Məşhur idmançımız beynəlxalq yarışa qatıla bilmir – Pul yoxdur / FOTOLAR

Müsahibimiz 3 qat dünya, 6 qat Avropa, 19 qat Azərbaycan, o cümlədən 2 qat beynəlxalq çempion olan pauerliftinq üzrə idmançımız Elmir Tarverdiyevdir. 
İdmançımız bu ilin noyabr ayında Pauerliftinq idman növü üzrə keçiriləcək dünya çempionatına qatılmaq fikrindədir. Amma buna büdcəsi imkan vermir:

- Elmir, idmana həvəs səndə necə yaranıb, neçə yaşından məşğul olmağa başladın və niyə məhz pauerliftinq idman növünü seçdin?

- Hal-hazırda erməni tapdağı altında olan Azərbaycanımızın yaralı yerlərindən biri olan Qubadlı rayonunda anadan olmuşam. Məhz 5 yaşından Qubadlıda karate idman növü ilə məşğul olmuşam. Həyət eviydi, təbiət qoynundaydıq, az qala bütün idman növüylə məşğul olurdum. Bakıya köçəndən sonra 9 ay yenə də karateylə məşğul oldum, əsgərlik zamanında da idmanımı dayandırmadım. Qayıdandan sonra trenajor zalına davamlı getməyə başladım. Orda müəllimlər, dostum, qonşum Ceyhun dedi ki, pouerliftinq idman növü var. Onunla məşğul ol. Pouerliftinq 3 növ hərəkətin gücü deməkdir. Oturub-durma hərəkəti, sinədən sıxma hərəkəti, yerdən dartma hərəkətidir. Bu idman növü ilə 2003-cü ilin dekabrından məşğul oldum, dedilər, genetik güc var səndə. 
2004-cü ilin aprel ayında Azərbaycan çempionatında 3-cü yeri tutdum. Müəllim dedi ki, sən artıq məhz bu idman növündə özünü sına. O zaman 20 yaşım vardı. 2003-cü il sınağından sonra yarışda tutduğum yerdən həvəslənərək pouerliftinqlə məşğul olmağa davam etdim. Elə o vaxtdan da özümü yetişdirdim. Özünümüdafiə bir zaman üçün gərək olur adama. İndi düz 14 ildir bu idman növüylə məşğulam. 

14 ildə elə olub ki, 1 ildə iki dəfə Respublika çempionu olmuşam. Yəni 14 ildə 19 dəfə ölkə çempionluğunu qazanmışam. Həm yeniyetmələrdə, həm də kişilər qrupunda çıxış etmişəm. İlk dəfə dünya çempionatına 2009-cu ilin oktyabrında yollanmışam. Yarış Rusiyanın Rostov şəhərində keçirilib. İlk dünya çempionu da məhz orda olmuşam. İlk qatılan zamandan yəni. Bizdə AWPC deyilən bir versiya var. Açıqlaması budur ki, dopinqdən analiz götürülən bir versiyadır. Burda yəni dopinq ola bilməz. İlk dəfə Azərbaycandan dünya çempionatına azərbaycanlı kimi mən qazanmışam. 22 dünya, 23 Avropa rekordunu təzələmişəm. 2 dəfə beynəlxalq turnirin qalibiyəm. Bakıda keçirilən Heydər Əliyev adına dünya kuboku yarışmasının iştirakçısıyam, 5 ölkədən 5 rəqibim var idi. O yarışmada da uğur qazanmışam. Gürcüstan, İran, Rusiya, Qazaxıstan, digəri isə yerli idmançı idi.

- Bəs bu zamana qədər idmandan uzaqlaşmağınız, küskünlüyünüz, rəhbərlikdən incikliyiniz olubmu? Ümumiyyətlə pouerliftinq idman növünə münasibət necədir? 

- İdmandan bir müddət uzaqlaşmağımın səbəbi ancaq aldığım travmalar olub, çiynimdən zədə almışdım, 3 ay fasilə vermişəm. Müalicədən sonra isə davam etdirmişəm. Ən uzun fasiləm onda olub. Bir da bu il dizlərimdən zədə almışdım, 2 ay onda ayrı qalmışam. Bu idmandan uzaqlaşmaq fikrim yoxdur hələ ki. Hətta incikliklərim olsa belə.

- Pouerliftinq idman növündə yaş məhdudiyyəti varmı? Ola bilər ki, müsahibəni oxuyandan sonra kimdəsə maraq oyandı, məşğul olmaq istədi...

- Azərbaycanda yuniyor (yeniyetmə)-kişilər keçirilir, yaş həddi yoxdu amma xarici ölkələrdə isə hər bir yaş və çəki kateqoriyası var. Bizdə gələn hər bir gənc bu növə qatıla bilər. 18 yaşı keçəndən sonra 40 yaşdan yuxarıda da eyni qrupda olurlar. Xarici ölkələrdə isə hər yaşın öz kateqoriyası var.

- Pauerliftinq idman növü qeyri-olimpiya idman növünə aiddir. Sizcə pauerliftinq olimpiya oyunlarına aid edilməlidirmi və ya buna cəhd olunubmu? Cəhd olubsa da səncə gərəklidirmi?

- Pauerliftinq ağır idman növü olduğu üçün iki dəfə cəhd olunub, burda versiyalar, kontrolların sayı çox olduğu üçün hələ ki, qeyri-olimpiya idman növü olaraq davam etməkdədir. Təəssüflər olsun ki, qeyri-olimpiya idman növləri ilə məşğul olan idmançılar ikinci dərəcəli, ikinci yerdə olurlar. Cənab prezident hər zaman deyib ki, olimpiya növü olmasından asılı olmayaraq, bütün idmançılara diqqət və qayğı göstərilməlidir, ancaq prezidentin dediyinin əksi olaraq, bəzi vəzifəli məmurlar hər zaman ayrıseçkilik edirlər bizlərə qarşı. Prezidentin sərəncamlarına baxmayaraq, diqqət-qayğı bizə qarşı demək olar ki, yoxdur.

- Bildiyim qədərilə bu ilin noyabr ayında dünya çempionatına getməlisən. Təbii ki, yarışa qatılmaq üçün həm də büdcə lazımdır. Bu mövzuda dəstəyin varmı?

- Mən "Neftçi” idman klubunu təmsil edirəm. Azərbaycan Yığma Komandasının adından getməyimizə baxmayaraq, mənə dəstəyi hər zaman "Neftçi” idman klubu təşkil edib. Postsovet ölkələri olanda şəxsən özüm çalışıram ki, büdcəni özüm həll edim ancaq Avropa ölkələri olanda bir az çətin olur. Noyabrın 1-5-nə kimi yarış Rusiyada Moskvada keçiriləcək. Maddi vəsait bəlkə də dövlət tərəfindən ayrılır ancaq biz görmürük onu. Mən müəllimim Bayramov Şəmsiyə dərin təşəkkürümü bildirirəm. O nəinki müəllim, gözəl insan, gözəl məşqçi, qardaş, dostdur. 14 ildir ki, o mənim əziyyətimi çəkib, yoldaşlığını heç vaxt əsirgəməyib. Maddi və mənəvi dəstəyini belə əsirgəməyən bu insana saytınız vasitəsilə dərin təşəkkürümü bildirirəm. Hal-hazırda adımda 2 növdə 4 versiyada dünya, Avropa rekordları qalır. İnşallah bu rekordları yeniləmək istəyirəm.
 
Xeberdar.az
 



Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

19 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər