Polşanın qeyri-adi abidələri - Suda dirijor, əyyaşın və kartofun heykəli

559
Polşa Avropanın ən maraqlı ölkələrindən biridir. Xüsusilə abidələrlə zəngin olan ölkə bu baxımdan hər zaman turistlərlə dolu olur. 

BakuPost.az bu ölkəyə səyahət etmək istəyənlərə, yaxud istəyib gedə bilməyənlərə Polşanın ən qeyri-adi abidələri haqda məlumatları təqdim edir:

Heyrət doğuran daş heykəllər Reç Pospolitanın müxtəlif şəhərlərində cəmləşib. Birinci yerdə kartofa qoyulan heykəl gəlir. 4 metrlik daş kartof Koşalin vilayətinin Besekej kəndində yerləşir. Qonşu kartof fermasında sözügedən bitkinin yeni sortunun şəninə ucaldılan abidə, təsərrüfatın o vaxtki direktorunun təşəbbüsü ilə ortalığa çıxıb. Bundan əlavə həmin kartof qminanın (qmina - Polşada kiçik inzibati vahid) gerbində öz əksini tapıb.

 
Lyublin voyevodluğunun Roztoçan milli parkının ərazisində nadir abidə mövcuddur. Öz-özlüyündə dünyada yeganə olan çəyirtkə abidəsi 1711-ci ildə ziyanverici cücü sürüsü üzərindəki qələbənin şərəfinə meydana gəlib. Bir çoxları inanır ki, məhz həmin qələbə sayəsində Polşada çəyirtkələrə rast gəlinmir.
 
 
1982-ci ildə Lyubuş voyevodluğunun Vsxova şəhərində İlon buğasına abidə qoyulub. Bu daş monument kansler Otto fon Bismarkın keçmiş heykəlinin yerində ucaldılıb. İlon adlı istehsalçı-buğa bu yerlərdə məşhur olub. Deyilənə görə, onun sayəsində mal-qaranın sayı və ümumilikdə təsərrüfatın gəliri artmışdı. Sözügedən abidə həm də məhsuldarlığı simvolizə edir.
 
 
2005-ci ildə polyak ufoloqları üçün yaddaqalan hadisə baş verdi. 15 oktyabrda Lyublin voyevodluğunun Emiltsin kəndində Avropada ilk dəfə olaraq UNO (naməlum uçan obyekt) abidəsinin açılışı oldu.Bu abidə 10 may 1978-ci ildə Polşa ərazisində baş verən ufo hadisəsi ilə əlaqədar olaraq ucaldılıb. Həmin gün səhər saat 5 radələrində yerli sakin Yan Volski görünüşcə kiçik naməlum varlıqlarla qarşılaşır. Çağırılmayan qonaqlar jestlərin köməkliyi ilə Volskini gəmiyə dəvət edirlər. Öz gəmilərində Yan üzərində ağrısız müşahidələrini apararaq onu azad edirlər. O gündən sonra ucaldılan abidə 2,5 metr hündürlüyündədir və üzərində "10 may 1978-ci ildə UNO obyekti Emiltsində eniş etdi” sözləri yazılıb.
 
 
Krakovda turistlərin və yerli sakinlərin ən mox maraqla tamaşa etdiyi obyekt Əjdaha abidəsidir. Əfsanəyə görə bir vaxtlar bu yerlərdə əjdaha yaşayıb.
 
Həmin varlıq yaxınlıqda yaşayan sakinlərdən gözəl qız şəklində xərac alırmış.Ancaq indi bu abidə ilə başqa bir inanc bağlıdır. Hesab edilir ki, əjdaha növbəti dəfə ağzından alov buraxan vaxt ürəkdə arzu tutmaq lazımdır. Çünki həmin arzunun həyata keçmə ehtimalı var.
 
 
Krakovda daha bir maraqlı monument var.Köpək Coka qoyulan abidə it sədaqətinin təcəssümüdür. Heykəlin tarixinə görə Cok adlı it ürək tutmasından vəfat edən sahibini bir il boyunca Qrünvald dairəsində gözləyir və ətraf evlərin sakinlərinin sevimlisinə çevrilir. Kommunal xidmət işçiləri onu bir neçə dəfə sahibsiz itlərin sığınacağına təhvil verməyə çalışsalar da cəhdləri uğursuz alınır. Belə olan halda böyüklər və uşaqlar ona yemək gətirirlər. Bir ildən sonra Cok özünə yeni sahibə-yaşlı coğrafiya müəlliməsi Mariya Mulleri seçir. Həmin müəllimə də dünyasını dəyişdikdən sonra Cok itlərin sığınacağına təhvil verilir. Tezliklə Cok özünü tənha hiss edərək sığınacaqdan qaçır və... qatarın altına atılır.
 
 
İt sədaqətinin daha bir abidəsi Qdansk şəhərində yerləşir. Adsız qəhrəmanın sallanan qulaqları və kədərli gözləri var. O, binanın 3-cü mərtəbəsindən insanlara baxır. 19-cu əsrin sonunda bu evin sakinlərindən biri yaşlı, xəstəliklər ucbatından taqətdən düşmüş heykəltəraş idi. Günlərin bir günü onun yaşayış evinin astanasında ağzında küçük saxlayan yaralı it peyda olur. Lakin onun ömrü uzun çəkmir. Bir neçə gündən sonra it ölür. Bundan sonra heykəltəraş it balasınının qayğısına qalmağa başlayır. Onlar 1885-ci ildəki qasırğaya kimi bir yerdə yaşayırlar. Güclü qasırğa evi zibil "dağ”ına çevirir. Sabahkı gün xilasedicilər dağıntılar yaxınlığında yeri eşələyən iti aşkar edirlər. Nəhayət it sahibinin yerini tapır və onun xilasına nail olur. Heykəltəraş sınmış ayaqlarla həyatda qalır, onun xilaskarı olan it isə ölür. Bundan sonra heykəltəraş yalnız bir heykəli ərsəyə gətirir. O, özünün sədaqətli itinin təsvirini meydana gətirir.
 
 
Baltik dənizinin sahilində olduqca maraqlı heykələ rast gəlmək mümkündür. Polşanın şimalındakı Qdınya şəhəri sahilinin bir neçə metrliyində yerləşən abidə beton meydançadadır. Dalğalar dirijoru və ya Arzulayan adlı abidə əlində dirijor çubuğu olan oğlan fiqurudur. Ona baxanlarda belə bir təəssürat yaranır ki, sanki oğlan uşağı Baltik sularına dirijorluq edir. Heykəlin açılışı 2009-cu ildə baş tutub və ən orijinal və romantik sənət əsərlərindən biri hesab olunur.
 
 
Əyyaşa abidə - Pan Qumanın Varşava heykəlini belə adlandırırlar. Pan Quma real həyatda yaşayan insan idi. O, boş şüşə qablarını və alüminium bankalarını toplayaraq güzəranını təmin edirdi.  Aldığı pulun bir hissəsini isə içkiyə xərcləyirdi. Maraqlıdır ki, abidə modeli üzərində aparılan işin başlanğıcında Pan Quma heykəltəraşa poz verirdi. Lakin sonradan böyrək xəstəliyindən vəfat edərək özünün son heykəl portreti variantını görə bilmədi.

 

Rafiq Qurbanov 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər