Ru
13:47 / 12 Noyabr 2018

Fermerlər məhsullarını niyə sata bilmir? - Nazirlik 3 çıxış yolu təklif edir/ Açıqlama

3119
"Ötən dövr ərzində müşahidə etdiyimiz problemlərdən biri fermerlərin istehsal etdiyi məhsulu sata bilməməsidir”.


Bunu BakuPost-a çıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov bildirib. 


V. Hüseynov deyib ki, aparılan araşdırmalar göstərir ki, məhsul satışı ilə bağlı məsələnin kökündə üç amil dayanır: "Birincisi, fermerlər planlı əkin həyata keçirmirlər. Fermer məhsulu əkən zaman onun satış bazarı, bazarda bu məhsula nə qədər tələbat olduğu barədə məlumatlı olmalıdır. Lakin əksər fermer nə əkəcəyini planlaşdıran zaman yalnız bir faktoru nəzərə alırlar - bu il bazarda hansı məhsul baha olub? Əgər ötən il bazarda sarımsaq baha olub və fermerlərə yaxşı gəlir gətiribsə, növbəti il hamı sarımsaq əkməyə başlayır, nəticədə bazarda təklif tələbi üstələyir və qiymətlər ucuzlaşır. Nəticədə fermer gözlədiyi gəliri əldə edə bilmir. Burada bir haşiyə çıxmaq istəyirəm. Əslində, məhsulun satış problemi yoxdur, fermerlərin məhsulu arzuladığı qiymətə sata bilməmək problemi var. Fermer bu riskin ola biləcəyini əvvəlcədən hesablaya bilməli, marketinq işini düzgün qurmağı bacarmalıdır. Məhsulun daxili bazar, yoxsa ixrac üçün becərildiyini müəyyənləşdirməli, əgər ixracyönümlü məhsul becərirsə, ixrac bazarlarında yarana biləcək riskləri nəzərə almalıdır. Yəni, müasir fermer təkcə işini məhsul becərməklə bitirməməlidir, həm də marketinq, planlaşma işini bilməlidir. Eyni zamanda satış problemi ilə üzləşdikləri halda fermerlər məhsulu emala yönəltmək barədə düşünməlidir. Fermerlər üçün keçirdiyimiz təlim proqramına təkcə bitkilərə aqrotexniki qulluq qaydaları barədə deyil, məhsulun emala yönəldilməsi, markalaşdırma, brend yaratmaq, marketinq işi barədə də kurslar daxil edilib".

 

Картинки по запросу vüqar hüseynov kənd təsərrüfatı 


Şöbə müdirinin müavini nazirliyin problemin çıxış yolunu fermerləri maarifləndirməkdə gördüyünü qeyd edib: "Bu məqsədlə cənab prezidentin imzaladığı fərman əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Mərkəzin əsas funksiyalarından biri daxili və xarici bazarları öyrənmək, ixrac imkanlarını dəyərləndirmək, ənənəvi xarici bazarlarda hansı məhsula tələbatın daha çox olacağına dair proqnozlar hazırlamaqdan ibarətdir. Bu araşdırmaların nəticəsində fermerlərə gələn il daxili bazarda və qonşu ölkələrdə hansı məhsula daha çox tələbat ola biləcəyinə dair tövsiyələr, yaxud hansı məhsulun daha bol olacağı, nəticədə qiymətlərin bu ilə nəzərən ucuzlaşacağı barədə ehtimallar verilir.  Digər tərəfdən nazirlik "Elektron kənd təsərrüfatı” elektron informasiya sistemi üzərində çalışır. Mezanimz belədir – fermer sistemə daxil olaraq şəxsi kabinet yaradır, orada öz əkin sahəsini elektron xəritə üzrə tapır və orada növbəti il üçün hansı məhsul əkdiyini qeyd edir. Fermer bu sistemə daxil olanda həm öz bölgəsində, həm də ümumiyyətlə ölkədə digər fermerlərin nə əkdiyi barədə məlumata sahib olur. Məsələn sistemə daxil olarkən bu il əksəriyyətin noxud əkdiyini görürsə, deməli, gələn il bazarda noxudun çox olacağını, qiymətlərin aşağı düşəcəyini təxmin edə bilir və planlaşmada bu amili nəzərə alır”. 


V. Hüseynov bütün bunlarla yanaşı fermerlərin məhsul satışı ilə bağlı problemini həll etmək üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkəti yaradıldığını nəzərə çatdırıb: "Şirkətin əsas missiyası fermerlərin əlində qalan məhsulu realizə etmək üçün bazar tapmaqdır. Dövlət Aqrar Ticarət Şirkətinin mütəxəssisləri məhsulun satmaq istəyən fermerlərlə əlaqə saxlayır, onları iri supermarketlər şəbəkələri, bazarlar ilə əlaqələndirir. Artıq Dövlət Aqrar Ticarət Şirkətinin "Kənddən şəhərə” layihəsi də fəaliyyətə başlayıb, bu layihə çərçivəsində fermerlərdən alına məhsulların satışı daha optimal yollarla həyata keçiriləcək”.


Çingiz

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər