Ru
17:45 / 16 Oktyabr 2017

"BU GÖRÜŞ AZƏRBAYCANIN SİYASİ UĞURUDUR” - Prezidentlərin görüşünə operativ ŞƏRH

3856
"Ermənistan növbəti dəfə biabır oldu” 


 

"Prezident İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın görüşünün baş tutması Azərbaycanın diplomatik uğurudur”.

 

Bu sözləri BakuPost.az-a açıqlamasında YAP Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə prezidentlərin bu gün Cenevrədə baş tutan görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistan aprel müharibəsindən sonra irəli sürdüyü şərtləri geri çəkib və görüşə razı olub: "Ötən ilin aprel hadisələrindən sonra Ermənistan Azərbaycanla yalnız müəyyən şərtlər qəbul olunarsa, görüşə gedəcəyini bildirmişdi. Lakin sonradan öz şərtlərindən imtina etdi və qeyd-şərtsiz danışıqlara getdi. Dünya qarşısında özünü növbəti dəfə ifşa etdi. Bu, Azərbaycanın prinsipiallığının qəbul edilməsidir. İkincisi, danışıqları davam etdirmək barəsində prezidentlərin razılığı göstərir ki, müəyyən məsələlər müzakirə edilərək nəticəyə gəlinib. Ermənistanın nə dərəcədə konstruktiv olacağını, nə dərəcədə danışıqları davam etdirməklə problemi həll etməkdə maraqlı olduğunu zaman göstərəcək. İndidən nəticəni demək çətindir. Dəfələrlə Ermənistan əldə olunmuş razılıqlardan çox asanlıqla imtina edib. Ancaq iş burasındadır ki, Ermənistanın nə iqtisadi, nə siyasi, nə hərbi gücü qalıb. Ermənistan bu gün ancaq müharibədən çıxmaqla özünün dövlətçiliyini qoruyub saxlaya bilər. Ona görə də danışıqlar Ermənistana hava-su kimi lazımdır. Nəticəsinin necə olacağını isə zaman göstərəcək”. 

 



Cəbhədə son vaxtlar artan gərgin gecələrin səngiyəcəyi ilə bağlı konkret nəsə deməyin çətin olduğunu bildirən A. Mirzəzadə qeyd edib ki, ermənilər geri çəkilməzsə, uduzan qarşı olacaqlar: "Azərbaycan prinsipial mövqeyindən geri çəkilmir. Ermənistan isə işğalçılıq siyasətini davam etdirməklə özünün dövlətçiliyini itirmək təhlükəsi ilə üzbəüz qalıb. Bu gün Azərbaycanın ərazi bütövlüyünə hörmət etməsə, bu, Ermənistan adlı dövlətin xəritədən silinməsinə gətirib çıxaracaq”.

 

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrədə, İsveçrə zirvə görüşü keçiriblər. ATƏT Minsk Qrupunun həmsədrləri görü barədə bəyanat yayıblar. Bəyanatda bildirilir ki,  Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar.

 

N.Etibar
"BU GÖRÜŞ AZƏRBAYCANIN SİYASİ UĞURUDUR” -  Prezidentlərin görüşünə operativ ŞƏRH
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər