Ru
13:33 / 13 Noyabr 2018

Qarabağ əlili böyrəyini satışa çıxarmaq istəyir - “Bank of Baku”dan ölkə rəhbərliyinə şikayət

4167
Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Abduləli Rəsulov "Bank of Baku” ilə bağlı ölkə rəhbərliyinə şikayət edib. 


BakuPost xəbər verir ki, bir böyrəyini müharibədə itirmiş qazi digər böyrəyini də banka görə satmaq məcburiyyətində qaldığını deyir. 

A.Rəsulovun sözlərinə görə,döyüşlərin birində bir böyrəyini itirdikdən sonra ağır fiziki işlə məşğul ola bilməyib. Bu səbəbdən kiçik sahibkarlıqla məşğul olmaq qərarına gəlib və ailəsini dolandıra bilmək üçün dükan açıb. 


O, bəzən "Bank of Baku” ASC-nin Şəki rayon filialından manatla kiçik məbləğli kreditlər götürüb və işinə davam edib. İlk devalvasiyadan bir qədər əvvəl, 2014-cü ilin sentyabrın 18-də bankdan onu çağıraraq 10 000 ABŞ dolları kredit götürməsi təklif edilib. 


"Məbləğin çoxluğuna etiraz etsəm də bank işçiləri məni narahat olmamağa çağırdı. Krediti götürərək az-az ödəniş etməklə biznesimi genişləndirməyi tövsiyə etdilər. Halbuki bankın qanunvericiliyə görə xarici valyuta ilə kredit verməyə səlahiyyəti çatmır. Hər ay 700 dollar əvəzinə, ardıcıl olaraq 800 dollar pulu banka ödəməkdə davam edirdim.


2015-ci ilin fevralında baş vermiş ilk devalvasiyadan sonra qərara aldım ki, əlimdə olan bütün əmlakımı satıb banka olan qalan borcumu dərhal ödəyim. "Bank of Baku” ASC-nin Şəki filialınınm mərkəzi ofisində fikrimi bildirdim ki, devalvasiyadan əvvəlki kursa banka qalan borcumu tam olaraq dərhal ödəyim. Rəhbərlik mənimlə razılaşmadı. Mən də cavab olaraq banka 3 mart 2015-ci il tarixli məktubla yazdım ki, yeni kursla bankın borcunu ödəyə bilməyəcəyəm. Bank da öz növbəsində "borcun ödənilməsi” barədə yerli məhkəməyə müraciət etdi. Şəki rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsinə görə mənim banka olan 7287 ABŞ dollar əsas borcumun və 1425 dolların müştərək qaydada ödənilməsi qət edilib”, - deyə qazinin  prezident İlham Əliyevə, 1-ci vitse prezident Mehriban Əliyevaya və Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanan şikayət ərizəsində qeyd edilir. 


O, prezidentdən xahiş edib ki, banka olan borcunu əvvəlki qaydada ödəyib yekunlaşdırması üçün köməklik edilsin: "Hazırda maliyyə vəziyyətim ağır olduğuna görə bank ödənişini həyata keçirə bilmirəm və məcburam ki, erməni gülləsindən itirdiyim böyrəyimdən sağ qalan digər böyrəyimi satışa çıxarıb "Bank of Baku”ASC-yə ödəyim”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər