“Günahsız övladlarımızın qanı yerdə qalmayacaq” - Prezident

Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçılarına təbrik məktubu göndərib.

BakuPost.az-ın məlumatına görə, məktubu Forumun açılış mərasimində Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov oxuyub.

Məktubda deyilir: "Hörmətli forum iştirakçıları, əziz uşaqlar! Sizi – Uşaqların IV Ümumrespublika Forumunun iştirakçılarını, eləcə də ölkəmizin bütün uşaqlarını səmimi qəlbdən salamlayır, hamınıza ən xoş arzularımı çatdırır, hər birinizə cansağlığı, xoşbəxtlik və gələcək həyatınızda nailiyyətlər arzulayıram.

Uşaqların taleyinə aid məsələlər hazırkı dünyada sabahını düşünən cəmiyyətin çox mühüm prioritetlərindədir".

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətimizin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim qayğı göstərilməlidir” sözləri bir an belə unudulmadan ölkəmizdə uşaq hüquqlarının ən etibarlı şəkildə qorunması üçün zəruri şərait yaradıb:

"Övladlarımızın yüksək mənəvi və sosial müdafiə mühitində böyüməsi, müasir standartlara uyğun, keyfiyyətli təhsillə, tibbi xidmətlərlə təmin edilməsi və xalqımızın milli dəyərlərə sadiq mənən zəngin övladları kimi formalaşması Azərbaycan dövlətinin uşaqlarla bağlı ardıcıl siyasətinin başlıca prinsiplərindəndir.

Uğurla icra olunan çoxsaylı sosial yönümlü layihələr də bu amala xidmət göstərir. Uşaqların müdafiəsi ölkə Konstitusiyası ilə, qanunvericlik və normativ hüquqi aktlarla tənzimlənir".

Daha sonra məktubda deyilir: "Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Bu ölkənin gündən-günə daha güclü və daha qüdrətli olması sizin gələcək xoşbəxt və firavan həyatınızın təminatıdır".

Dövlət başçısı bildirib ki, Azərbaycan sürətli inkişaf yolundadır: "İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə etibar edəcək. Qətiyyətlə deyə bilərəm ki, siz istedadınızı və yaradıcılıq potensialınızı üzə çıxartmağınız üçün ölkəmizdə geniş imkanlara maliksiniz.

Dövlətimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində hüquqları kobud şəkildə pozulmuş qaçqın və məcburi köçkünlərimizin, onların uşaqlarının müdafiəsi naminə öz qüvvəsini səfərbər etmişdir.

Əminrəm ki, düşmən təxribatına qurban olmuş günahsız övladlarımızın qanı yerdə qalmayacaq və erməni təcavüzünə son qoyulacaq. Azərbaycanın haqq işi qalib gələcək və ədalət bərqərar olacaq.

Ümidvaram ki, forum çərçivəsində aparılacaq müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyyasətinin layiqincə həyata keçirilməsi işinə öz töhfəsini verəcək".
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

14 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər