Ru
16:57 / 13 Dekabr 2017

Nazir zorakılığa məruz qalmış qadınların sığınacağında - FOTO

1069
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdəki müvafiq komissiya tərəfindən qeyri-dövlət mərkəzi kimi akreditasiya olunmuş "Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyi tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən sosial xidmətlərlə tanış olub.


BakuPost.az xəbər verir ki, nazir Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasət kursuna uyğun olaraq, ölkədə sosial xidmətlər sisteminin də əhatə dairəsinin getdikcə genişləndiyini vurğulayıb: "Hazırda «Sosial xidmət haqqında» Qanuna əsasən xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti və onlara qulluq göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, müəyyən yaşayış yeri olmayanlar və digər qruplarla yanaşı, məişət zorakılığından zərər çəkənlər də sosial xidmətlərlə təmin edilirlər”.


S.Müslümov qeyd edib ki, hazırda 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərilməklə, həmçinin nazirliyin sosial sifarişləri üzrə ixtisaslaşmış QHT-lər tərəfindən sosial xidmət layihələri həyata keçirilir. 2013-cü ildə 30 belə layihə icra olunubsa, cari ildə onların sayı 70-i ötüb.


Nazir diqqətə çatdırıb ki, məişət zorakılığından zərər çəkənlərə də qeyri-dövlət yardım mərkəzləri tərəfindən ehtiyac duyduqları xidmətlər göstərilir, habelə onların sığınacaqla təminatı həyata keçirilir: "Həmin qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki müvafiq Komissiya tərəfindən həyata keçirilir. Bu Komissiya əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, səhiyyə və təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarətdir. Akkreditasiya olunmaq üçün Komissiyaya müraciət edən təşkilatların müvafiq sahədə təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olmalarına xüsusi diqqət yetirilir və bu meyarlara cavab verənlərin akkreditasiyası təmin edilir. Onlar məişət zorakılığının mənfi hüquqi, tibbi və sosial nəticələrinin aradan qaldırılması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, onların hüquqi yardımla təmin edilməsi istiqamətində fəaliyyət göstərirlər”.


S.Müslümov "Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin də 2013-cü ildə akkreditasiyasının həyata keçirildiyini və hazırda öz fəaliyyət sahəsində müsbət iş təcrübəsi ilə seçildiyini bildirib: "Son illərdə həmçinin bu təşkilat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında sosial xidmət layihəsi də icra edib və məişət zorakılığından zərər çəkən uşaqlara həmin layihə çərçivəsində reabilitasiya yönümlü sosial xidmətlər göstərib”.


Tədbir zamanı "Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki müvafiq müəssisələrlə, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyi də qeyd olunub.


İctimai Birliyinin sədri Mehriban Zeynalova təşkilatın fəaliyyəti barədə məlumat verib. O, təşkilatın məişət zorakılığından zərər çəkmiş qadın və uşaqların müdafiəsi, həmin insanların zəruri sosial xidmətlə, hüquqi, tibbi, psixoloji yardımla, sığınacaqla təmin edilmələri və s. istiqamətlərdə gördüyü işləri diqqətə çatdırıb. M.Zeynalova aparılan işlərin davamı kimi, cari ildə "Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyi tərəfindən məişət zorakılığına məruz qalmış 119 qadının və 115 uşağın sığınacaqla təmin edilərək onlara zəruri yardımların göstərildiyini bildirib.


Tədbirdə İctimai Birlik tərəfindən məişət zorakılığından zərər çəkmiş qadın və uşaqlara göstərilən xidmətlər nəzərdən keçirilib, bir sıra tövsiyələr verilib. Eyni zamanda bu sahədə işin səmərəliliyinin artırılması üçün dövlət tərəfindən belə sığınacaqların açılmasının, qeyri-hökumət təşkilatlarının isə daha çox ilkin müraciətləri qəbul edərək, müvafiq şəxslərin həmin sığınacaqlara yönləndirilməsi funksiyalarını yerınə yetirməsinin məqsədəuyğunluğu barədə təkliflər səsləndirilib.

 





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər