Ru
23:52 / 19 Oktyabr 2017

Etirazçılar tələblərini Poroşenkoya təqdim etdi

913
Kiyevdə Ali Radanın qarşısındakı aksiya iştirakçılarının müşayiət etdiyi bir qrup deputat  prezident administrasiyasının komendantı vasitəsilə tələblərini ölkə başçısı Pyotr Poroşenkoya təqdim edib. 

 

BakuPost.az-ın APA-ya istinadən məlumatına görə, tələb bir qrup deputatın Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında hazırladığı qanun layihəsinin qanunvericiliyə uyğun olaraq prezidentin öz adından Radaya təqdim edilməsini nəzərdə tutur. Bundan sonra piket  iştirakçıları etirazçıların Ali Radanın qarşısında yaratdığı çadır şəhərciyinə dönüblər.

 

"Prezident administrasiyasının komendantı Poroşenkonun iş yerində olduğunu bildirdi, biz də  antikorrupsiya məhkəmələrinin yaradılması haqqında qanun layihəsini verdik. Prezident onu təsdiq etməli, Radadakı çoxluq isə sənədin lehinə səs verməlidir”, - deyə fraksiyadan kənar deputat  Yuri Levçenko Ali Radanın qarşısındakı aksiya iştirakçılarına bildirib.   

 

Bundan əvvəl xəbər verildiyi kimi, etirazçıları təmsil edən nümayəndə heyəti Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında qanun layihəsini prezident Pyotr Poroşenkoya təqdim etmək üçün prezident administrasiyasına yollanıb.  

 

Prezident administrasiyasının qarşısına polis qüvvələri cəlb edilib. Lakin etirazçılarla polis arasında heç bir insident baş verməyib. 

 

Xatırladaq ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyi, Alternativlər, Həqiqət, Batkıvşina, Özünə Dəstək və digər partiyaların tərəfdarları, o cümlədən "Sağ sektor”, "Milli Korpus” təşkilatlarının üzvləri Kiyevdə Ali Radanın qarşısındakı Konstitusiya meydanında bir neçə gündür aksiya keçirir.

 

Aksiya təşkilatçıları və iştirakçıları parlamentdə deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda ölkədə antikorrupsiya məhkəmələri yaratmağı tələb edirlər.

 

Qeyd edək ki, Ali Rada bu gün etirazçıların bir neçə tələbini icra etməyə başlayıb. Belə ki, Rada deputat toxunulmazlığının ləğvi haqqında qanunu baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Parlament həmçinin seçki qanunvericiliyini nəzərdən keçirməyə başlayıb. Lakin Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında qanun layihəsi Radanın gündəliyinə daxil edilməyib.  

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər