Rasim Müzəffərli cinayətkar qrupun hücumuna məruz qalıb - “DTX-yə müraciət edəcəyəm”

2480
"KİBER-CİNAYƏTKARLIQLA MÜBARİZƏ VİRTUAL AZADLIĞIN SIĞORTASIDIR”

Tanınmış bəstəkar-şair Rasim Müzəffərli kiber-cinayətkarların hücumuna məruz qalıb.

BakuPost xəbər verir ki, bəstəkar-şairin yüzlərlə izləyicisi və 1 milyondan çox baxış sayı olan YouTube səhifəsi bağlanılıb. Buna səbəb onun Milli Qəhrəman Çingiz Mustafayevə ithaf etdiyi "Rekviem” əsərini oğurlayan "Star Music” adlı YouTube səhifəsindən şikayət etməsi olub. 

Bu barədə BakuPost-a danışan Rasim Müzəffərli bildirib ki, onun səhifəsini bağlatdıran "Star Music” və onunla əlaqəli olan, eyni yerdən idarə olunan "Super mahnılar”, "Azeri Assorti”, "Recording Studio”, "Music Channel TV” və digər YouTube səhifələrini işlədənlər və onların arxasında duran Türkiyənin "trcopyright.tv” adlı bir müəllif agentliyidir:
 


"Mən mahnılarımın sərbəst paylaşılmasına qarşı deyiləm. Hətta həmişə paylaşanları "like” edirəm. Amma son vaxtlar bəzi YouTube istifadəçilərindən mənə məlumat gəldi ki, bəs Rasim müəllim, biz sizin əsərlərinizi paylaşırıq, amma siz şikayət edib sildirirsiniz. Mən də təəccübləndim. Bunu mənim adımdan kimin etdiyini araşdırdım və məlum oldu ki, "Star Music” adlı YouTube kanalıdır. Baxdım ki, mənim "Rekviem” əsərimi yükləyiblər öz kanallarına, adını da "official audio” qoyublar. Şərh yazıb soruşdum ki, niyə "official” yazmısınız? Cavab yazdılar ki, biz rəsmi studiyayıq və sizi xaricdə təmsil edirik. Mən istəməyə-istəməyə, xəbərsiz ola-ola, məni necə təmsil etmək olar?! Kanaldan YouTube-a şikayət etdim. Məhz bundan sonra "məni təmsil edənlərin” kiber-cinayətkar dəstə olduqları üzə çıxdı, mənə onlardan dalbadal mesajlar gəlməyə başladı, sonra isə hədə-qorxuya keçdilər. Dedilər ki, siz bizdən şikayət etmisiniz, indi görün başınıza nə oyun açırıq. Bundan sonra dələduz həmkarları ilə birlikdə YouTube-a mənim paylaşmalarımdan şikayətlər göndərərək, kanalımı bağlatdırmağa nail oldular”.
 


Rasim Müzəffərli bu səhifələri idarə edənlərin mütəşəkkil kiber-cinayətkar qrup olduğunu düşünür: "Mənim səhifəmi eyni vaxtda müxtəlif kanallardan şikayət ediblər. YouTube da görüb ki, çox şikayət var, düşünüb, yəqin müəllif mən deyiləm. Deməli, bu adamların əllərində həqiqi və saxta bir sıra profillər var, lazım olanda onların hamısını işə qatıb istədikləri səhifəni bağlatdıra bilirlər. Düşünmürəm ki, qruplaşma mənə qarşı xüsusi qəsd edir. Sadəcə olaraq, onlar baxış və paylaşma sayı çox olan videoları öz səhifələrinə yerləşdirirlər və populyarlaşaraq reklamdan pul qazanırlar. Belələri mənəviyyatsız, milli düşüncəsiz adamlardırlar və pulu nəyin hesabına olur olsun, qazanmaq istəyirlər. Onlar üçün yalnız maddi qazanc maraqları var, Vətən, dövlət, millət anlayışı yoxdur. Mənim Qarabağ şəhidlərinə ithaf etdiyim musiqini də, Mehriban xanıma həsr etdiyim mahnını da, Nəsiminin sözlərinə bəstələdiyim romansı da YouTube-dan sildiriblər. Bu o deməkdir ki, pul olan yerdə bu şəxslər üçün müqəddəs heç nə yoxdur və sabah, biri gün hər hansı ictimai-siyasi hadisədə onlar çəkinmədən milli maraqlarımıza zidd hərəkətlər edə bilərlər”.
 


Bağlanan kanalını hələ ki bərpa edə bilməyən Rasim Müzəffərli bu işlə məşğul olan beynəlxalq bir şirkətlə müqavilə bağlamağa hazırlaşır: "Bu işlərdə səriştəsi olan bir dostumun tövsiyəsilə bir şirkətlə əlaqə qurdum. Şirkət bu cür problemləri hüquqi müstəvidə həll etməklə məşğuldur. Beynəlxalq şirkətdir, Azərbaycanda da nümayəndəliyi var. Yaxın günlərdə müqavilə imzalayacağıq. Görək, virtual media dələduzları ilə bacara biləcəyikmi?”

Bəstəkar-şair başına gələn hadisədən özünü və digər internet istifadəçilərini sığortalamaq üçün Dövlət Təhlükəsizlik Xidmətinə də müraciət etməyi və bu quruma bir sıra təkliflər verməyi də düşünür: "Rastlaşdığım kiber-cinayətkarlar arasında, zənnimcə, Almaniya və Türkiyədə yaşayanlar da var. Bəlkə də başçıları başqa millətin nümayəndələridirlər. Onların hərəkətləri Azərbaycanın virtual məkanına utanmazcasına müdaxilədir. Bu cinayətkarlarla mübarizə ancaq Rasimin, Əlinin, Vəlinin təkbaşına bacaracağı iş deyil. Bununla bütün müvafiq hökumət qurumları ciddi şəkildə məşğul olmalıdır. Mən bəzi təkliflər də hazırlamışam. Onları DTX-yə təqdim edəcəyəm. Mənim YouTube kanalımın başına gələnlərlə sabah Azərbaycanın hər hansı rəsmi qurumunun səhifəsi də rastlaşa bilər”.


Rasim Müzəffərli bu vaxta kimi heç kimə heç bir əsərini satmadığını vurğulayıb. Eyni zamanda o, müəlliflik hüquqlarını da rəsmiləşdirmədiyini deyərək, bu hadisənin ona stimul olduğunu zarafatla qeyd edib: "Bürokratik işlərdən xoşum gəlməsə də, müəllif hüquqları agentliyinə müraciət edəcəyəm. Bu hadisə mənə dərs oldu və stimul yaratdı ki, bu qoca vaxtımda yeni mahnılar yazmaq əvəzinə, köhnə mahnılarımın patentini almaqla məşğul olum”.

Sonda o belə hadisələrə laqeyd qalmamasının ictimai əhəmiyyətini açıqlayıb: "Azərbaycan cəmiyyəti olaraq, biz öz azadlığımızın, o cümlədən virtual media azadlığımızın qədrini bilməliyik, bu azadlığın qeydinə qalmalıyıq, onu kiber-cinayətkarlardan qorumalıyıq. Media azadlığı hüquq pozuntularına, o cümlədən müəllif hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Əks halda bu azadlığın fəsadlarından bezən cəmiyyət radikal addımların atılmasını tələb edə bilər. Odur ki, kibercinayətkarların vaxtında tapılıb cəzalandırılması hamımızın media azadlığının sığortasıdır”.
 
Nigar Etibar
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər