Ru
12:02 / 08 Yanvar 2018

Alpinistlər barədə kimlər şayiə yayır? - “İlham zirvəsi” söhbətinə nöqtə

36745
İki həftədir ki, itkin düşən alpinistlər Namin Bunyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin tapılmaması cəmiyyətdə gərginlikdən əlavə, həm də bir çox söz-söhbətlərin, şayiələrin yayılmasına səbəb olub. 


BakuPost.az xəbər verir ki, bəziləri dağçıların məhz dekabrın 23-də dağa qalxmalarının təsadüfi olmadığını, onların prezident İlham Əliyevin doğum günü münasibətilə "İlham zirvəsi”nə yürüş etdiyini iddia edir. Bildirirlər ki, 3 alpinist dekabrın 23-də "İlham zirvəsi”nə doğru hərəkətə başlamalı, dekabrın 24-də özləriylə götürdükləri plakatı zirvədə qoymalı, 25-də isə dağdan düşməliymişlər. Sosial şəbəkələrdə daha çox müxalif düşərgənin yaydığı bu şayiələrə heç bir rəsmi açıqlama verilməyib. BakuPost.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımovla əlaqə saxlayıb.


Z. Qasımov bildirib ki, sözügedən zirvə tamam başqa marşrutda yerləşir: ""İlham zirvəsi” Şahdağda yerləşir. Tufandağ silsiləsində deyil. Uşaqlar isə Şahdağa deyil, Tufandağa gediblər. Bu məlumat yalnışdır. Məlumatın yayılmasına səbəb o ola bilər ki, ötən il cənab prezidentin doğum günü münasibətilə dekabrın 24-də sözügedən zirvəyə Naminlə Babur yürüş etmişdi. Bu barədə də məlumatlar mətbuatda yayıldı. Ona görə də tarixin də belə bir vaxta təsadüf etməsi şayiələrə səbəb olub. Bu yürüşdə isə "İlham zirvəsi”nə qalxmaq nəzərdə tutulmamışdı. Sırf Tufandağa getmişdilər”.

 

Xatırladaq ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.

 

Nigar Etibar
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər