İlham Əliyevin də qatılacağı zirvə toplantısında nələr müzakirə olunacaq? - İslam dövlətləri Qüds üçün birləşir

99796
"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biridir.
 
2017-ci ildə ölkəmizdə İslam Həmrəyliyi ilinin elan olunması, sülhü və həmrəyliyi ifadə edən İslam Həmrəyliyi oyunlarının çox böyük uğurla keçirilməsi də bunu sübuta yetirir. Azərbaycanın xarici siyasət prioritetləri aydındır.
 
Biz bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarıyıq. Hesab edirik ki, dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı, dövlətlərin daxili işinə müdaxilə etməmək, onların suverenlik və müstəqilliklərinə sayğı ilə yanaşmaq dünyada sülhün, əmimamanlığın təmin olunması, münaqişələrin həlli və yenilərinin baş verməməsi üçün ən vacib amillərdir”. 

Bu sözləri BakuPost.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək zirvə toplantısını şərh edərkən deyib. O bildirib ki, bu baxımdan Azərbaycanın bu konfransa dəvət olunması təbiidir: 

"Bu baxımdan Azərbaycan prezidentinin İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısına dəvət olunması təbii qəbul olunmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, fövqəladə toplantı təşəbbüsü Türkiyədən gəlib. Azərbaycan isə qardaş ölkənin çağırışlarına hər dəfə olduğu kimi bu dəfə bu dəfə də səs verib. Azərbaycan və Türkiyə bir çox məsələlərdə olduğu kimi Fələstin probleminin həllində də vahid mövqedən çıxış edirlər, islam ölkələri arasında həmrəyliyə nail olunması hər iki ölkə üçün prioritet təşkil edir. 

Azərbaycan Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı sayır və bu, həmçinin bütövlükdə Fələstin probleminin həllində BMT qətnamələrinin icrasını vacib sayır. Bu səbəbdən ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısında öz ənənəvi, sabit və beynəlxaql hüquqa söykənən mövqeyindən çıxış edəcəyi şübhəsizdir”. 

Politoloq əlavə edib ki, ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanımasına gəldikdə isə, hesab edirəm ki, Donald Trampın bu qərarının heç bir hüquqi əsası yoxdur: "Qərar populist qərardır və təbii ki, həm də təxribat xarakterlidir. Trampın qərarı Fələstin probleminin həlli ilə bağlı ABŞ-ın da səs verdiyi BMT Təhlükəsizlik Şurasının qərarlarına ziddir. Bu qərar Yaxın Şərqdə qarşıdurmanı və qütbləşməni dərinləşdirəcəyi üçün İsrailin maraqlarına da xidmət etmir. Çünki Qüds məsələsi islam dünyası və bütövlükdə müsəlmanlar üçün olduqca həssas bir məsələdir. Rəmzi xarakter daşıyır. Hətta ABŞ-la ittifaqda və İsraillə dialoqda olan ərəb dövlətləri belə bu məsələdə fərqli mövqe nümayiş etdirə bilməzlər. Buna həmin dövlətlərin xalqları imkan verməz”.

E.Mirzəbəylinin sözlərinə görə, Qüdsün İsrailin paytaxtı kimi tanınmasının yanlış tərəflərindən biri də bu məslənin radikal dini qruplar üçün ideoloji yem məsələsinə çevrilməsi faktorudur: "Ola bilsin ki, bu qərarın təməlində dayanan əsas səbəblərdən biri də elə budur. Bu qərar sivilizasiyalar arası toqquşmanın, qarşıdurmanın güclənməsinə xidmət etdiyi üçün də çox təhlükəlidir. Fransa, Almaniya, hətta Böyük Britaniya kimi böyük qərb dövlətlərinin qərara etiraz etmələrinin səbəblərindən biri də bununla bağlıdır. Avropada çox böyük müsəlman icması yaşayır. Qüdslə bağlı provakasiya Avropa ölkələrinin özünə də yaxşı heç nə vəd eləmir.

Məsələ burasındadır ki, BMT Təhlükəsizlik Şurasının digər dörd üzvü ABŞ-ın qərarını kəskin şəkildə pisləyir və təxribat kimi dəyərləndirirlər. Bu məsələdə heç bir regional və qlobal güc ABŞ-a dəstək vermir. 

Hesab edirəm ki, İslam Əməkdaşlıq Təşkilatının fövqəladə toplantısı Donald Trampın qərarına kəskin reaksiya verəcək. Hesab edirəm ki, bu məsələdə təkcə İƏT-in reaksiyası ilə kifayətlənmək yetərli deyil.
 
Qüdsün İsrailin paytaxtı kimi tanınmasının əleyhinə çıxış edən bütün dövlətlərlə dialoq pəncərəsini açıq qoymaq və əməkdaşlığı davam etdirmək lazımdır.
 
İƏT-in məsələ ilə bağlı qəbul eəcəyi sənəddə bu amilin də yer alacağını düşünürəm. Çünki yaranmış problem təkcə müsəlmanların və islam inancının daşıyıcılarının çoxluq təşkil etdiyi ölkələrin problemi deyil. Dinindən, irqindən asılı olmayaraq hər kəs bu təxribat xarakterli qərarın əleyhinə çıxmalı, insanlıq adına həmrəylik nümayiş etdirməlidir”.
 
 
BakuPost
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər