““O səs Türkiyə”dən əvvəl toylarda oxuyurdum” - Mehman Tağıyev

1588
"O səs Türkiyə" yarışmasında "Sarı gəlin"i ifa etməklə bir gecədə hər iki ölkədə populyarlaşan Mehman Tağıyev Ölkə.Az-ın suallarını cavablandırıb.
 
BakiPost.az həmin müsahibəni təqdim edir:

- Mehman, "Azərbaycanın səsi" yarışmasının qalibi olmuşdun. "O səs Türkiyə"də belə uğurlu çıxış edəcəyini gözləyirdinmi?

- Doğrusu, bu qədər uğurlu olacağımı gözləmirdim. Çünki seçdiyim repertuarda başqa mahnılar da var idi. Ancaq orada həm türklərin uzun havası, həm də muğam oxumaq o qədər də mümkün deyil. Birtəhər onları razı sala bildim və dedim ki, əgər "Sarı gəlin"i ifa etsəm, az da olsa muğam ifa etməliyəm. Onlar muğam oxumağıma razılıq verəndən sonra özümdə əminlik yarandı. İnanırdım ki, münsifləri döndərə biləcəyəm.

- Fikrincə, "Sarı gəlin"in əvvəlində ifa etdiyin muğam parçası olmasaydı, belə uğurlu alına bilərdi?

- Fikrimcə olardı. Onlar mahnıları bizim elektron ünvanımıza göndərirdilər. Digər gənc sənətçilərimiz "Sarı gəlin"i caz və pop stilində oxumuşdu. Amma mən o əsərə olduğu kimi, klassik variantda yanaşdım. Ona görə düşünürəm ki, muğam oxumasaydım da dönəcəkdilər.

- Səni Elza Seyidcahanın tələbəsi kimi təqdim edirlər...

- Elza Seyidcahandan da öyrəndiyim çox şey olub. Amma sənət bünövrəmi Naxçıvan Muxtar Respublikasının əməkdar aritsti Qurban Qasımov qoyub. Alim Qasımovun tələbəsi Mütəllim Dəmirovdan da dərs almışam, qulaq asmışam. Elza xanımı da "Azərbaycanın səsi" yarışmasında tanımışam, mənə çox köməyi olub.

- Məhz Sibel Canı seçməyində səbəb nə idi: onun sənətini bəyənməyin, yoxsa irəli getmək üçün daha böyük perspektiv görməyin?

- Səbəb o idi ki, Sibel Canı həm çox istəyirəm, həm də ifa tərzlərimiz yaxındır. Sibel Canın alternativi də daha çoxdur.

- Əgər üç münsif dönsəydi, Sibel Can dönməsəydi, yenə ürəyindən keçərdimi onu seçmək?

- Onu fikirləşməmişdim, hamısının dönəcəyinə əmin idim. Çünki "Sarı gəlin" elə mahnıdır ki, ona dönməmək mümkün deyil. Oradakı ifamda pianinodan başqa alət yoxdur. Təbiilik də onların xoşuna gəlmişdi. Sosial şəbəkələrdə yazırlar ki, hamı gedib "Sarı gəlin" oxuyur. Əgər bu mahnı mənə estrada, caz, yaxud başqa formatda təklif olunsaydı, oxumayacaqdım. Onlara da bu fikrimi demişdim.

- Bundan öncə Azərbaycandan kənarda iştirak etdiyin müsabiqə olmuşdu?

- Bir neçə beynəlxalq müsabiqədə iştirak etmişəm. "Türkvision"da, Ankaradakı konsertlərdə çıxışlarım olub. Amma bu mənim üçün daha çox perspektiv vəd edən müsabiqə oldu. Dünyada baxılan müsabiqədir. Acunun da dediyi kimi "O səs Türkiyə" dünyada keçirilən bu tip yarışmaların ən reytinqlisidir.

- Bir sıra ifaçılarımız azacıq tanınandan sonra yenidən toya üz tuturlar...

- "Azərbaycanın səsi" müsabiqəsində iştirak edəndə finala qədər dörd mahnım tutmuşdu. Hələ ki öz üzərimdə işləyirəm. Toy əslində olmalıdır, bu qazancdır. Amma əsas olan sənətdir. İnanıram ki, bundan sonra yaxşı bir şeylər olacaq. Yarışma qaydalarına görə bəzi şeyləri açıqlaya bilmirəm.

- Bu müsabiqədən öncə toylara gedirdin?

- Gedirdim, o qədər də yox. "Azərbaycanın səsi" yarışmasında mən o qədər də populyar olmadım.

- Ara sıra da olsa toylara gedəcəksən?

- Əlbəttə, gedəcəyəm. Amma fikrimdə başqa şeylər var.

- Yəqin ki, toy qonorarına da təsir edəcək.

- O barədə heç düşünməmişəm. Doğrusu, konkret bir toy qiymətim də yoxdur. Hər halda müəyyən artım olacaq.
 
Bakı Post
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər