Qəbiristanlıqların salınması qaydası dəyişdi

437
Nazirlər Kabineti "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nı təsdiq edib. 

BakuPost-un məlumatına görə, qərara əsasən Yerli icra hakimiyyəti orqanlarına Qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə 3 ay müddətində təhvil verilməsini təmin etmək tapşırılıb. 

Bu Qaydalar qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələbləri müəyyən edir.

Bu Qaydaların tələbləri (5.5-ci və 5.6-cı bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla) Azərbaycan Respub-likasının Fəxri xiyabanlarında, Şəhidlər xiyabanlarında və kütləvi (qardaşlıq) məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir.

Qaydalara əsasən, qəbiristanlıqların reyestri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,  dəfnlərin vahid dövlət reyestri Ədliyyə Nazirliyi tərəfindən aparılır. Dəfnlərin vahid dövlət reyestri elektron daşıyıcılarda aparılır. Yeni qəbiristanlığın salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir. Yeni qəbiristanlığın salınması barədə qərar qəbiristanlıq köçürüldükdə, qəbiristanlıq bağlı elan edildikdə və  yeni yaşayış məntəqəsi salındıqda qəbul edilir. Qəbiristanlıqda qəbir yerlərinin 85 faizi tutulduqda, bələdiyyə yeni qəbiristanlığın salınması üçün bu Qaydalarla müəyyən edilmiş tədbirləri həyata keçirir.

Fəxri xiyabanların, Şəhidlər xiyabanlarının və kütləvi (qardaşlıq) məzarlıqlarının salınması barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Dəfn olunacaq şəxslərin dairəsinin və dəfnlərinin təşkili qaydası bu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir. Qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olan torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın  yaradılması barədə qərar qəbul edilir və bu qərar ictimaiyyətə çatdırılır, həmçinin bələdiyyənin inzibati binasının qarşısında hamı üçün açıq olan yerdə elan lövhəsində yerləşdirilir. Komissiyanın tərkibinə Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri daxil edilir. Komissiya bələdiyyənin təklifləri əsasında qəbiristanlığın salınması üçün bu Qaydalarla müəyyən olunmuş tələblərə cavab verən torpaq sahəsini 30 gün müddətində müəyyən edir.

Qəbiristanlığın ümumi ərazisinin 80 faizi qəbir yerləri, ən azı 15 faizi yaşıllıq sahəsinin salınması, qalan hissəsi isə dəfn və yas mərasimlərinin keçirilməsi, habelə qəbiristanlığın qorunması və saxlanılması işlərinin təşkili məqsədi ilə bina və digər obyektlərin tikintisi, qəbiristanlıq yollarının və rezervasiya nəqliyyat vasitələri üçün meydançanın salınması məqsədi ilə nəzərdə tutulur. Qəbiristanlığın ərazisində Şəhidlər xiyabanlarının, kütləvi (qardaşlıq) məzarlıqlarının planlaşdırılmasına yol verilir.

Qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 nəfərə (sakinə) 0,24 hektar hesabı ilə müəyyən edilir.  Qəbiristanlıqlar üçün torpaq sahələri yaşayış məntəqələrinin ətrafındakı ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində ayrılacaq torpaq sahələri ilə yaşayış və ictimai binalar, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinin obyektlər  arasında  ən azı 300 metrlik sanitariya mühafizə zonası nəzərdə tutulmaq şərtilə ayrılır. Bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra, onunla yaşayış məntəqəsi arasındakı məsafə Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldıla bilər. Kənd yaşayış məntəqələrində yerləşən qəbiristanlıqdan yaşayış və ictimai binalar, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinə qədər olan məsafənin qrunt sularının səviyyəsi nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldılmasına yol verilir.

Layihələndirilən və mövcud qəbiristanlıqların sanitariya mühafizə zonasında yaşayış və ictimai binaların, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinin, məişət (təsərrüfat) içməli su təchizatı qurğularının tikintisinə yol verilmir. Qəbiristanlığın salınması üçün ayrılan torpaq sahələri sürüşməyə və çökməyə meyilli olmamal, məişət (təsərrüfat) içməli su üçün istifadə edilən açıq və yeraltı su hövzələrindən və yaşayış məntəqələrindən əks (aşağı) istiqamətdə mailliyə malik olmalı, daşqın və digər təbii fəlakət hadisəsi zamanı su altında qalma riski nəzərə alınmalı, qrunt sularının yuxarı hissələrinin axma səviyyəsi torpağın səthindən ən azı 2 metr dərinlikdə olmalı, ərazidəki torpaq sahəsi hava keçiriciliyinə və tez quruma qabiliyyətinə, quru məsaməliliyə (qumlu, qumluca, az gilli və s.) malik olmalı, torf və ağır gilli torpaq sahələri olmamalıdır. Bu tələblərə cavab verən torpaq sahələri olmadıqda, qəbiristanlığın tikintisi üçün ayrılan torpaq sahəsində drenaj sistemi olmalıdır. Qəbiristanlığın salınması üçün ayrılan torpaq sahələri tələblərə birinə cavab vermədikdə, həmin torpaq sahələrindən istifadə edilməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Səhiyyə Nazirliyinin rəyi əsasında onların bu tələblərə uyğunlaşdırılmasından sonra yol verilir.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər