Ru
15:23 / 20 Noyabr 2017

Lavrov gəldi, danışdı, getdi - bəs sonra? - ŞƏRH

1136
 Bu gün Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində ölkənin rəsmi şəxslərinin də olduğu "Mi-8" helikopterinin vurulmasının 26-cı ili tamam olur.


Bu hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - Azərbaycanın görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olublar. Ancaq faciənin törədilməsindən 26 il ötməsinə baxmayaraq, bununla bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.


Əslində, hadisənin, daha doğrusu, terrorun törədilməsinin səbəbi, mahiyyəti, onu himayə edən dövlətlər məlumdur. Ancaq həmin dövlətlərdə bu cinayətə görə məsuliyyət daşıyan şəxs, yaxud şəxslər aşkarlanmır. Nəticədə 26 ildir cinayət işi açıq qalıb. Qarakənd faciəsi beynəlxalq cinayətlərə dair işlərdən sayılır. Əgər belə getsə, bu da tarixdə açılmayan, qaranlıq cinayətlərdən biri olacaq. Görəsən Qarakənd facisəsi niyə açılmır? Çünki bu cinayət işi Qarabağın işğaldan azad edilməsi ilə sıx bağlıdır. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Qarakənd faciəsi ilə bağlı düyün də açılacaq. Ola bilsin, hadisəni törədənlər o zaman həyatda olmasınlar, amma bu tarixi ədalətin təntənəsi sayılacaq. 

 

 


Hazırda Dağlıq Qarabağ və ətrafındakı bir neçə rayon işğal altındadır və onun azad edilməsi ilə bağlı beynəlxalq vasitəçilər danışıqları davam etdirirlər.

 

Noyabr ayında münaqişənin təzimlənməsi ilə bağlı səfərlər, görüşlər və danışıqlar intensivləşib. Ayın 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov beynəlxalq vasitəçilər timaslında ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) ilə Moskvada münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar aparıb. Noyabrın 14-də isə həmsədrlər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Rəsmi Bakı dekabrın 6-7-də Vyanada nazirlərin görüşünə də razılıq verib.


Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 19-da Dağlıq Qarabağ məsələsini müzakirə etmək üçün Bakıya gəlib. Prezident İlham Əliyev onunla görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycan dövlətinin mövqeyini bir daha açıqlayıb: "Əlbəttə, bu gün həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır".


Bu görüşdən beş gün əvvəl isə dövlət başçısı Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümünə həsr olunan toplantıda da münaqişənin həlli məsələsinə toxunub: "Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Beynəlxalq hüququn normaları tam tətbiq edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra olunmalıdır, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir. Bu, prinsipial mövqedir. Bu mövqe tarixə və beynəlxalq hüquqa əsaslanır. Çünki Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Çünki bütün dünya, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Dağlıq Qarabağ isə Azərbaycanın ayrılmaz hissəsidir”.

 

 


Deməli, Azəbaycanın rəsmi mövqeyi məlumdur. Bəs beynəlxalq vasitəçilər nə deyir? Onlardan biri Rusiyadır. Sergey Lavrov isə Prezident İlham Əliyevlə görüşündə bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsindən çıxış yolu tapmaqda və nizamlanmanın təmin edilməsində maraqlıdır.


Təəssüf və heyrətdən təbii olaraq belə bir sual yaranır: elə bu?! Məncə, bundan artığını gözləmək isə sadəlövhlükdür. Çünki beynəlxalq vasitəçilər bir qayda olaraq atəşkəsdən, gərginliyin azaldılmasından danışırlar və münaqişənin həllinə əhəmiyyətli dərəcədə yardım etməyən ənənəvi protokol bəyanatlarla çıxış edirlər. Torpaqların işğaldan azad olunmasından, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsindən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından, beynəlxalq hüququn pozulan müddəalarının bərpasından söz belə açılmır. İndiyədək ATƏT-in Minsk qrupunun həmsədrləri, onların təmsil etdikləri dövlətlərin rəsmiləri münaqişənin həlli, Dağlıq Qarabağın işğaldan qurtulması ilə bağlı Azərbaycana ağlabatan heç nə deməyiblər.


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sarqsyan arasında oktybarın 16-da İsveçrənin Cenevrə şəhərində keçirilən görüşdən sonra baş verənlər isə vasitəçilərin və rəsmi Yerevanın mahiyyətindən xəbər verir. S.Sarqsyan elə Cenevrədə erməni diasporunun nümayəndələri ilə keçirdiyi görüşdə bildirib ki, münaqişə Dağlıq Qarabağa Azərbaycanın tərkibindən kənarda statusun verilməsindən sonra həll edilə bilər: "İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bu məqsədlə hər şey edəcəyik, eyni zamanda Ermənistanı inkişaf etdirəcək və onu iqtisadi cəhətdən möhkəmləndirəcəyik”.


Sergey Lavrov, yaxud Moskvada həmsədrlər S.Sarqsyanın bu bəyanatını pislədimi? Yaxud onu qınadılarmı? Hər iki sualın cavab belədir: yox, yox.

 

 


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin noyabrın 13-də Soçidə görüşdü. Türkiyə lideri görüşdən əvvəl rusiyalı həmkarı ilə Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyini bildirmişdi. O, verdiyi vədə əməl edib, münaqişə ilə bağlı məsələni Putinin nəzərinə bir daha çatdırıb. R.T.Ərdoğan Rusiyadan sonra getdiyi Küveyt və Qətərdən Ankaraya dönərkən təyyarədə jurnalistlərə bu məsələ ilə bağlı məlumat da verib: "Mən ona 5 rayonun boşaldılması məsələsində müsbət nəticələrin əldə edildiyini söylədim. Putin məsələyə müsbət yanaşsa da, onun ümidsiz olduğunu gördüm. O, tərəflərin mövqeyindən ümidvar deyil. Bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var, ancaq ermənilər həmin əraziləri boşaltmayıblar. Həmin ərazilər boşaldılsa, təbii ki, torpağın sahibləri gəlib öz yurdlarında yerləşəcəklər. Bütün bunları danışdıq. Ancaq onda bununla bağlı ümidsizlik gördüm".


Maraqlıdır, Rusiya prezidentini ümidsiz edən nədir? Dağlıq Qarabağ problemini yaradan, onu idarə edən hansı dövlətdir? Ermənistana prezidentləri təyin edən, Yaxın və Orta Şərqə, habelə Cənub Qafqaz dövlətlərinə, Türkiyəyə nəzarət etmək üçün orada ordu, hərbi baza saxlayan hansı dövlətdir? Ermənistan adlı dövləti yaradıb, bu ölkənin yerli sakinləri olan Azərbaycan türklərinin oradan didərgin salınmasında rolu olan hansı ölkədir? İndi həmin dövlət Ermənistana "işğaldan əl çək” deməkdən çəkinir?! Yaxud bu istiqamətdə beynəlxalq vasitəçilərə yardım edə bilmir?! Bu sualların cavabı o qədər aydındır ki, onu yazmağa elə ciddi ehtiyac duymuruq. Ona görə də Ərdoğanın dediklərinin davamı olaraq belə ehtimal etmək olar ki, Sergey Lavrov Bakıya "5 rayon işğaldan azad edilir”, "siz də ermənilərə güzəşt paketini hazırlayın” təklifi ilə gəlib. Putini ümidsizləşdirən məsələnin də Azərbaycanın "güzəştə” getməməsi olduğunu güman etmək olar.


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında söylədiyi fikirlərlə münaqişənin həlli ilə bağlı beynəlxalq vasitəçilərin fəaliyyətindən də narazılıq hiss edilib. "Köhnə və yeni ideyaların hamısı masa üzərindədir. Biz bu ideyalardan tərəflər üçün məqbul olan vahid sənəd yaratmalıyıq. Biz müzakirələrdə aprel hadisələrini də yada saldıq. Vəziyyət qeyri-sabitdir və gərgin olaraq qalır. Dəfələrlə qeyd etmişik ki, siyasi iradə tələb edən addım atmalıyıq. Hansı addımlar atmalı olduğumuzu hamı bilir. Sadəcə hərəkətin sürəti zəifdir. Azərbaycan qətnamələrin icrasını tələb edir. Münaqişənin həlli üçün səylər üçqat artırılmalıdır”. 


E.Məmmədyarov "səylərin üçqat artırılmasını” dedikdə diplomatik formada Minsk qrupunun həmsədri olan üç ölkəyə - ABŞ, Fransa və Rusiyaya eyham vurur və Vaşinqton, Paris və Moskvanın münaqişənin həllinə eyni dərəcədə səy göstərməsini istəyir. Nazirin dediyindən belə çıxır ki, həmsədrlərin fəaliyyəti qaneedici deyil, yaxud onlar arasında ciddi fikir ayrılığı mövcuddur. Bəlkə də həmsədr ölkələrdən hansısa öz maraqlarına görə münaqişənin həllinə mane də olur. Azərbaycanın XİN başçısı isə bu vəziyyətdən narazılığını rusiyalı həmkarı Sergey Lavrovun yanında bildirməyi daha uyğun görüb. 


İlin sonudur. Azərbaycanın qapısını dekabradək bu məsələ ilə bağlı hələ çox döyəcəklər. Münaqişəni həll etmək üçün özünü vasitəçi olaraq təqdim edənlər və onların təmsil etdikləri qurumlar öz ölkələrinin uyğun qurumları qarşısında da hesabat verməlidirlər. Onların arasında maliyyə hesabatı da var. Həmin vasitəçilərdən Azərbaycan torpaqlarının bir millimetrini belə işğaldan azad etməyən bu danışıqlar üçün xərclənən pulların hesabatı istənildiyi istisna edilimir. Ona görə də hər ilin sonunda beynəlxalq vasitəçilər haray-həşir edir. Gah prezidentlərin, gah da nazirlərin görüşünü təşkil etməyə çalışırlar. Beynəlxalq vasitəçilər öz dövlətlərinin büdcəsindən maliyyə vəsaitini boş yerə xərcləyirlər. Çünki ezamiyyətlərin və vasitəçilərin münaqişənin həllinə heç bir əhəmiyyəti yoxdur. Bu səbəbdən nə Dağlıq Qarabağ işğaldan azad edilər, nə də Qarakənd faciəsi ilə bağlı düyün açılar. 

 

Sədrəddin Soltan

Report
Lavrov gəldi, danışdı, getdi - bəs sonra? -  ŞƏRH
Lavrov gəldi, danışdı, getdi - bəs sonra? -  ŞƏRH
Lavrov gəldi, danışdı, getdi - bəs sonra? -  ŞƏRH
Lavrov gəldi, danışdı, getdi - bəs sonra? -  ŞƏRH
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər