Ru
19:37 / 17 Fevral 2019

Köşə yazarlarını kim, niyə və necə öldürdü?

2373
Qan Turalı 

 



Son günlərdə media ilə bağlı məsələlər yenidən mübahisələndirilir və müzakirə edilir. Bu konteksdə bir məsələni xüsusi şəkildə vurğulamağa ehtiyac görürəm. Məsələ ondan ibarətdir ki, bir zamanlar Azərbaycan mediası indikindən çox daha maraqlı idi. İnsanlar qəzetlərin yazdığına inanırdı. Medianın yavaş-yavaş internet məkanına evuakasiyası zamanı bu inandırıcılıq da azalmağa və itməyə başladı. Bu evuakasiya prosesində isə köşə yazarlığı instututu tamamilə məhv edildi.


İstər köşə yazarı, istərsə də redaktor olduğum günlərdə köşə yazarlığının gücünə inanmışam. Çünki informasiya axınında insanların inandığı insanların hadisələrə dair baxışlarını oxumağa haqqı var. Medianın missiyası yalnız xəbər daşıyıcısı olmaq deyil. Hərçənd bu missiya da çox pis yerinə yetirilir. Medianın əsas vəzifələrindən biri də xalqı rəy, analiz, fikirlə təchiz etməkdir. Bütün dünya mediasında köşə yazarlığı instutitunun çox ciddi dayaqları vardır. İnsanların hadisələrə münasibətini də məh bu yazarlar təyin edir. Amma təəssüf ki, bizim redaktorlar bu institutun mahiyyətini anlamırlar. Bu gün bir müxbir yox, bir köşə yazarı isəniz qonorar almaq üçün heç bir mənbəniz mövcud deyil. Əvəzində isə press-relizləri xəbərə çevirən müxbirlər erası başlayıb və bu fonda da sözün həqiqi mənasında hardasa gizlədilmiş xəbəri axtarıb-tapmağı özünə müqəddəs borc bilən müxbirlərin də mediadan ayağı kəsilib.


Sadə bir fakt: Gündəlik qəzetlər adətən 16 səhifədə 20-yə qədər xəbərdən istifadə edirdilər. Lakin bu gün bir internet saytı gün ərzində oxucular 100-dən artıq xəbər çatdırır. Bu xəbər çirkabında əsl xəbərlərə ya ümumiyyətlə rast gəlinmir, ya da onlar arxa plana atılır. Sosial media özünün şişirdilmiş əzəməti ilə online və çap mediasını öz arxasınca getməyə məcbur edir.


Əlbəttə, köşə yazarları bu dəfə sosial mediada rəy yaradıcısı olaraq qalırlar lakin onların ayağı həm çap mətbuatından, həm də online mediadan kəsilmişdir. Bu situasiyada isə Azərbaycan mediası çox solğun görünür.


Və zəruri söz ardı kimi mühüm bir məsələni də qeyd etmək istəyirəm. Azərbaycan mediası qonorar verib almadığı açıqlamanı rəy sorğuları ilə almaq kimi son dərəcə ucuz bir yol seçmişdir. Bu cür "jurnalist”lərin əlindən sosial şəbəkəyə daxil olmaq belə çətinləşib. İstənilən anda istənilən bir sualla qarşı-qarşıya qala bilərsən. Bir filmlə bağlı resenziya istəməkdən tutmuş, bir açıqlamaya münasibətə hətta bəzən "uşaqlıqda hansı yuxuları görürdünüz?” kimi kafkaesk suallara qədər hər cür suallarla hər an inboxda rastlaşa bilərik.


Mediada xüsusi qabiliyyəti olmayan müxbirlər ancaq bu rəy sorğuları ilə məşğul olurlar. Bu sahəyə illərini vermiş insanlar isə illərin bilik və təcrübəsini bu müxbirlər vasitəsi ilə mediaya ötürürlər. Ya da redaktorların nöteyi-nəzərincə ötürməlidilər...


Halbuki sosial media imkanları baxımından bu cür insanların heç artıq mediaya da ehtiyacı qalmayıb. ABŞ prezidentinin belə öz açıqlamalarını Tvitterdən yayımladığı günlərdə yaşayırıq. Əlbəttə ki, qabiliyyətli insanların çox az hissəsi bu cür rəy sorğularında iştirak etməyə razılıq verdiyi üçün də media qeyri-professional rəylərlə aşıb daşır. Mediaya ayrılan vəsait də inboxda ekspert güdən jurnalistlərlə, medianın ictimai əhəmiyyətini anlamayan redaktorlar arasında bölüşdürülür Əlbəttə ki, iri pay redaktora aid olmaqla...


Bu minvalla Azərbaycan mediasında əsaslandırılmış məqalələrin, güclü mövqelərin və sanballı yazıların yoxa çıxmasının da səbəbi aydın olur...


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər