Hamam məhlə içində... - Sakinlər buxardan boğulur, Yasamalda acınacaqlı durum/ FOTO

1743
Yeni Yasamal 2, bina 1 ünvanında yerləşən yaşayış binasının düz qarşısında böyük hamam tikilib.

BakuPost xəbər verir ki, yaşayış binasının həyətinə açılan "Osmanlı” hamamı orada yaşayan sakinlərin narazılığına səbəb olub. Sakinlər məsələ ilə bağlı saytımıza şikayət edərək bildiriblər ki, hamamdan çıxan xoşagəlməz hava və buxar onların evlərinə dolur, ətraf mühitin havasının isə ciddi şəkildə korlanmasına səbəb olur.

Əhali həm də hamama gedib-gələnlərin əlindən bezar olub. Belə ki, hamama gələnlər maşınlarını binanın həyətində park edir ki, bu da sakinlərin gediş-gəlişinə mane olur. Onlar yaşadıqları binanın həyətində hamama gələn maşınlar səbəbindən öz maşınlarını park edə, rahat gəzə bilməməkdən şikayətçidirlər.
 


Bina sakinləri qeyd edir ki, sözügedən tikilinin hələ özülü atılanda onlar məsələ ilə bağlı aidiyyəti qurumlara şikayət ediblər. O vaxt tikilinin hamam olacağından xəbərsiz olublar. Buna baxmayaraq, yeni tikilinin onlar üçün hər mənada sıxıntı yaşadacağını əvvəlcədən görərək, şikayət üçün dövlət qurumlarının qapısını döyüblər. Amma şikayətləri nəticəsiz qalıb və tikili sonda "Osmanlı” hamamı kimi fəaliyyətə başlayıb.

BakuPost-un əməkdaşı yaşayış yerinə bu qədər yaxın məsafədə hamam tikilməsinin ətraf mühitə zərərlərini öyrənmək üçün mütəxəssisə müraciət edib. Ekoloq Möhsün Qurbanov deyib ki, bu kimi obyektlərdən ətrafa təmizlənməmiş hava buraxılması ciddi problemdir: "Hazırda restoran, kafelərdən havaya atılan qazlarla bağlı məsələ qaldırılıb. Sahibkarlardan filter quraşdırılması tələb olunur. Həmin məsələ bura da şamil edilə bilər. Hardasa yanma qurğusu varsa və yanma məhsulları təmizlənməmiş ətrafa buraxılırsa, bu, ətraf mühitə ciddi ziyan vurur, atmosfer havasının keyfiyyətini aşağı salır. 

Əgər bilavasitə yaxınlıqda yaşayış yeri varsa, yayılma şəraitinin necə olduğuna baxmaq lazımdır. Binaların lap arasındadırsa, hava uzun müddət həmin çevrədə, həmin mühitdə qala bilirsə, əlbəttə pis təsir edir. Müəyyən konsentrasiyalar var. Monitorinq aparılmalıdır. Birdən-birə həmin hamamdan havaya zərərli qaz atıldığını demək düzgün olmaz. Həm də yerləşmə yeri əhəmiyyət kəsb edir axı. Bəlkə küləkli zonada yerləşir, şimal küləyi oradakı havanı götürüb harasa aparır, bunlara baxmaq lazımdır.
 


İstənilən halda əgər üzvi yanacaq yandırılırsa, yanma məhsulları böyük miqdarda ətrafa yayılırsa, orada yaşayan insanlara, yaşayış mühitinə mənfi təsir göstərir”. 

Ekoloq qeyd edib ki, monitorinq aparıldıqdan sonra həmin hamamdan havaya lazım olduğundan artıq miqdarda zərərli maddə atdığı təsdiq olunarsa, hamam həm cərimə edilməli, həm də barəsində tədbir görülməlidir. 

"Restoran, kafelərdə tətbiq olunan filter məsələsi hamam təsərrüfatı üçün də tətbiq edilsə, yaxşı olardı”, - deyə M.Qurbanov əlavə edib.
 


Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova BakuPost-a açıqlamasında deyib ki, sözügedən ərazidən hava nümunələri götürüləcək və analiz olunacaq: "Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları hamamın yerləşdiyi ərazidən hava nümunələri götürəcək. Əgər atmosferə atılan tullantıların miqdarı normadan artıq olarsa, o zaman nazirlik tərəfindən həm hamam, həm də rəhbərliyi barəsində tədbir görüləcək”.

Məsələ ilə bağlı Yasamal İcra Hakimiyyətinin mətbuat xidmətindən BakuPost-a bildiriblər ki, sakinlər şikayət etsə, əraziyə baxış kecirilə, müvafiq addımlar atıla bilər: "Həmin hamamla bağlı icra hakimiyyətinə heç bir şikayət daxil olmayıb. Əgər sakinlər şikayət etsə, məsələ araşdırılar”.
 
Nigar
BakuPost
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər