Ru
10:54 / 16 Yanvar 2018

Həyat faktının bədii dərki

1809
Sabir Rüstəmxanlının povestləri, hekayələri, dram əsərləri bədii-estetik keyfiyyəti ilə müasir ədəbiyyatımızda xüsusi bir yer tutur.

 

"Atamın ruhu”, "Düşmən görüşü”, "Dünya təmizlənir”, "Babadağ ziyarəti” povestlərində, "Daş rəngi”, "Boz sərçə”, "Qayalar arasında vəd”, "Bacı”, "Qızıl diş” hekayələrində, "Uzaq əsrlərin həqiqəti”, "Nuhun vertolyotu” pyeslərində mənalandırmalar xüsusi üstünlük təşkil edir.


Yazıçının "Düşmən görüşü” povestində qəhrəmanın düşmənlə görüş anına qədərki yaşantısı hiss və düşüncələrin gərgin, ağrılı psixoloji məqamları ilə  müşayiət olunur. Povestin ideya-məzmunundan aydın olur ki, gününü at belində keçirən nahiyə böyüyü Səməd sovet hakimiyyətinin ilk illərindən ciddi düşmən kimi tanıdığı Nəcəfqulu xanla görüşməlidir. Sirli, gözlənilməz bir xəbər onu bu görüşə tələsdirir. Nəcəfqulu xanla Səmədin düşmənçiliyi xan, bəy əsilzadəliyinin, nəcabətin, mərdliyin, kişilik qürurunun, mənliyin məhz hansı məqamdasa xan, bəy əsilzadəlik xüsusiyyətində qorunmaması ilə şərtlənir.

Yazıçı görüş ərəfəsində onların arasındakı düşmənçiliyi şərtləndirən tarixi dövrümüzün (1920-ci illər) ilk illərində baş verən daxili çəkişmələrə Nəcəfqulu xan və Səmədin qavrayışında, duyumunda nəzər yetirdikcə onların əsər boyu izlənilən hərəkət və davranışlarında, hiss və düşüncələrində üzə çıxan mühüm məqamları həssaslığı, təbiiliyi, inandırıcılığı ilə oxucu düşüncəsinə canlı, bütöv xarakterlə ötürür.


Səməd nahiyə başçısı kimi ağır, məsuliyyətli vəzifədə olduğunu mahiyyəti ilə hiss və dərk etdikcə işində, əməlində, hərəkət və davranışlarında da onun konkret nümunəsini yaratmağa çalışır. Bəzən günlərlə at belində gəzərək tabeçiliyində olan ərazilərdə yerli xalqın yeni qurulmuş hökumətlə münasibətlərini tənzimləmək üçün müxtəlif tədbirlər görür. Ancaq on birinci ordunun gəlişi, Rusiyada baş verən ziddiyyətli proseslər, yazıçı təsvirlərinə görə, Səmədə düşünmək üçün imkan yaradır və o, belə qənaətə gəlir ki, bu, "rus hakimiyyətinin başqa adnan qayıdışıdır”. Digər tərəfdən, Səmədi bir nahiyə başçısı və ya daha çox bir vətəndaş kimi düşünməyə vadar edən ən mühüm məqam problemlərlə yüklənmiş xalqın dini bir, dili bir qardaşlar tərəfindən talanmasıdır. O, bunun səbəbini anlaya bilmir. Yazıçı Səmədi iş qayğıları ilə bərabər ev, ailə mühiti ilə əlaqəli şəkildə təsvir edir. Daim çapovulçuluq, qaçaq-quldurluqla üz-üzə qalan nahiyə başçısı hamı kimi ailə qayğıları ilə yaşasa da, təbii ki, vəzifə başında üzləşdiyi təhlükələrin qanadı altında saxladığı ailəsindən də yan keçməyəcəyini sövq-təbii duyur. Həmçinin yazıçı təsvirində Səmədin ailəsi olmasına baxmayaraq, bir vaxt yol üstdə gecələdiyi qonşu kənddəki evin sahibəsi ilə yaxın əlaqələri də gözdən yayınmır.


Demək, yazıçı təsvirində obraz bir tərəfdən vətəndaş və nahiyə başçısı olaraq yerli xalqın azad, firavan yaşayışı üçün hər cür təhlükəni üzərinə götürən hakimiyyət təmsilçisidirsə, digər tərəfdən o, özü birbaşa rəhbəri olduğu yerli xalqın bir nümayəndəsidir. Bu baxımdan əsərdə təsvirini tapan fərd oxucu duyumunda canlı obraz kimi bütöv və hərtərəfli görünür.


Sabir Rüstəmxanlının "Ata ruhu” povestində insan itkisi hər bir fərdin, şəxsin subyektiv qavrayışı və duyumunda özünəməxsus dramatizmi ilə yaşanılır. Povestdə iştirak edən hər bir fərd, şəxs fərqli psixoloji durumda təsvir edilir.


Yazıçının "Babadağ ziyarəti” povestində isə qəhrəmanı narahat edən onun yaşadığı mühitin, dövrün, cəmiyyətin əxlaqi-mənəvi həyatındakı deformasiyanın, aşınmanın təhlükəli nəticələrini görən insanların susmasıdır. Heç kəs bu mənəviyyatsızlıq bataqlığından qurtuluş yolunu aramaq üçün düşünmək belə istəmir. Buna baxmayaraq yazıçının qəhrəmanı özündə deformasiyaya uğramış mühitə qarşı kəskin üsyana qalxmaq cəsarəti tapır. Qəhrəman müqəddəs yer sayılan "Babadağ ziyarəti”nə yollanmaqla Tanrı ilə, Göylə, ürəyi ilə baş-başa qalmaq istəyir və onun özünün ruhi təmizlənməsi ilə birgə onu əhatə edən mühit də saflaşır.


S.Rüstəmxanlının "Dünya təmizlənir” povestinə də eyni bədii ruh, ab-hava hakimdir. İnsanın ruhi təmizlənməsi dünyanın şər, bəd əməlindən təmizlənməsinə yol açır. Sel, daşqın, qasırğa bu cəhətdən yazıçının povestində xüsusi bədii dəyər kəsb edir. Əsərin qəhrəmanı Qürbət kişi hara gedirsə, hara üz tutarsa əxlaqi-mənəvi dəyərdən uzaq vərdişlərin ab-havasına düşür, bezir. 


Ümumiyyətlə, "Dünya təmizlənir” povestində hadisə, əhvalatlar və problemlər Qürbət kişinin hərəkət və davranışları ilə müşayiət olunur.

Yazıçının povestlərində olduğu kimi, hekayələrində də insan taleyi, şəxsiyyət bədii düşüncənin axarında təhlil süzgəcindən keçirilməklə estetik dəyər qazanır.

"Daş rəng” hekayəsində gənc geoloq Dəmir institut illərində tanış olduğu, sevdiyi qızla evlənə bilmir. Yol ayrıcında qalan qəhrəman çox götür-qoy eləmir. Vağzalda rastlaşdığı başqa zərif biçimli qızda özünə tanış, doğma hissləri tapır. Qəhrəman təzəcə tanış olduğu qızda xoş təsadüfin mahiyyətində gizlənən zəruri məqamlarda gələcəyə uzanan səadətli günlərin ilk rəmzi, simvolik cücərtilərini görür və inanır ki, ruhu, mayası təmiz duyğularla yoğurulan insan heç vaxt şər əmələ üz tutmaz, yüz şəklə, yüz dona girə bilməz, çünki onun rəngi daşın rəngi kimi dəyişilməz qalır.

 

 


 S.Rüstəmxanlının "Boz sərçə” hekayəsində də insan hisslərinin saflığı, dərinliyi lirik-romantik qatda bədii təsvir obyektinə çevrilir. Hekayədə qəhrəman bir vaxt ayrıldığı doğma kəndlərində hansısa unudulmuş şirin xatirələrin izinə düşür. Onda bu xatirələrin oyanması və şirin yuxusunda ovunması bu işdən xəbərsiz həmin kənddə arxeoloji qazıntı işləri aparan oğlu tarixçi Kamranın sayəsində baş verir. Qəribalı kişinin yaddaşında canlanan xatirələr oğlu Kamranın həmin kəndlə bağlı yaddaşının harasındasa ilişib qalmış, onun yaşyarımlıq, iki yaşlıq körpə xəyalına qayıdışı da xatirələr assosiasiyasının qüvvətlənməsinə güclü bədii zəmin yaradır. Kamran atası Qəribalının arxada qalan hisslərinin təzələnməsi üçün onu həmin kəndlə bağlayan incə, kövrək tellərin bundan belə daha sıx və möhkəm olmasını arzulayır. Çünki oyanmış xatirələrin dərinliyində Qəribalının yaddaşından silinməyən uzaq, çox uzaq illərin xatirələrini özündə əks etdirən və yalnız indilikdə boz sərçə kimi tək budaqda oturmuş zərif quşu xatırladan Gülşən məhz Şahnazın yadigarı tək ata ilə oğulu yenidən bu kəndlə birləşdirən, yaxınlaşdıran, bağlayan ən mühüm məqam və ya təmas nöqtəsi ola bilər.


Hekayədə təsvirini tapan Qəribalının düşüncəsinə görə də oğlu Kamranla da Sahnazın yadigarı Gülşən ruhən bir-birilərinə çox oxşayır və oğlu ilə yanaşı, qoşa dayanmağa layiqdir. Bu baxımdan hekayə boyu izlənilən həm atanın, həm də oğulun daxili düşüncələri təbiiliyi, inandırıcılığı ilə yaşanılaraq yadda qalır.

S.Rüstəmxanlının "Qayalar arasında vəd” hekayəsi də fərdi və sosial münasibətlərin mühüm tərəflərinə, ailə zəminində yaranan ata-oğul münasibətlərindəki qarşıdurmaların bədii həllinə diqqəti çəkir. "Boz sərçə” hekayəsində tanış olduğumuz ata ilə oğulun hərəkət və davranışlarında qarşılıqlı anlaşma prosesi ön planda dayanırsa, "Qayalar arasında vəd” hekayəsində ata-oğul qarşılaşmasının ən kəskin məqamları daha qatı boyalarla bədii lövhəyə çəkilir. Problem xarakterli, ciddi ictimai-əxlaqi tərəfləri ilə şərtlənən bu hekayədə konkret bir ailənin taleyi fonunda işıqlanan həyati əhəmiyyətli ibrətamiz məqam gizlənir. 

Hekayənin məzmunundan aydın olur ki, Hüseynəli kişinin cəmisi üç-dörd ay evlilik həyatı sürmüş cavan oğlu Qəzənfər kolxoz sürüsünü örüşdən qaytaranda leysana düşür, güclü, nəhəng dalğa kimi gələn sel çayları aşırıb-daşırır, Qəzənfəri də özü ilə aparır. Ertəsi gün oğlunun meyitini aşağı kəndlərin camaatı su ayrıcına qalanmış kötüklərin arasından tapır. Hekayə boyu izlənilən bu faciəli hadisə əsərdə əksini tapan Hüseynəli kişinin ailəsinin dərin sarsıntılar yaşamasına səbəb olur. Mərhumun dul qalmış cavan qadınını Qəzənfərdən sonra söz-söhbət yayılmasın deyə Hüseynəli kişi ikinci oğlu Müzəffərin qəbul edib onunla ailə qurmasını tələb etmişsə, o, cavan getmiş qardaşının dul qalmış qadınıyla bir yastığa baş qoymağın şərəfsiz bir iş olduğunu dönə-dönə xatırlatmış və bir də bu mövzuya qayıtmasını qəti istəməmişdi. Hüseynəli kişi yenə bu mövzuya qayıtdıqda Müzəffər bu dəfə atasına qarşı ciddi tədbirlərə əl atır. Hekayədə oğul itkisinə alışa bilməyən Hüseynəli kişi ilə bərabər Nənəxanım ananın ah-naləsi, dərin sarsıntı içərisində yaşaması da eyni dərəcədə bədii-psixoloji baxımdan incəliyinə qədər əsaslandırılır. Bu cəhətdən hekayədə izlənilən mövzu, ideya, problem, obrazlar aləmi oxucu qavrayışına özünəməxsus güclü bədii mənalandırmaları ilə ötürülür.


S.Rüstəmxanlının "Bacı” hekayəsində də təsvir olunan hər obraz özünün daxili yaşantısı və əzabları ilə yadda qalır. Yazıçının təsvir və təhkiyəsində inikas etdirilən hadisə və əhvalat birinci şəxsin – Əlinin subyektiv qavrayışında ələnərək daxili düşüncələr axarında təqdim olunur.

Nəql olunan əhvalatda bacı və qardaş olan Surxayla Qızılgülün fəci taleyi öndə dayanır. Hekayənin qəhrəmanı Surxay kiçik yaşlarından ata-ana itkisi ilə üzləşir, bacısı ilə balaca daxmada tək, kimsəsiz qalır, az sonra bacı-qardaş da bir-birindən xəbərsiz yaşamalı olur. Surxay on dörd yaşında sənət məktəbinə gedəndən sonra tək qalmış bacısı rayon uşaq evinə göndərilir və onun sonrakı taleyi Surxay üçün müəmmalı qalır. 


Surxayın ata-ana itkisi ilə bərabər bacı itkisinin əzablarını yaşaması, eyni zamanda kimsəsiz qalan bu insana mühitin ögey münasibəti əsərdə ön plana çəkilir. Kəndə yenicə gələn və Surxayın ailə taleyinə yaxından bələd olan, onu bizə tanıdan həmyerlisi Əlinin əvəzedilməz xeyirxahlığı sayəsində Surxay yenidən ruhən dirçəlir, lakin bu "ruhi dirçəlmə”nin ömrü çox qısa olur. Surxay əvvəl tanımadığı və o qədər də ciddi qəbul eləmədiyi, sonra həmyerlisi "bacı oğlu” adlandırdığı Əlinin güclü savadı və qabiliyyətinin müqabilində özünü ev, ailə mühitində qonşular arasında əsl-nəcabətli sayılan şəxs kimi hiss etsə də, məhz Əlinin uzun vaxt ərzində yazdığı məktubların əsasında tapılan bacı əhvalatı onun tamam başqa yöndən dəyişilməsinə səbəb olur. Surxay özlüyündə bacısı Qızılgülün artıq ərə getdiyini, oğul-uşaq sahibi olduğunu düşünürdü. 


Hazırkı vəziyyət Surxayın bu fantaziyası, şirin xəyalları ilə üst-üstə düşmür. Surxay bacısı Qızılgüldə indiki pırtlaşıq saçları, ifadəsiz, eybəcər üzü yox, beş yaşındakı Qızılgülün yaraşıqlı, gözəl, məsum bacı ətri axtarır. Sonda Surxay bacı eybəcərliyinə görə, "utanmaq məcburiyyətində qalır”. Bu "utanma” isə Surxayın bacı-qardaş sevgisinə qovuşmaq həsrətinə münasibətdə açıq-aydın hörmətsizlik yaradır. Oxucu isə bu anda Surxayın keçirdiyi hissləri qəbul edə bilmir. Surxay bacısı ilə bağlı hisslərində səmimiliyini son ana qədər qoruya bilmir.


"Bacı” hekayəsində həmçinin yazıçı hadisə və əhvalatı nəql edən Əlinin bir ailənin fonunda gerçəkləşən bacı və qardaşla bağlı düşüncələrində qəhrəmanı ağrıdan, narahat edən məqamları təbiiliyi, inandırıcılığı və ya həssaslığı ilə bədii təsvir obyektinə çevirir və qabardır.

S. Rüstəmxanlının bədii yaradıcılığında dram əsərləri də ("Uzaq əsrlərin həqiqəti”, "Nuhun vertalyotu”) janr, üslub baxımından qaldırılan mövzu, ideya, problemin həlli nöqteyi-nəzərdən özünəməxsusluğu və orijinallığı ilə seçilir.


"Uzaq əsrlərin həqiqəti” pyesində keçmiş və indiki zaman anlamı daxili analoji rabitədə davam və inkişaf etdirilir. Müraciət olunan tarixi fakt bədii gerçəkliyin aynasında yeni məzmun qazanır. Pyesdə həmçinin əksini tapan mövzu, ideya, problem tarixiliklə müasirliyin ümumi qovşağında S.Rüstəmxanlı yaradıcılıq manerasına xas publisistik elementin məhz haray şəklində və vətəndaşlıq duyğusu üzərində köklənməsi ilə üzə çıxır.


S.Rüstəmxanlının "Nuhun vertolyotu” pyesində toxunulan mövzu, ideya, problem əsasən bu günümüzlə səsləşən reallıqlar üzərində qurulur. Dramaturqun bu əsərdə "Uzaq əsrlərin həqiqəti” pyesində olduğu kimi, keçmiş-indiki zaman anlamı daxili analoji rabitədə özünün qabarıq bədii ifadəsi tapır. Nuh peyğəmbər müşavir Viktor Petroviç və digər obrazlar ibrətamiz, simvolik mənalandırmaları ilə seçilən səhnələrdə özünün daxili aləmini və ya fərdi psixoloji vəziyyətini ifadə edən dialoq və replikaları ilə pyesin bədii ruhuna bütövlük gətirir və onun estetik dəyər qazanmasına zəmin yaradır.


 

Xanverdi Turaboğlu
Həyat faktının bədii dərki
Həyat faktının bədii dərki
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər