ABŞ-da məhkəmə qarşısına çıxarılan məşhur qızıl taciri Rza Zərrabın Türkiyəyə qarşı alətə çevrilməsi onun Türkiyədə, İranda və Azərbaycanda olan biznes şəbəkəsinin çökdürə bilər.
Rza Zərrab ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozma, qeyri-leqal pul yuma əməliyyatları təşkil etmə ittihamları ilə mühakimə olunur. Lakin o, istintaqla anlaşaraq Türkiyənin dövlət bankı "Halkbank”ın idarə heyətinin sədr müavini, iş üzrə ABŞ-da həbs edilmiş Hakan Atillanın əleyhinə ifadə verməyə razılaşıb. Habelə İran pullarını yumaq üçün Türkiyəli bəzi nazirlərlə rüşvət qarşılığında anlaşdığını iddia edib.
Bu da onu göstərir ki, o, elə əvvəlcədən ABŞ-da FETO-nu idarə edən çevrələrə bağlı olub. Zərrabın hay-küylü həbsində əsas məqsəd də ictimai rəyə onun Türkiyə hökumətinə bağlı, məxfi məlumatları bilən biri kimi sırımaqdı. Buna nail olduqdan sonra Zərrabı müttəhimdən şahidə çeviriblər. Bundan sonra Türkiyə hüquq-mühafizə orqanları Rza Zərrabın barəsində cinayət işi qaldıraraq onun bütün mülkünü İstanbul Cümhuriyyət Baş Prokurorluğu müsadirə edib. Belə ki, Zərrabla bərabər ona yaxın 23 nəfərin mülkü də müsadirə edilib.
Onlardan biri də "NAB Holding”in kiçik səhmdarı, holdinqin icraçı direktoru Omid Oromidir. "NAB Holding»ə Nader Mohaghegh Oromi, Bahram Mohaghegh Oromi və Şahram Mohaghegh Oromi tərəfindən nəzarət edilir.
Məlumatlara görə, «NAB Holding»in sahiblərindən Şəhram Oromi Rza Zərrabın bacısının əridir.
Türkiyə mətbuatı Rza Zərrabın Azərbaycandakı yatırımlarına da əl qoyulduğu barədə məlumat dərc edib.
BakuPost.az mediada yayılmış məlumatlara əsasən qızıl tacirinin ölkəmizdə də bir çox məşhur şirkətlərin sahibi olduğunu bildirib.
Rza Zərraba qarşı "casusluq” ittihamı ilə qaldırılmış cinayət işi çərçivəsində aktivlərinə həbs qoyulmuş "NAB Holding” Azərbaycanda "Bank of Baku”nun əsas səhmdarıdır.
Bankın səhmlərinin 40 faizi bu holdinqə məxsusdur. Holdinqin saytında maliyyə sahəsində fəaliyyət olaraq "Bank of Baku” barədə məlumata yer verilib.
«NAB Holding» Azərbaycanda "Auto Azerbaijan” avtomobil şirkətinə də nəzarət edir. Ölkəmizdə "Hyundai” markalı avtomobillərin və sərnişin avtobuslarının eksklüziv rəsmi distribyutorudur.
«NAB Holding»in Azərbaycanda "Baku Electronics” şirkəti ilə də bağlılığını bildirib.
Bununla belə, "Baku Electronics” şirkətinin sahibi və Samsung, Siemens, Bosch, Tefal, Nintendo, Moulinex, Sony, LG, Electrolux və Canon markaları ilə yanaşı və digər elektron avadanlıqlarının 80-a yaxın markasının rəsmi distribütorluğunu həyata keçirir və Azərbaycanda bu markalar istehlakçılara 50-dən çox satış nöqtəsi təklif edir.
Bununla belə, Baş ofisi İstanbulda (Türkiyə) yerləşən, başda pərakəndə olmaqla yanaşı avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərən NAB Holding-ə daxil olan "Qafqaz Lizinq” ASC şirkəti də 2007-cü ildən ölkəmizdə fəaliyyət göstərir. "Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikrolizinq məhsulları təqdim edən lizinq şirkətidir.
Məlumatda qeyd edilir ki, bütün bu şirkətlərlə bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və yaxın günlərdə R.Zərrabın Azərbaycandakı bu mülkləri də əlindən alınacağı iddia edirlir.
Xatırladaq ki, İran əsilli azərbaycanlılar olan Oromi qardaşlarının Azərbaycandakı biznesinə dair vaxtilə ABŞ-ın Bakıdakı səfiri olmuş Enn Dersi vaxtilə Vaşinqtona – Mərkəzi Kəşfiyyat İdarəsinə, Dövlət Departamentinə, Pentaqona və digər strukturlara 2009-cu ilin martında göndərdiyi məxfi teleqramda sensasion faktlar göstərmişdi. AzPolitika.info bildirir ki, həmin teleqramı 2011-ci ilin yayında WikiLeaks saytı yaymışdı.
Həmin sənəddə bildirilirdi ki, Oromi qardaşları da əslən Təbrizdəndir, hazırda Türkiyə vətəndaşıdır, Azərbaycan və İranda fəal biznes fəaliyyətləri ilə məşğuldur.
Diplomat məktubunda Rza Zərrabın bacısının əri Şəhram Oromi haqqında daha geniş məlumat verir: 1bor"Şəhram Oromi milliyyətcə azərbaycanlı olan iranlıdır. İran inqilabından sonra Türkiyə vətəndaşlığı alıb. Bununla belə, İranda təhsil alıb. O və qardaşı Bəhran 1988-ci ildə Türkiyədə "Dış Ticarət Limited” şirkətini təsis edib. İstanbulda yerləşən bu şirkətin Türkiyə, Yaxın Şərq və İranda geniş biznesi var.
Bu şirkət Azərbaycanda da fəaldır. 1995-ci ildən şirkət "Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olub. Mənbə deyir ki, Orominin biznes metodu müxtəlif ölkələrdəki nüfuzlu hökumət adamları vasitəsilə inhisar yaratmaq, rüşvət və hədiyyələrlə vəzifəli şəxsləri ələ almaq üzərində qurulub”.
Bu qardaşların adı sənəddə başqa bir iranlı iş adamı- Cəmşid ("Juşkar”) Mahmudoğlu ilə birlikdə keçir. Cəmşid ("Juşkar”) Mahmudoğlu kimi göstərilən iranlının da milliyyətcə azərbaycanlı olduğu bildirilir.
O və qardaşları Türkiyə vətəndaşlığı alıb: "Mahmudoğlu qardaşları əslən Təbrizdəndir, varlı ailədən çıxıblar, qızıl və valyuta alveri ilə məşğul olublar, ancaq İran inqilabından sonra biznesləri əllərindən çıxıb. Ailə Türkiyəyə qaçıb və bu ölkənin pasportlarını alıb. Onların Azərbaycan və Türkiyədəki biznes sövdələşmələrində tez-tez Oromi qardaşlarının adları da yer alır…
İki iranlı m1nabənbə təsdiq edir ki, Cəmşid Mahmudoğlunun oğlu İranda keçmiş prezident, ayətullah Haşimi Rəfsəncaninin oğlu ilə biznes ortağıdır. Həmçinin Cəmşidin Azərbaycanın tanınmış biznes xadimləri və rəsmi şəxsləri ilə yaxın münasibətləri var. Çox güman ki, o, İran hakimiyyətinin təmsilçiləri üçün pulları yuyulması əməliyyatlarını, xaricdən lazım olan malların alınıb daşınmasını təşkil edir.”
Sənəddə bildirilir ki, Mahmudoğlu və Oromi qardaşları Dubayda "Silsila General Trading” adlı şirkət təsis ediblər, bu şirkət "NAB Group”un tərkibinə daxildir. Onlar Almaniyanın "Bosh” şirkətinin lisenziyası əsasında istilik sistemləri istehsal edir.
Adı çəkilən şəxslər "Baku Electronics” şirkəti və "Bank of Baku” ilə ortaqdır. "Bank of Baku”nun əvvəllər iqtisadi inkişaf naziri Fərhad Əliyevin qohumlarına məxsus olduğu deyilirdi. Oromi qardaşlarından fərqli olaraq Cəmşid Mahmudoğlunun həmin bankda səhmdar olduğu bildirilir: "Mahmudoğlu və qardaşları "Bank of Baku”da iri səhmdarlardır. "Bank of Baku” bəzən türk bankı kimi də təqdim olunur.
Ş.Oromi "Bank of Baku”nun qurulmasına da kömək edib, bu bankda 1999-2007-ci illər ərzində məsul vəzifə tutub, ancaq bu yaxınlarda (2009-cu ildə-red.) bankdakı hissələrini nüfuzlu azərbaycanlıya satıb. Orominin firmalarının İran rejiminin maraqları üçün işlədiyi bildirilir.
Şəhram Oromi həm də İranın Bakdakı keçmiş səfiri, hazırda bu ölkənin Ali Təhlükəsizlik Şurasında işləyən Əhəd Qəzayinin yaxın dostudur.
Teleqramda Enn Dersinin maraqlı başqa bir qeydi də yer alır: "Xalq Bank "Bank of Baku”nun keçmiş işçiləri tərəfindən qurulub. O, İran firmaları və biznesmenləri arasında çox populyardır. Həmçinin iranlılar "Royal Bank of Baku”(Royal Bank) ilə də sıx işləyir, bu bank əslən iranlı olan amerikalınındır”.
"Xalq Bank”la1 yaxın biznesi olan iranlı iş adamı kimi isə Adil Şərəbaninin adı çəkilir: "O, iranlı valyuta alverçisi və Tehranda "sıx əlaqələri” olan şəxsdir. A.Şərəbani əvvəllər İran Milli Bankında menecer işləyib, hazırda Bakıdakı "Xalq Bank”la yaxın biznesi var.
A.Şərəbani İranda müəmmalı şəraitdə müflis olduqdan sonra Bakıya köçüb. O, kifayət qədər varlı biridir və məlumatlara görə, İranın Fədailər Fondu ("Banyadeh Mostazafan” ) ilə işləyir. Bu fondun Azərbaycandakı biznesinə və investisiya fəaliyyətlərinə nəzarət edir. Fondun Bakıda yuyucu vasitələr, o cümlədən "Darya” sabunları istehsal edən fabriki var.
İranlı mənbənin dediyinə görə, onun dostu bu yaxınlarda (2009-cu il) Şərəbaninin İrandan daxil olan 5 milyon dollar nağd pulu "Bank of Baku”ya yatırdığını görüb, bu pullar kitablarda əks olunmayıb. Mənbə pulların Şərəbaniyə hansı məqsədlə verildiyini bilməyib.
İran rejiminə müxalif digər mənbə isə deyib ki, Şərəbani tez-tez "Bank of Baku”ya belə yatırımlar edir. İranlı biznesmen isə Şərəbaninin İran hakimiyyəti ilə yaxşı əlaqələri olduğunu, Tehran rejiminin pullarının yuyulmasını təşkil edən fiqur kimi tanındığını deyib”.