Ru
20:05 / 19 Noyabr 2018

“Həkimlərin hüququnu qoruya bilən vəkil yoxdur” - Rəşad Mahmudov

5434

Bu gün Azərbaycanda həkimlər bəlkə də ən çox tənqidə məruz qalan peşə sahibləridir. Xəstəxanalarda xəstələrlə bağlı istənilən diqqət çəkən hadisə, xəstənin vəziyyətinin ağırlaşması, yaxud hansısa səbəbdən həyatını itirməsi ilə bağlı məsələlər cəmiyyətdə müzakirə obyektinə çevrilən zaman bunun şahidi oluruq.  


BakuPost xəbər verir ki, Millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudov Medicina.az-a müsahibəsinin ikinci hissəsində məhz həkimlərin hüquqlarının qorunması sahəsindəki boşluqlardan, buna yol açan əsas səbəblərdən danışır.

 

Müsahibənin əvvəli


- Pasiyentlərin hüquqları qanunvericiliklə qorunur, media və cəmiyyət də pasiyentlərin hüquqlarına həssas yanaşır. Bəs həkimlərin hüquqlarının qorunması hansı səviyyədədir? Bu sahədə ixtisaslı vəkillər varmı?


- İstənilən bir məsələnin hüquqi müstəvidə müzakirəsi üçün bəlli bir standartlara, hüquqi qüvvəsi olan sənədlərə ehtiyac var. Bu gün tibb subyektiv dəyərlər üzərində, uzun illərin təcrübəsi ilə yaranan bir tətbiqi sahədir. Eləcə də xəstə yaxınının etirazı tamamilə hisslərə əsaslanan bir hərəkətdir. Bu gün hər hansı məsələyə hüquqi qiymət vermək üçün hər bir ölkənin qəbul etdiyi qanunlar, qanunlarda müvafiq maddələr var və hüquq-mühafizə orqanları da bunları tətbiq edirlər. Meyar olaraq Konstitusiya və qanunlar əsas götürülür. Bu gün tibbin 20-30-a yaxın fərqli sahəsi, hər bir sahənin özünün altında olan onlarla subixtisaslaşma sahələri, hər bir ixtisaslaşma sahəsinin qarşılaşdığı yüzlərlə klinik vəziyyətə görə müdaxilələr var. Bu gün dünyada hətta həkim və hüquqşünas olsa belə, hansı bir ekspert öz təcrübəsi ilə ən dar ixtisas sahəsi ilə bağlı mübahisəni həll edə bilər?! Dünya bu məsələni necə həll edib? Belə vəziyyətlərdə hər nə qədər çox subyektiv parametrlərdən istifadə etsələr də, əllərində klinik protokol deyilən  bir hüquqi sənəd var. Əslində, mən son 2-3 il ərzində  Milli Məclisin Səhiyyə Komitəsində və parlamentin plenar iclaslarında  bu mövzudan bəhs etmişəm. Əgər bu gün ölkədə yüksək səviyyədə xəstə haqlarını qoruyan qanunvericiliyimiz olsa, eləcə də bunun qarşısında avtomatik, birmənalı səviyyədə səhiyyə işçilərinin hüquqlarını qoruyan qanunvericilik olsa da, hüquq-mühafizə orqanları hansı şəkildə bunu tənzimləyə biləcək? Dünyada bu sahədə hüquqi çəkişmələrdə, mübahisələrdə istifadə olunan hüquqi sənəd klinik protokollardır. Klinik protokollar hüquqi ad aldıqdan sonra icra orqanı tərəfindən birmənalı olaraq bütün xəstəxanaların istifadə etməsinin labüd olduğu və istənilən mübahisə anında birinci növbədə  müraciət olunması lazım olan bir sənəd kimi ortaya qoyulur.


Azərbaycan Səhiyyə Nazirliyi uzun illərdən bəridir ki, bir çox sahələr üçün klinik protokollar hazırlayıb. Yaxın keçmişdə aldığım məlumata görə, Avropanın klinik protokol hazırlayan aparıcı bir təşkilatının Səhiyyə Nazirliyi ilə bağlanan müqaviləyə görə Azərbaycan üçün Avropa standartında klinik protokolların hazırlaması və hər 6 aydan bir yeniləməsi prosesi ilə bağlı müzakirələr gedir.  Amma bu müzakirələr nəticəsində bütün klinik protokollar hazırlansa belə, bu gün "Əhalinin sağlamlığının qorunması haqqında” qanunumuzda klinik protokol sözünün hüquqi bir adı və gücü yoxdur.


Xəstə və yaxınlarının hüquqlarını qoruyan ilk növbədə icbari tibbi sığortadır. İcbari tibbi sığortanın səhiyyə sistemindən alınan xidmətin əvəzində istənilən bir mübahisəni klinik protokola görə həll etməsi lazımdır. Klinik protokolların da ilk növbədə qanunvericilik bazasında özünə hüquqi ad alması lazımdır. Şükürlər olsun ki, bununla əlaqədar Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanovla müzakirələr aparılıb. Əhliman Əmiraslanov və Səhiyyə Komitəsi bu işlə əlaqədar hazırlıq işləri aparır. Yəqin ki, yaxın gələcəkdə bu məsələ də qanunvericilik səviyyəsində öz həllini tapacaq. 


- Səhiyyə sahəsində bir məqam da diqqət çəkir. Ölüm halları istisna ilə, hər hansı bir xəstənin şikayətçi olduğu klinika ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edən zaman nazirlik özəl klinika olduğu üçün cavabdehlik daşımadığını bildirir. Xəstələrlə icra qurumu arasında belə hallarda koordinasiya necə olmalıdır? 


- Əslində, hüquqi müstəvidə bəlli nüanslardakı boşluqlar bugünkü vəziyyətə səbəb olub. Bir mütəxəssis kimi bu gün mətbuatda işıq üzü görən və xəstə yaxınlarının inanaraq etdiyi şikayətlərin böyük hissəsi ilə bağlı bir məqamı qeyd etmək istəyirəm. Fərqli xəstəxanalarda həkimlərlə görüşürük və bu zaman bunun arxasında tibbi, yəni həkimdən asılı olan bir problem olmadığını görürük. Yaxud tam əksinə, xəstənin haqqının qorunacağı bir yerdə əlimizdə obyektiv bir dəyərlər yoxdursa, qarşı tərəfə lazımi cəzalar tətbiq olunub-olunmadığını müəyyənləşdirmək çətindir. Əslində bu problemlərin hamısının təməlində klinik protokol və ali qanunvericilik bazasından başlayan məsələ var. Klinik protokollar yarandıqdan sonra ölkədə vəkillərin spesifik olaraq yüksək ixtisaslaşması  zaman tələb edir.  Vəkil indi klinik protokol olmadan necə yüksək ixtisaslaşa bilər?! Vəkil bütün tibb bilgilərini öyrənə bilməz, əlində parametr yoxdur. Vəkil həkimin 12 illik təhsillə yiyələnməyə çətinlik çəkdiyi və ömür boyu öyrəndiyi tibbi öyrənə bilməz. Ona görə də həkimlərin hüquqlarını yüksək səviyyədə qoruya bilən vəkillər yoxdur. Vəkilin əlində sadəcə, ümumi müddəalar olmalıdır. Yəni bilməlidir ki, hansı vəziyyətdə hansı klinik protokola hansı qanuna görə müraciət edəcək. Qanunvericilikdə də həmin vəziyyətə görə hansı cəza tədbirləri var. Bu halda hüquq-mühafizə orqanlarının, məhkəmələrin daha obyektiv olma ehtimalı da arta bilər.


Artıq ölkə səhiyyəsi və Prezidentin gələcəyə strateji baxışı çərçivəsində uzun illərdən qalmış bu problemlər görünməyə başlayır. Bu problemlərin həlli istiqamətində işlər gedir. Hər bir kəsin üzərinə düşən məsuliyyəti doğru bir şəkildə  həyata keçirdiyi müddətdə hər bir vətəndaş düşünmədən öz canını səhiyyəmizə etibar edə biləcək. Mən buna inanıram. Azərbaycan dövləti, həkimi və səhiyyə işçisi də buna qadirdir. 


- Cəmiyyət üçün maraq doğuracaq və nümunə olacaq hallardan biri həkimlərin özlərinin orqanlarını bağışlamağa nə dərəcədə hazır olmalarıdır. Xarici ölkələrdə həkimlərin nümunəsində belə hallara rast gəlirik. Məsələn, sizin orqanlarını bağışlamaq barədə vəsiyyətiniz, yaxud imza atdığınız bir sənəd varmı?


- Orqanlarımın uyğun olduğu halda istifadəsi ilə əlaqədar notariusdan bir sənəd almışam. İctimai bir tədbirdə də açıqlamışam, ən azı ailəm də bu barədə eşidib. Bir çox millət vəkillərimiz də bunu edib. Amma başqa bir məqam var. Əgər hüquqda və qanunda bunu qoruyan bir mexanizm yoxdursa, biz orqanlarımızın bağışlanması barədə vəsiyyət yazsaq da, həyatımızı itirdikdən sonra bunun qarşısını almaq yaxın, qohum üçün heç bir maneə yoxdur. 


Bunu komitə iclasında bir neçə millət vəkili də bildirib. Bunun sadə çıxış yollarından birini deyə bilərəm. Hər bir şəxs müstəqil qərar verə bildiyi 18 yaşına çatdıqdan sonra sürücülük vəsiqəsi alır. Bunun üçün sürücülük vəsiqəsinin arxasında konkret bir yer ayrıla bilər. Yəni yazıla bilər ki, həyatımı itirdikdən sonra orqanlarımın istifadəsinə icazə verirəm, ya yox. Bu məsələ qanunvericilikdə də yer tutandan sonra bu sözün olması artıq ailə olmasa belə, bunun üçün hüquqi sənəddir. Yoxsa hər hansı bir hadisə baş versə, bir insanın orqanlarından istifadə edilib-edilməməsinin mümkün olması ilə əlaqədar onun evindən hansısa sənədin tapılıb gətirilməsi çox vaxt aparar. O müddətdə orqanlarının alınması üçün insanı o qədər yaşatmaq mümkündürmü?! Ona görə ən sadə yollardan biri sürücülük vəsiqəsində qeydin olmasıdır. Yaxşı haldır ki, yaxın 6 ay ərzində parlamentdə belə müzakirələr getdi. Bu işin reallaşması üçün iş gedir. İnanıram ki, gələcəkdə arzu edənlər üçün belə hüquqi imkan yaradılacaq. Bizim hər birimiz gec-tez həyatımızı itirəcəyik. Əgər o halda orqanlarımızın uyğundursa, bunun istifadəsinə icazə verə bilərik. 


Dinimizə görə də həyatımızı itirən zaman söhbət torpaq altında olan cismimizdən deyil, səmaya gedən ruhumuzdan söhbət gedir. Mən şəxsən bir ziyalı, həkim, vətəndaş, ata, övlad olaraq bir gün hər hansı səbəbdən həyatımı itirəcək olsam, hər bir insan kimi arzum ruhumun cənnətə düşməsidir. Amma mənim cismim torpaq altında çürüməsi əvəzində bir neçə orqanım həyatını itirməkdə olan bir neçə insana həyat verəcəksə, əsl o zaman mənim ruhum cənnətə gedib, dünyadan keçdikdən sonra da insanların ürəklərində yaşayacaq.  
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər