Ru
13:01 / 06 Yanvar 2018

İran etirazları – itirilmiş fürsət...

2101

 Hüseynbala Səlimov

 

Tehran rəsmiləri artıq etirazların tamam səngidiyini və vəziyyətin nəzarətə götürüldüyünü bildirsələr də, hələ prosesə nöqtə qoymaq tezdir.


Təsadüfi deyil ki, yenə də böyük miqyaslarda olmasa da, hər bir halda, gah bu, gah da digər şəhərdə nümayişlərin davam etməsi haqda xəbərlər eşidilməkdədir.


Amma İranın rəsmi dairələri ilə bir məsələdə razılaşmaq olar ki, etirazların pik nöqtəsi artıq arxada qaldı və bundan sonra hökumətin yalnız hansısa qeyri-adi addımı etirazçıların böyük dalğasının küçə və meydanlara axışmasına səbəb ola bilər.


Bəli, Tehran və Təbriz kimi ən böyük şəhərlərdə güclü etirazlar olmadı, üstəlik, bir neçə mənbədən aydınlaşdı ki, cənublu soydaşlarımız – Azərbaycan türkləri bu dəfə etirazlara qoşulmadılar.


Bu detal qeyri-ixtiyari olaraq illər öncə bir cənubludan eşitdiyimiz sözləri yadımıza saldı: "Təbriz qalxmayınca İranda heç nə baş verməz”.


Doğrusu, sosial şüarların tez zamanda siyasi şüarlara transformasiya olunması çox adamda ümid yaratdı ki, İranda növbəti siyasi dəyişikliklər olacaq.


Amma olmadı və indi daha çox ehtimal olunanı budur ki, sönən etirazların ardınca əsl repressiya alovu alışacaq. Artıq minə yaxın adamın saxlanıldığı bildirilir və çox güman ki, ədəd bundan sonra bir az da artacaq. Nəzərə alsaq ki, İran avtoritar ölkədir, burada hakimiyyət mənsublarının mövqelərini hansı qısqanclıqla qoruması daha aydın olar.


Ola bilsin, bu sətirlər "ərəb baharları”ndan məyus olanları bir az qıcıqlandıracaq və onların "Bircə "İran qışı” çatmırdı!” deməsinə səbəb olacaq. Belə ovqatları da başa düşmək və anlamaq iqtidarındayıq. Gəl ki, "ərəb baharları”nın uğursuzluğunun bir səbəbi də yerlərdəki cəmiyyətlərin zəifliyi, onların özünütəşkil və yaxud da özünüidarəetmə potensialının məhdudluğu idi.


İranda belə xaos gözlənilmirdi, hərçənd, burada da etnik zəmində həyəcanlanmaların yaranması və ən sonda da ölkənin ayrı–ayrı milli vahidlərdən ibarət federal dövlətə (ən yaxşı halda!) çevrilməsi tamamilə istisna deyildi.


Elə bəlkə də etirazlara daha çox adamın qoşulmamasının da bir səbəbi məhz "ərəb baharları”nın uğursuzluğunun diqtə etdiyi ehtiyatlılıq idi və buna görə insanları heç qınamağa da dəyməz–heç kim Avropanın küçələrinə səpələnmiş qaçqınlar ordusunun sıralarını artırmaq istəməz... 

Amma bir daha deyirik ki, çox şey həm də cəmiyyətlərin və ayrı–ayrı fərdlərin yetkinliyindən də asılıdır. Başqa bir vaxt iranlılar öz dövlətçilik və siyasət ənənələrinin tarixinin min illərlə ölçüldüyünü deyirlər. Bu cür qədim bir tarixi olan dövlətin və ya cəmiyyətin demokratik ənənələrin də başlanğıcını qoymasının da əsl vaxtı deyilmi?


Düzü, teokratik İran rejiminin dəyişməsi bizə başqa bir aspektlərdən də maraqlı görünür.


Birincisi, buna ümumislam konteksindən yanaşmaq olar–daha bir müsəlman ölkəsinin demokratik inkişaf yolunu tutması hər halda ümumi pozitiv tendensiyaya çevrilmək gücündə olan məsələdir.


Bu rejimin əsas "özəlliyi” ondadır ki, sıradan olan adi avtoritar dini rejim deyil, həm də "alternativ” ideyanının və qloballığa iddialı daha bir utopiyanın daşıyıcısıdır. İran rejimi Qərb dəyərlərinə və yaxud demokratik ideallara ən çox opponentlik edən bir dövlətdir.


Özü də sırf akademik xarakter daşımır bu,- Tehran öz "siyasi təcrübə”sini başqa müsəlman ölkələrinə yaymaq üçün nəinki siyasi təzyiq üsullarını tətbiq etməkdən, hətta çox böyük pullar xərcləməkdən belə çəkinmir. Təsadüfi deyil ki, etirazçıların da əsas şüarlarından biri elə "Bizə Suriya, Fələstin yox, İran lazımdır!” şüarı idi...


İkincisi, İran rejimi Azərbaycan üçün də bir təhdiddir. Onun Azərbaycana münasibətində də bütün müsəlman ölkələrinə olan münasibətindən müəyyən çalarlar, eləcə də sırf Azərbaycana yönəlik məqamlar var.


İran Azərbaycanı özü üçün təhdid kimi görür – səbəbi də ki, Cənubi Azərbaycan məsələsidir. Elə buna görə də Tehran heç bir halda bizim gənc Azərbaycanı dirçəlmiş vəziyyətdə görmək istəmir. Onun Dağlıq Qarabağla bağlı yürütdüyü ziddiyyətli siyasət də bununla bağlıdır və Tehranda belə hesab edirlər ki, Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında qalması, Azərbaycanın daim bu problemin acısını yaşaması onların maraqlarına cavab verir.


Üçüncüsü, avtoritar ölkələrin əhatəsində demokratiya qurmaq olmur. Baxın, Azərbaycanın bir tərəfində çox asanlıqla bütün neqativ epitetləri özünə hpdurmaq iqtidarında olan Rusiya kimi hüquq və prinsip tanımayan əcaib bir ölkə, digər tərəfində isə iddialarda ondan da geridə qalmayan, daha eybəcər siyasi rejim– İran dayanır. Üstəlik, o biri tərəfdə də Ermənistan...


Belə bir vəziyyətdə "demokratiya adası” olmaq çətindir. Düzdür, dünyada bu cür nümunələr də var. Məsələn, İsrail yaranandan hərbi münaqişələrə cəlb olunsa da, avtoritar rejimlərin əhatəsində yerləşsə də, yenə özünün nisbi demokratik quruluşu ilə seçilir.


Təbii ki, İsraildəki demokratiya da indiki halda mükəmməl sayıla bilməz,- Avropa standartlarından xeyli uzaqdır və burada da ənənəçilik güclüdür.


Amma yetərincə, hətta deyərdik, nəinki kafi dərəcədə, qənaətbəxş sayılacaq bir həddə olan demokratiyadır. Müsəlman ölkələrində də bu sayaq demokratiya qərarlaşsaydı özümüzü xoşbəxt sanardıq...


Bir məsələ də var ki, o, insanları daim çaş-baş salır. Bu da İranın ifasında tez–tez səslənən spekulyativ "islam həmrəyliyi” nəğmələridir. Belə nağılların araxasında nəyin dayandığı hamıya olmasa da, hər halda, çoxuna yetərincə aydındır.


İranın bütün siyasəti iki əsas və dəyişməz marağa xidmət edir. Biri teokratik rejimin, digəri isə fars dövlətinin maraqlarıdır. Burada durub başqa şey axtarmaq tamam mənasız işdir.


Təsadüfi deyil, guya cəmi dünya müsəlmanlarının ağrısını-acısını "duyan”, dərd-sərinə "acıyan”, fələstinlilərin dərdilə "qovrulan”, suriyalıların qəziyyəsinə "dözməyən” iranlı siyasətçilərin gözlərini digər problem - otuz ildir davam edən və yüz minlərlə müsəlmanın didərgin düşməsinə səbəb olan Qarabağ problemi azacıq belə yaşartmadı...
İran etirazları – itirilmiş fürsət...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər