Ru
13:47 / 02 Oktyabr 2017

Problem yoxdu

5639
 Anar Gəraylı

 

Ala-bula boz keçi,

Ay qoşa buynuz keçi.

Qışqırıb banlayırsan,

Qoymursan yatmağa.

 

("Koroğlu” dastanı, "Qazan xanın evinin yağmalanması” boyu)

 

 

 

O gün internet kəsilib. Nə işdə, nə telefonda şəbəkə var. Zəng eləmişəm, ölkənin internet paylayıcısı olan "Delta” şirkətinə ki, bəs, heç harda internet yoxdu, səbəb nədi, nə baş verib? Telefonun o başındakı şəxs dedi ki, internetdə heç bir problem yoxdu. Dedim, axı bizdə nə işdə, nə də mobil operatorda var internet. Yenə dedi ki, internetdə problem yoxdu. Dedim axı, fakt indi biz girə bilmirik internetə. Dedi, internetdə problem yoxdu. Dedim, indi mən sənə inanım, ya gözümə? Dedi, internetdə heç bir problem yoxdu, başqa sualınız varsa, email ünvanımıza yazın. Dedim, axı internet yoxdu. 

 

Sonra zəng elədim, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə ki, bəs, bilirsiniz yəqin, internet kəsilib ölkədə. Xəttin o tərəfindəki səs dedi, bilirik, internetdə heç bir problem yoxdu. Dedim, bəs yeni nazirimiz, yeni internetimiz, problemlərsiz bir dünya... Dedi, dedim axı, problem yoxdu.

 

**

 

Yenə soyuq və yağışlı payız səhərlərindən birində çay qızdırmağa qaz tapmadığımız ənənəvi günlərdən idi. Zəng elədim "Azəriqaz”a ki, bəs, filan məhlədə, filan küçədə qaz yoxdu. Telefonun o başındakı xanım dedi ki, qaz verilişində problem yoxdu. Dedim, axı indi bizdə qaz yoxdu. Xanım dedi, qazda problem yoxdu. Dedim, axı işə getməliyəm, amma çay qızdıra bilmirəm, qaz yoxdu. Dedi, problem yoxdu. Dedim, qaz... Sözümü kəsdi, dedi, sənsən qaz. Amma problem yoxdu.

 

**

 

Yenə ucu-bucağı görünməyən tıxaclardan birində hardasa 2 saat əsəb keçirəndən sonra işə gəlib zəng eləmişəm Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzinə ki, bəs, filan küçədə filan qədər vaxtdı, tıxacdı, səbəb nə idi, nə baş vermişdi? Xəttin o başındakı gənc cavab verdi ki, filan küçədə problem yoxdu. Dedim, axı mən iki saat orda əsəbdən ağlamışam. Dedi, iki saat qabaq həmin küçədə problem olmayıb. Dedim, axı ordan gəlirəm. Dedi, o küçədə heç vaxt problem olmayıb. Dedim, bəs axı işə gecikmişəm. Dedi, sənə problem lazımdı? Dedim, yox, problem yoxdu. Dedi, problem yoxdu.

 

**

 

Zəng edirik, Təhsil Nazirliyinə ki, insanlar şikayət edir, filan dərslikdə problem var. Xəttin o başındakı rəsmi deyir ki, problem yoxdu. Deyirik, filan məktəbdən şikayət var ki, direktor süpürgə pulu istəyir, deyir, filan məktəbin direktoru ilə danışdıq, problem yoxdu. Deyirik, bəs, filan məktəbin üstü deşilib, uşaqların üstünə su damır, deyir, filan məktəbin üstü ilə də danışdıq, problem yoxdu. Deyirik, bəs heç olmasa, filan məktəbdə tualet yoxdu, onu nəsə edəsiniz, deyir, filan məktəbin tualetiylə də danışdıq, orda da heç bir problem yoxdu. Deyirəm, axı bəs p.x... Deyir, bizim sahəmiz təhsildi, p.xa biz baxmırıq. Deyirəm, problem yoxdu. Deyir, problem yoxdu.

 

**

 

Uroloq həkim səhvən xəstənin ürəyini kəsib götürür. Zəng edirsən Səhiyyə Nazirliyinə ki, bəs axı uroloq, axı kardioloq, bəs axı Hippokrat, ağsaqqal adamdı-filan. Deyir, uroloqu araşdırdıq, problem yoxdu. Deyirsən, bəs axı ayağı da kəsmişdi o biri stomatoloq. Deyir, araşdırdıq, diş həkimin ayağında da problem yoxdu. Deyirsən, bəs axı gənc ana da öldü doğuş vaxtı. Deyir, ananı da araşdırdıq, gənc deyilmiş, problem yoxdu. Deyirəm, bəs axı xəstələrimiz İran, Turan, alman... yollarında qalıb. Deyir, nəəə? Nə danışırsız?! Bizdə yollarda ümumiyyətlə problem yoxdu.

 

**

 

Bütün bunların axırında baş redaktor dedi, ta neyniyək, get bir yazı yaz, göstər, ölkədə heç bir problem yoxdu. Dedim, problem yoxdu. 

 

Lent.az
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər