Media və QHT əməkdaşlığının yeni modellərinə dair konfrans - FOTO

Qeyri-Hökumət Təşkilatlarının həyata keçirdiyi layihələr barədə ictimaiyyətin məlumatlı olmasını təmin etmək üçün oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Qubada təşkil olunan konfransda ətraflı müzakirələr aparılıb.

QHT.az xəbər verir ki, "QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” adlı konfransda ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin rəhbər şəxsləri iştirak ediblər.

Prezident Administrasiyasının məsul əməkdaşı, Şura sədrinin müavini Vüsal Quliyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra dövlətin QHT sektorunun formalaşma istiqamətində atdığı ardıcıl addımların əhəmiyyətindən danışıb. Bildirib ki, "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunması və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında mühüm mərhələnin əsasını qoyub.

Şura sədrinin müavini bildirib ki, vətəndaş cəmiyyətinin iki əsas institutunun nümayəndələrinin bir araya gəlməsi, qarşılıqlı müzakirələr aparması olduqca vacibdir. Azərbaycan dövləti hər iki sahənin inkişafına kifayət qədər dəstək olur. Amma bəzən QHT-lərin icra etdiyi layihələrin KİV-də işıqlandırılması məsələsi ilə bağlı qarşılıqlı narazılıqlar ortaya çıxır. Məhz buna görə də hər iki sahənin mütəxəssisləri fikir mübadiləsi aparmalı, yeni əməkdaşlıq modellərinin tətbiqi üçün birgə səy göstərməlidirlər.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. Buna görə də onların icra etdiyi layihələr barədə cəmiyyət geniş məlumatlandırılmalıdı. Konfransın mahiyyətini də məhz informasiya işinin effektiv təşkilini təmin etmək üçün qarşılıqlı əlaqələrin qurulması təşkil edir.

Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud "QHT-KİV münasibətlərində inkişaf meyilləri və yeni tələblər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə vurğulanıb ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hər il yüzlərlə layihə həyata keçirilir. Bu layihələr barədə 2008-ci ildən "Vətəndaş cəmiyyəti” jurnalında ətraflı məlumat verilir. 2009-cu ildən isə layihələrin icrası ilə bağlı informasiyalar həm də qhtxəbər.az saytında yerləşdirilir. Bu saytda hər gün 1200-dən çox, ay ərzində isə 32 min xəbər paylaşılır. Son dövrlər QHT xəbərlərinin populyar xəbər saytlarında işıqlandırılmasında irəliləyiş var. Amma bununla kifayətlənmək olmaz. Mövcud problemləri aradan qaldırmaq üçün birgə əməkdaşlıq edilməlidir. QHT-lər öz informasiyalarının daha çox yayılması üçün xüsusi strategiya hazırlamalıdırlar. İlk növbədə, işə PR menecerlər cəlb olunmalı və ictimaiyyətlə əlaqələr şöbələri yaradılmalıdır.

Konfransda "QHT-KİV münasibətlərində yeni mərhələ: sosial jurnalistika” mövzusunda məruzə ilə çıxış edən Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu bildirib ki, müasir jurnalistikanın əsas mexanizmlərindən biri sosial şəbəkələrdir. Müasir dövrdə sosial media QHT-lər üçün yeni fürsətdir. Onlar həyata keçirdiyi layihə barədə hansısa saytın məlumat verməsini gözləməməli və bundan inciməməlidirlər. Əgər layihə doğrudan da kreativdirsə, maraqlıdırsa, saytlarda bu barədə məlumatlara təmənnasız olaraq yer verilir. QHT-lər daha geniş auditoriyaya çıxış imkanı olan sosial şəbəkələrdən təyinatı üzrə yararlanmalıdırlar.

Daha sonra qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov "QHT və KİV üçün sosial şəbəkələrdə PR” mövzusunda təqdimat keçirib. O, sosial şəbəkələrdə təbliğat, piar üsullarını izah edib.

Diskussiya şəraitində keçən konfransda həm QHT, həm də KİV nümayəndələri qarşıya çıxan problemlər barədə danışıb, fikirlərini bölüşüb, mövzu ilə bağlı təkliflərini səsləndiriblər.

Tədbirdə iştirak edən "Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədli bildirib ki, QHT-lərin ictimai əhəmiyyət kəsb edən, maraqlı layihələrlə bağlı xəbərlərini media daim işıqlandırır. Daha səmərəli əməkdaşlıq metodları ilə bağlı təkliflərini verən redaktor QHT rəhbərlərinin media ilə sıx əməkdaşlıqda maraqlı olmasının zəruriliyini vurğulayıb.


Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

15 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər