“Qurandakı “hicab” sözünün baş örtüyünə heç bir dəxli yoxdur” - İlahiyyatçı

1363
Vətəndaş Cəmiyyəti uğrunda Qadınlar Alyansı Prezident yanında QHT-lərə dəstək Şurasının yardımı ilə «Şəriət İslamı, yoxsa Quran İslamı?» mövzusnda debat keçirib.

BakuPost xəbər verir ki, diskussiyada Şəriət İslamı mövqeyindən iddiaçı rolunda gənc yazar, fəlsəfə doktoru Toğrul Mehdi çıxış edib. Quran İslamı ideyasını isə ilahiyyatçı, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımoğlu əsaslandırıb.

Tədbirdə Toğrul Mehdi İslam mənəviyyatında və mədəniyyətində böhranın səbəbləri barədə fkirlərini səsləndirib: "Öncə buna səbəb insan psixologiyasında olan ciddi qüsurlardır. İnsan bu qüsurlarla Qurana müraciət edəndə Müqəddəs Kitabdan həm öz nifrətinə, həm öz aqressivliyinə, həm də başqa nalayiq meyillərinə və eyləmlərinə bəhanələr tapır. Məhz bunun qarşısını almaq üçün vaxtı ilə Şəriətə gərək yaranmışdı ki, insanlar öz fərqli düşüncələri və fərqli şuur problemləri ilə İslama yanaşıb Qurani-Kərimi yozmasınlar. Hətta onu da deyərdim ki, İslamda destruksiya paradiqmasının banisi Məhamməd ibn Vahab çağının Şəriətinə qarşı çıxaraq Quranı öz planlarına uyğun yozaraq Vahabizm adlanan qorxunc təriqəti yaratmışdı. 

İstərdim bir məsələyə də toxunum. Əgər Nəriman bəy Şəriətə qarşı çıxırsa, deməli, onun hədəfi hədislər də sayila bilər. Halbuki bizim Müqəddəs Kitabı hədissiz oxuyanda elə ayələrə rast gəlirsən ki, onların mənasını anlaya bilmirsən. Bəzi ayələr var ki, bəyan etdikləri həqiqətləri yalnız hədislər sayəsində açmaq olur. Misal üçün Maidə surəsinin 55-ci ayəsində deyilir:

Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. 

Əgər bu ayənin hansı hadisəylə səsləşməsini bilməsən, "rüku halında zəkat verən kəslər” deyimini anlamayacaqsan. Cümlənin mənası həzrət Əlinin rüku zamanı sədəqə üçün üzüklü barmağını qaldırmasını və ehtiyacı olan birisinin həmin üzüyü çıxarıb aparmasını biləndə açılır. 

Əslində, mən də razı deyiləm ki, Şəriəti Quran kimi müqəddəsləşdirilib heç nəyə baxmadan hər nəsnədən üstün tutulsun. Peygəmbərimiz bir nəfəri harasa vali qoyanda soruşur: Sən nəyə əsaslanacaqsan öz idarəçiliyində? O kəs cavab verir ki, Qurana. 

- Bəs, Quranda olmasa?
- Öz ağlıma.

Bax öz ağlına əsaslanmaq tələb olunanda Şəriət də ağıla kömək edir. 

Bir sözlə, Nəriman bəy, sizin təklifiniz reallaşsa, İslam daha çox təriqət və məzhəblərə parçalanar. Və oluşmuş sistem xaosa çevrilər. Bilirsiniz nə qədər insan mömin olmaqla yanaşı içki də içmək istəyir? İnandırım sizi, onlar yalnız Quran ayələrini yozaraq buna da bəraət qazandırarlar”.

Nəriman Qasımoğlu isə Toğrul Mehdinin iddiasına belə cavab verib: "Toğrul bəy müsəlman dünyasında yanlışların, geriliyin, avamlığın, terrorizmin səbəbini Quran İslamının Şəriət İslamı ilə əvəzlənməsində gördüyümü qeyd edir və tənqidini bu mətləbin üzərində qurur. 

"Şəriət”, "sünnə”, "hədislər”... Məsələ burasındadır ki, bu sözlərin hər biri gələnəksəl müsəlman şüurunda kanonikləşmiş bir məzmun qazanıb. Toğrul bəy özü də belə düşüncə yiyələrini  "avam müsəlmanlar” adlandırır. Kimə məlum deyil ki,  bu "avam müsəlmanlar” müsəlman toplumlarında çoxluqdadırlar və bu çoxluğun "İslam şəriəti” deyib mütləq dini həqiqətlərə iddiaçı qismində çıxış edən yüksək rütbəli üləması, yəni "alimləri” də var, siyasətçiləri də.
"Şəriət”i "dirilik suyuna aparan yol kimi” və bu anlamda söz kimi yox,   müsəlmanların şüurunu zədələyən, saxta dindarlığı stimullaşdıran dini-ideoloji qaynaq kimi qəbul etmirəm. Və haqlıyam.  

Bu qaynaq insanları Tanrı adıyla aldadaraq İslamdan başqa dinə üz tutanların qətlini əsaslı bilir. 

Bu qaynaq insanları Tanrı adıyla aldadaraq zinaya görə qadınların daşqalaq edilməsini əsaslı bilir. 

Bu qaynaq insanları Tanrı adıyla aldadaraq Tanrının sonsuz mərhəmətinə sərhəd çəkməyi də əsaslı bilir. 

Bu qaynaq insanları aldadaraq onların ən xırda məişət davranışlarını belə Tanrı adıyla normativləşdirməyi, reqlamentləşdirməyi, doqmativləşdirməyi əsaslı bilir”.

Rəmzi məhkəmənin sonunda Nəriman Qasımoğlu ilə sual-cavab olub.

Yerdən sual:

- Quran tipində Şəriət kitabı varmı? Bəzən Şəriətə elə istinad edirlər ki, sanki kanonlaşmış bir kitabdır Şəriət. 

Nəriman Qasımğlu: 

- Xüsusi olaraq bu başlıqda kanonik hesab edilən (məsələn, yəhudilikdə Talmud qəbilindən olan) kitab yoxdur. Şəriətə istinad deyəndə də ümumilikdə gələnəksəl İslam fiqhi tərəfindən qəbul edilib tətbiq edilən Şəriət qaydalarına müraciət nəzərdə tutulur.

Yerdən sual:

- Bəzi şiələr deyir ki, dinsiz dövlətdə yaşamaq haramdır. Bu fikir nə qədər düzdür və nə qədər cağdaş Dövlətimizdə yaşamağa aid ola bilər? 

Nəriman Qasımoğlu:

- Əlbəttə, yanlış fikirdir. Dünyəvi dövlət anlayışını dinsizliklə əlaqələndirmək isə sadəcə naşılıqdır. Məhz dünyəvi dövlət qanunları imkan yaradır ki, insanlar inanclarından asılı olmayaraq dini ehtiyaclarını ödəyə bilsinlər. Dini əsaslara söykənən dövlət quruluşu isə bu neməti insanlara təklif etmir. Hələ onu demirəm ki, dini-teokratik dövlətlərdə bir qayda olaraq bir dini ənənəyə əsaslanan qayda-qanunlar hökm sürür, başqa din mənsubları təqib edilir və s. Və bunu da xüsusi vurğulayım ki, dünyəvi dövlətin konstitusiyasını Oxu ayələrində işığında incələməli olsaq görərik ki, konstitusiya müddəalarımız dinimizin mahiyyətinə daha uyğundur, nəinki şəriət adına qələmə verilənlər. 

Yerdən sual: 

- Quranda qadınların hicablanması kimi buyuruq varmı? Hicab tələbi Quranda və Şəriətdə eynidirmi? 

Nəriman Qasımoğlu:

Müqəddəs kitabımızda "hicab” sözünün baş örtüyünə heç bir dəxli yoxdur. Oxu - Quran termini olaraq bu, 7 ayədə keçir, "pərdə”, "örtük” anlamında işlənir və bu ayələrin heç birində qadınların baş örtüyünə aid heç nəyə işarə yoxdur. Məsələn, ayələrin birində Rəbbimiz buyurur: "Yalnızca bir vəhy ilə, yaxud pərdə (mətnin əslində - "hicab”) dalından danışar bəşərlə Tanrı” ("Şura” surəsi, 51-ci ayə). Bir növ müqəddəslik məzmununda olan bu pərdəni, necə deyərlər, qadın başına bağlamaqla nə istəyir mövhumat üləması? Əlbəttə, aydındır ki, məqsəd qadınları əsarətdə saxlamağın bir vasitəsi kimi düşünülüb - baş örtüyünə süni olaraq, saxta olaraq müqəddəslik qazandırmaq cəhdi ilə bu örtük məsələsini əbədiləşdirmək, toxunulmaz elan etmək üçün dini dövriyyəyə bu hicab sözünü daxil ediblər. "Hicab”ı baş örtüyünə aid etmək olmaz. O ki, qaldı müsəlman qadınların baş örtüyünə, çalışırlar bu ayəyə istinad etsinlər: "fəlyadrubnə bixumurihinnə alə cuyubihinnə”. Hərfən tərcüməsi belədir: "Örtüklərini vursunlar döşlərinə”. Burada işlənən örtüyü "baş örtüyü” kimi qəbul edib deyirlər ki, qadınların baş örtüyü döşlərinin üstünü örtməlidir. Absurd izahdır. Birincisi, sözün mütləq mənası "örtük”dür sadəcə, "baş örtüyü” deyil. Bu sonuncunu isə "ürfi mənada” işlədirlər, yəni ənənəyə salıb işlədirlər. 

Ümumiyyətlə isə, qadınların baş örtüyü məsələsi bütün dinlərin təcrübəsində var. Əslində bunun da kökü qədim mədəniyyətlərə gedir və dinlərin mahiyyətilə bağlılığı yoxdur. Bir daha təkrar edim ki, Quranda şəriət qaydalarından fərqli olaraq "başınızı və ya saçlarınızı örtün” deyə imperativ bir təlqin yer almır.

Dilarə Mehdi
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər