədiyim şəkildə maşının sürətini azaldıb, soldakı nazik dəmirlərlə hasarlanmış sahəni göstərir:  "Bax burda da isti su çıxırdı, adına Burclu su deyirdilər. Uzaq yollar sürücüləri özləri yorğunluqlarını çıxarmaq üçün burada gölməçə düzəltmişdilər. Burdan keçəndə maşınlarını saxlayıb, çimib yollarına davam edirdilər. Sonra buranı hasarladılar, indi suyu boş-boş üstündə durduğumuz körpünün altı ilə axıb aşağı dərəyə gedir”. Şəhrzad maşını körpünün qurtaracağından aşağıya düşən yarıdağılmış asfalt yola döndərir. Aşağıda böyük bir tikili görsənir. Həyətində və düşdüyümüz yolun dərəqırağı hissəsində maşınlar dayanıb. "Bax bura da isti su müalicəxanasıdır. Burda da gamış gölündə olduğu kimi gölün üstü açıqdır”.  Şəhrzad bunu deyib dərənin qırağında saxlanılan maşınların arasında maşınına yer edir. Mən elə başa düşürəm ki, Savalan ətrafında Allahın bəxş etdiyi bu termal sular insanlara şəfa verməklə yanaşı, bir çoxları üçün də biznes mənbəyinə çevrilib. Amma müşahidəmə görə, burada hər şey qayda-qanun çərçivəsində qurulub, insanlara mədəni xidmət və insafla təşkil olunub.


Elə bilirdim ki, biz də bu müəssisəyə dönəcəyik. Ancaq Şəhrzad sürüşüb yıxılmamağım üçün əlimdən tutub sürüşkən çınqıl yolla aşağıya aparır. Əlli metr aralıda yerdən çox böyük təzyiqlə fışqıran suyun səsi gəlsə də, özü görsənmir.

 



 

Su yerdən çıxıb azad olan kimi zərrələrə çevrilərək görünməz olur. Nəhayət, suyun çıxdığı yer görsənir. Su yerdən elə bir hikkə ilə çıxır ki, sanki bu dəqiqə yerin altını üstünə çevirəcək. Məlum olur ki, doğrudan da burada vaxtilə çox böyük fontan olub. Sonra onun üstünü betonla bağlayıblar və bu deşiyi də məhz suyun təzyiqini nisbətən aşağı salmaq üçün saxlayıblar. Suya əl toxundurmaq mümkün deyil, istiliyi 85 dərəcədir. Şəhrzadın dediyinə görə burada elektrik stansiyası tikməklə bu suyun istiliyindən və buxarından istifadə etmək planlaşdırılıb. Amma hələ ki, su qəzəblə yerin altından fışqıraraq vadinin lal sükutunu pozur. Balaca bir deşikdən çıxsa da aşağı əməlli başlı bir arx axır və yuxarıkı müəssisənin istifadə edilmiş suların çaya çevrildiyi dərəyə axıb onlara qovuşur. Bura "Qaynarca su” deyilir. Səreyindən bura qədər 20 kilometr məsafə var.


Unudulmuş Şah Abbas karvansarası


Biz gəldiyimiz yolla yenə Nir şəhərinə geri qayıdıb, bu dəfə köhnə Təbriz yolu adlanan, uzun müddət istifadə olunmamamsına baxmayaraq, hələ də dağılmayan asfalt yola çıxırıq. Bu yol vaxtilə maşınlarla dolu olub. İndi isə bircə maşın belə gözə dəymir. Yol yalnız təpələrin başı ilə çəkildiyinə görə qışda Savalanla üzbəüz olan magistralda hərəkət etməkdə daim çətinliklər meydana çıxıb və küləklər qarı sovurub yolda keçilməz şəpələr yaratdığından, yol mütəxəssisləri yeni yolu sol tərəfdə qalan aşağıdakı vadi boyu çəkməyə qərar veriblər. Təpələrin başı ilə uzanıb gedən yolla tək-tənha maşınımız irəlilədikcə solumuzda, aşağıda qalan yeni yol ilə saysız hesabsız maşınlar şütüyürlər. İnsanda qəribə duyğular yaranır: işə bax, vaxtilə bu yolun da cahlı-cəlallı dövrü var idi; lap insanların taleyinə oxşayır.




 

 

"Şah Abbas karvansarası oradır?” deyə soruşuram. Dostum təsdiq işarəsi olaraq başını yelləyib, "bəəlii” deyir. Maşını yolun kənarında saxlayıb düşürük. Karvansara yolun kənarından cəmi əlli metr aralıdadır. XVII əsrə aid edilir. Heç kim yoxdur. Adam çox duyğulanır, vaxtilə maşın əlindən tərpənmək mümkün olmayan bu yol kimi, bu qədim tarixi abidə də tam kimsəsizdir, qüssəli-qüssəli yollara baxır. Onun da cah-calallı vaxtları olub. Düz İpək yolunun üstündə inşa olunub, gəlib-gedənin bu çöllərdə yeganə sığınacaq yeri olub. Bu boş, kimsəsiz qaya daşlarından inşa edilmiş tikiliyə baxdıqca xəyalımda onun həyətində kövşəyən dəvələri, dirəklərə bağlı rəngbərəng atları, o vaxtın geyimində olan insanları xatırlayıram. Ən çox da insanların başındakı uzunbulla papaqlar və ayaqlardakı çarıqlar elə bil düz gözümün qabağında o tərəf-bu tərəfə hərəkət edir. Qəribə hisslər aləminə düşmüşdüm, həqiqətən. Yeganə alaqapıdan içəri keçirəm. Buranın tamamilə nəzarətdən kənarda qalması ayağını içəri basan kim hiss olunur. Hər yan uçub dağılıb.

 


 

Girişdə və otaqların bəzilərində yer uçaraq aşağıda dərin yarıqlar əmələ gəlib. Şəhrzad deyir ki, yalnız zəlzələdə bura uçandan sonra məlum oldu ki, karvansaranın əslində, zirzəmisi və ya yerin altında olan birinci mərtəbəsi də olub. Mən bilmirəm, amma heç bunun tədqiq olunması da hiss olunmur. Çünki necə yer batıbsa, eləcə də qalıb. Hər halda qazıntı işləri aparılsaydı mütləq hiss olunardı. Karvansara çox möhkəm tikilib.

 

 

 

Demək olar ki, ümumi tamlığını qoruyub saxlayııb. Çox yüngülvarı xərc çəkməklə bu gözəl tarixi abidənin əvvəlki görkəmini bərpa etmək olar. Hətta çox təəccüblüdür ki, bu abidə niyə bu qədər qədirsiz edilib? Abidənin dövlət tərəfindən qorunması barədə və haqqında bilgi verən adi bir lövhə belə yoxdur. Daşlara nəsə farsca yazılıb, mənasını soruşuram, Şəhrzad deyir ki, bu yazının qalaya heç bir aidiyyəti yoxdur. Yaxınlıqdakı bir sahibkar cücələri barədə reklam yazmaq istəyib, amma bu soyuq daşlar qəbul etmədiyinə görə yarımçıq qalıb. 


Karvansaradakı hər bir hücrəyə başımı saldıqca içəridə mütəkkəyə söykənib qəlyanını asta-asta fısqırdan və ya çayını içib yorğunluğunu çıxaran yolçular və çarvadarlar gözümün qarşısına gəlir. Karvansaranın içərisində heç olmasa heyvan peyinini görmək istəyirəm ki, bura heyvanların təşrif gətirməsindən belə az da olsa təsəlli tapım. Onlar da yoxdur...


Karvansaranın ətrafına dolanıram. Kənardan tamlığı bütöv olaraq özünü qoruyub saxlayıb. Bircə daşı belə düşməyib.

 

 

 

İranda tarixi abidələrə biganəliyin bir daha şahidi olaraq, təəssüf hissi və duyğularımın məngənəsində boğula-boğula Savalana tərəf baxıram. Ərdəbildən bura qədər 40 kilometrdir.

Halımın pis olduğunu dostum da hiss edir. O da qədim, tarixi yerlərin həvəskarıdır. Heç birimiz danışmırıq. Şəhrzad sükutu pozmaq üçün, "bura yolun ən hündür və Savalanla baxımlı yeridir, düş bir şəkil çəkdirib sonra gedək” deyə maşını saxlayır. "Allah köməyin, olsun, lap ürəyimdən xəbər verdin” deyə ürəyimdə fikirləşirəm.


Şəkil çəkdirəndən sonra maşını mən sürürəm. Köhnə Təbriz yolunda nə bir yol nişanı var, nə radar, nə də bir polis gözə dəyir. Bu İran "Pejo”ları rahat və manevrləri yaxşı olmaqla bərabər, həm də olduqca qənaətcil maşınlardır. Şəhrzad məni Astaradan götürüb Astarada yola salana qədər, bir dəfə də olsun maşına yanacaq vurmadıq. 100 kilometrə cəmi 5 litr benzin işlədir. Yanacağın keyfiyyətinə də söz ola bilməz. Hərəkətin intensivləşdiyi yerə çatan kimi düşüb maşının idarə olunmasını sahibinə həvalə edirəm.


Daryuş, köyüllər və Gənzək (Gəncə) kəndinin xərabələri

(Ardı var)

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər