Ru
23:19 / 18 Oktyabr 2017

"Hakim düz qərar qəbul etmədi" - Qurban Qurbanov

1083
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən "Qarabağ” – "Atletiko” (0:0) matçından sonra keçirilən mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib.


BakuPost.az xəbər verir ki, mətbuat konfransında Qurbanov bunları deyib: "Həqiqətən, ağır oyun oldu. Uşaqlar sona qədər düzgün oynamağa çalışdılar və maksimum güclərindən də artığını meydanda qoydular. Azarkeşlər də bu gün bizə yaxşı dəstək oldular. Vacib xal qazandıq. Bu turnirin gücünü hiss etməyin futbolçularımıza böyük faydası olacaq”.


- Bundan öncəki oyunları belə keçirməyiniz üçün nə çatmırdı?

- Bir işə yeni başlayanda həyəcan həddindən artıq olur. Bu gün istəyimiz çox idi. Amma oyun ərzində çatışmayan cəhətlərimiz də oldu. Rəqibə bir neçə qol şansı verdik. Düşünürəm ki, futbolçularımız getdikcə daha faydalı oynayacaqlar.


- Matçdan sonra Dino Ndlovu ilə söhbətiniz oldumu? İkinci sarı vərəqəni aldığı epizodla bağlı nə dedi?

- Dino ilə söhbətimiz olmadı. Sadə epizod idi. Məncə, hakim düz qərar qəbul etmədi. Penalti verməsəydi belə, ikinci sarı vərəqəni göstərməməli idi. Ndlovu da çox üzgün idi.


- "Atletiko” ilə matçda bu qədər fiziki güc sərf etmək növbəti oyunlarda sizə problem yarada bilərmi?

- Bəli, futbolçular çox güc itirdilər. Rəqib də bunu bizdən tələb edirdi ki, hücumçularımız müdafiədə də diqqətli olsunlar. Bir daha şahid olduq ki, Çempionlar Liqası digər turnirlərdən çox fərqlidi. Burda gərginlik də çox olur. Belə oyunlardan sonra hər hansı futbolçumuzda kiçik problem olur və bərpası üçün vaxt lazım gəlir. Maksim Medvedev və Bədavi Hüseynovda bu halı müşahidə etdik. Bu cür təzyiq bizə ilboyu yad olur. Oyunçularımızın çoxu buna dözdüsə, sevinirəm. Əfsuslar olsun ki, rəqibin futbolçuları bütün komponentlərdə bizdən üstündü. Belə oyunların sayı çox olmalıdı. Bir daha oyunçularıma təşəkkür edirəm.


- Bu günlərdə övladını itirən Vild-Donald Gerrye "Atletiko” ilə matça psixoloji cəhətdən hazır idi?

- Övlad itirmək çox ağırdır. Komanda olaraq, onun yanında olduq. Mənim də görüşümdən sonra gəlib, məşqdə iştirak etdi. Futbol bəzən ağrı və acını yaddan çıxarır. Ona ehtiyacımız var idi. Matçın sürətini artırmaq və hava toplarında daha kəsərli olmaq üçün Gerryeni meydana buraxdım.


- Matçın sonlarında zədə alan Bədavi Hüseynovun durumu nə yerdədir?

- Həkimlərin bu gün dediyi fikir heç də xoş deyil. Dizində ağrıları var. Sabah rentgendən keçəcək, ondan sonra dəqiq bilinəcək.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər