Gəncədə gənc bir ailənin durumu dəhşət saçır, ürəkləri ağrıdır.
BakuPost-un məlumatına görə, söhbət Elnarə Süleymanova ilə Taleh Məmmədovdan gedir.
Cütlük 4 ildir, şəhərin "Alüminumçular bağ massivi” adlandırılan ərazisində yaşayır.
Anası Elnarənin kimsəsiz, evsiz bir oğlanla ailə qurmasına razı olmayıb. Buna baxmayaraq, Elnarə özündən 4 yaş böyük Talehə qoşulub qaçıb. Onlar "Alüminumçular bağ massivi”nə bir çadırda yaşamağa başlayıblar. İndiyə qədər rəsmi nikahları olmayan cütlüyün 2016-c ildə bir qız övladı da dünyaya gəlib. Bir-birini sevən cütlüyün sosial durumları acınacaqlıdır.
Taleh günəmuzd fəhləlik etməklə, Elnarə isə kəndlərə gedib insanların xalça-palazını yumaqla dolanışıqlarını təmin etməyə çalışır. Elə qız övladı da hamilə olarkən həyətlərin birində xalça-palaz yuyarkən dünyaya gəlib. Övladları dünyaya gələndən sonra topladıqları vəsait hesabına bir dəmir vaqon tapıb, vaqonda yaşamağa başlayıblar.
Vaqonda isə işıq, qaz, su yoxdur. Ailə ətrafdakı zibilliklərdən topladıqlarını yandırmaqla qızınmağa, uzaqlıqdakı artezian quyusundan su gətirməklə birtəhər yaşamağa çalışır. Elnarə günəmuzd iş axtaran həyat yoldaşı ilə birgə körpə uşağını da götürərək, yenə də kəndlərdə xalça-palaz yumaqla çörək pulu qazanmağa çalışır. Xalça-palaz yumaq işini də hər zaman tapmaq olmur.
Elnarə və Taleh rəsmən işsiz olduqları üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun şəhərdəki müvafiq qurumlarına da müraciət ediblər. Ancaq cavab belə olub ki, sosial yardım üçün öncə hansısa bir iş yerindən arayış alıb gətirməlidir. İndiyə qədər günəmuzd fəhlə işləmiş, kəndlərdə yer belləyib, zibil daşımış şəxs hansı iş yeridən arayış ala bilər?!
Elnarə Süleymanova son çıxış yolunu media vasitəsi ilə dövlət qurumlarına müraciətdə görüb. Sualı budur ki, dövlətin aztəminatlı ailələrə kömək üçün ayırdığı vəsaitdən nə üçün onun ağır vəziyyətdə olan ailəsinə pay düşmür?! Qarşılaşdığı bütün əziyyətlərə baxmayaraq sevdiyi insanı atmayan, körpə övladı üçün bütün mərhumiyyətlərə sinə gərməyə çalışan Elnarə bir Azərbaycan xanımı kimi dövlətin onun da ailəsinə qayğı göstərəcəyinə inanır. İnanır ki, insaflı məmurlar tapılacaq və onun da ailəsinə lazımı sosial dəstək veriləcək...