Ru
09:49 / 13 Noyabr 2018

Qadını döymək olarmı?

3069
Pərviz Cəbrayıl

 


Yox, əlbəttə, yox!


Heç kişini də döymək olmaz. İtini, pişiyini də. Heç kimi, heç kəsi, heç nəyi.


Heç kim heç kimi döyməməlidi. Kişi kişini, kişi qadını, qadın uşağı, böyük kiçiyi, kiçik böyüyü, güclü gücsüzü… Biz mənəvi kommunizmdə, utopik bir dünyada yaşamırıq, bu dediklərim arzudan, "belə deyil, ancaq belə olmalıdır” istəyindən başqa bir şey deyil.


Ona görə də, "kişi qadına əl qaldırmaz” fikri mənə çatmır, gender cəfəngiyatı kimi görünür. Belə çıxır, qadından başqa hər kəsi döymək olar, hətta qadın kişini döymək hüququna sahibdi.


Bu məsələdə, mənim fikrimcə, hər zorakılıq faktına ayrıca götürülmüş şəkildə baxmaq lazımdı. Məsələn, filankəs arvadını döyüb. Cavab belə olmalıdı:"Düz etməyib!” Vəssalam.


Bəli, bütün döymələr, fiziki güc tətbiqi vəhşilikdi.


Ancaq məsələyə heç vaxt birtərəfli baxmağın tərəfində olmamışam. Hər bir hadisədə məsələnin səbəbinə baxılmalıdı. Döymək nəticədi. Nəticəni səbəbə nəzər salmadan müzakirə etmək yanlışdı. Döymək, dediyim kimi, nəticədi, onu doğuran səbəb nədi, onu araşdıracaqsan. Əlbəttə, səbəb nə olur-olsun, nəticə döymək olmamalıdı. Amma biz hansısa texniki alətdən danışmırıq. İnsandı bizim müzakirə obyektimiz. Onun beyni hansısa robot kimi proqramlaşdırılmayıb, əsəb, hiss-həyəcandan məhrum deyil ki, döymək məqamı yaransa belə, əl saxlasın, yanlış olduğunu düşünüb qərar versin. Hətta bu cür proqramlaşdırılmış kompüterlərin beyni də qəfildən yüklənib pozula, caya bilirsə, insanın nəticə olaraq ələ aldığımız vəhşiliyi son dərəcə normal görünür. Ancaq olan olursa, artıq səbəbi araşdırmaq da vecə gəlmir. Bundan sonra artıq insan oğlunun, qızının dürlü-dürlü çıxış yolları var. Danışaraq araşdırmaq, ortaq məxrəcə gəlmək, qarşılıqlı korrektələrlə, redaktələrlə problemi yoluna qoymaq, alınmırsa, başqa yollardan yararlanmaq – elə insan oğlununca cəmiyyət təcrübələrini ümumiləşdirərək yaratdığı qanunlara baş vurmaq. Polisə şikayət, məhkəməyə ərizə, boşanmaq və s.

 

Bəzən tərəflər hadisədən sonra üzr istəyir bir-birindən, bir-birini bağışlayır. Hər ikisi ifrata vardığını, əsəbdən nə etdiyini bilmədiyini boynuna alır, problem çözülür. Ancaq bunlar ötəridi, bu xuy-xasiyyət ki insanda var, demək, davamı gələcək. Və hər dava sevgidən, ailənin kərpicindən birini salacaq. Mənə görə, əslində, bir dəfə baş vermiş bu fakt artıq sevginin yoxluğunu, öldüyünü, gücdən düşdüyünü, ümumiyyətlə, arada sevgi olmadığını göstərir. Çünki sevgi varsa, qadın kişini o həddə çatdırmaz, kişi qadına əl qaldırmaz. Axı ağzımızda dava deyirik, dava! Hər kəs öz silahıyla iştirak edir bu davada. Qadının, kişinin hər birinin öz silahı var. Biri sözlə vurur, qıcıqlandırır, biri yumruqla, şillə-təpiklə. Əlbəttə, əksinə də olur.


Bir kərə döyülmə baş verdimi, bitməlidi məsələ. Ailədə umu-küsü, söz-söhbət təbiidi, iş bəndin-bərənin aşılmasına çatmaya keşkə. Ancaq təkrar edirəm, hətta söz-söhbət belə artıq təməlin, zəminin etibarlı olmadığını göstərir, demək, hap-gop edilən bünövrəsi laxlayır, keyfiyyətsizdi, ya heç yoxdu. Davadan sonrakı qarşılıqlı "səni sevirəm” söhbətləri ilğımvaridir, elə ilğımdır.


Yarımçıq sevgi olmur!


Sevgi ya var, ya yox.


Özümüzü aldatmayaq.


Əslində, mövzumuz başqadı. Sadəcə, ona qədər bəzi şeyləri incələməsək, olmur.


Danışmaq istədiyim, ailədə baş verən hər hansı fiziki zorakılığın sosial şəbəkədə fərdlərdən biri tərəfindən anında ictimailəşdirilməsidi.

 

Son bir neçə ayda tanınmış jurnalistlərimizdən ikisi bu tip girdaba yuvarlanıb. Məsələ ondadı ki, hər iki cütlük ailəcə jurnalistdi.


Bəli, bu sosial şəbəkədə ictimailəşdirmək ehtirası mənə çatmır. Kişinin əli qadına dəyən kimi qaçır sosial şəbəkəyə. Sosial şəbəkədə ümummilli ana, ümummilli ata statusu almış bir neçə xəstə var – onların üstünə. Elə bil haqq divanının kollegiya üzvləridi. Nə bilim, andlılar məhkəməsidi. Sanki sosial şəbəkə atadı, anadı, qanundu, polis, məhkəmədi. Hansısa Məhərrəm, Fatmanisə, Zibeydə, Həzrətqulu sənin probleminin incəliyini hardan bilə bilər? Nə yəni, Fatmanisə, ya Həzrətqulu gəlib sənin ərini döyəcək? Ya onun üstünə bağıracaq, barmağını gözünə soxub başına ağıl qoyacaq? Bəlkə bundan sonra sənin ailənin düzəni, hüzuru qaydasına düşəcək və daha ailə həyatınız yağ-bal kimi gedəcək?


Bu, nə cahil təfəkkürdü?


Ərin Qəmbərqulunu ağıllandırsa, ürəyində olan sevgi, genində olan təcrübə, başında olan dərrakə ağıllandırar da! Bunlar yoxdursa, özü it aşı kimi qarışıq, xaotik, bərbad həyat yaşayan, yəni özünə umac ova bilməyən fatmanisələr, həzrətqululardan sənə nə mədəd? Yəni sənin ictimaiyyətə dərs keçən ərin onlardan gerizəkalıdı? Elə həmin ər (arvad) başqalarının bu tip ictimailəşdirmələrində müdrik poza alıb başqalarına ağıl vermirmi? Verir. Bəs özü niyə elə edir? Deməli, at bir yana o həzrətquluları. Onlar da sənin yoldaşın kimidi elə.


Bu ictimailəşdirmək deyəndə bir şeyi də unuduruq. Kişinin fiziki zorakılığını anındaca ictimailəşdiririksə (ümumiyyətlə, fatmanisə-həzrətquluların haçandan ictimaiyyət olduğunu xatırlaya bilmirəm), o zaman qadının mənəvi zorakılıqlarını da kişi dərhal sosial şəbəkəyə çıxarmalıdı: "Ay camaat, qoymayın, İrasim gəlerr”. Yəni, baxın, sizin mələk kimi tanıdığınız arvadım belə ləçərdi, belə bihəyadı, belə ədalətsizdi, cahildi, kütdü, itdi-qurddu.


Nə olacaq onda?


Təsəvvür eləyin, onda kişilərin bu tip statusları Markın imperiyasını bir anda çökdüdər! Çünki bu dişi zorakılıq az qala hər gün hər yüz ailədən 99-unda baş verir!


Dünyanın hər yerində sarı mətbuat var, maqazin mətbuatı var, ünlülərin ailə qalmaqalları zaman-zaman mediaya çıxır, çıxarılır. Ancaq unutmayaq, o ünlülər bizimkilərdən deyil, arada milyonlar var, dava onun davasıdı, gələcək məhkəmə proseslərində bir addım irəli düşmək davasıdı. Bizim ünlülərinsə üstündə bir-birini al qanına xarman edəcəyi yoxdan başqa heç nəyi yoxdu və zatən davaların çoxu da elə buradan qaynaqlanır. Yamsılama, yamsılama, daha beləsi yox da!


Bu tip sosial şəbəkə şoularından anladığım bir şey var: məqsəd heç də çözüm bulmaq deyil, hər nədisə, o deyil, niyə belə edirlər, nə üçün edirlər, bilmirəm.


Bildiyim tək şey var, sevgi yoxdu, atam-qardaşım, anam-bacım, sevgi…
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər