Məsafədən idarə edilən pilotsuz uçan aparatların dövriyyəsinə icazənin verilməsi üçün elektron qaydada müraciətin və sənədlərin qəbulu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.
BakuPost-un məlumatına görə, baş nazir Novruz Məmmədov bununla bağlı "Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edilməsi barədə qarar imzalayıb.
Əvvəllər bu sahədə səlahiyyətli orqan Dövlət Mülki Aviasiya Administrasiyası olub. "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılıb. Məsafədən idarə edilən pilotsuz uçan aparatların dövriyyəsinə icazənin verilməsi üçün elektron qaydada müraciətin və sənədlərin qəbulu, bu sahədə icazənin verilməsi isə artıq birbaşa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətində olacaq.