Ru
17:08 / 23 Noyabr 2017

Qanun şahdır, bəs ölüm? - Jurnalistlər Əmi ilə belə vidalaşdılar.../ FOTOLAR

10379
Xəbər verdiyimiz kimi, dünən tanınmış jurnalist Natiq Qədimov infarktdan vəfat edib.


Onun qəfil ölümü doğmaları ilə yanaşı, həmkarlarının da üzüntüsünə səbəb olub. Onu şəxsən və yaxud ANS-in efirindən tanıyan hamı Natiq Qədimovla bağlı fikirlərini yazır, ölümündən təəssüf hissi keçirdiyini bildirir. 


BakuPost.az böyüklü-kiçikli, bütün həmkarlarının "əmi” deyə çağırdığı Natiq Qədimovla bağlı fikirləri bir araya toplayıb:


Ceyhun Musaoğlu: "Nəsə səhv var, ay Natiq... Nəsə biz anlamadığımız dildə, biz anlamadığımız məzmunda yazılıb... yazılır. Belə olmur axı. İndi biz bu ölümü necə dərk edək? Allahı da bu qədər insafsız davranmağa vadar edə bilən həyat varmış... "Lənətə gəlmiş həyat" qoyaq adını? Yoxsa küfr olar? Bəs həmkarlarımın həyat yaşamadan ölmələri küfr sayılmır? 


...İnfarkt jurnalistin ölümünə dostu olub. Rüstəm Behrudi demiş, ölüm bizim cangüdənimizdir. Jurnalistika həssasların vətənidir. Yaradan deyirik ha, bax O, həssas adama infarktı halal buyurub. Haramımız olsun amma. 


...İnfarkt ürəyin deyil, düşüncənin düşmənidir. Çox düşünən tez ölür, heç yaşadığı illərdə də yaşamır”.

 



Rizvan Qənbərli: "Yağmur Taylanın "Vavien" filmində qəhrəmanı belə deyir: "Ürəyinə salırsan, heç yaxşı şey deyil, salma! Dünyadakı bütün ağır xəstəliklərin əsas səbəbidir bu ürəyinə salmaq". Natiq Qədimovu sonsuzluğa uğurlayarkən bu filmi, bu sözü xatırladım”. 


Xalidə Gəray: "Dostlarını, sevdiklərini yaman yaraladın, Natiq... Sanki bilirdin belə olacağını. Bu günə qədər heç kimin səndən incidiyini, küsdüyünü eşitmədim. Əksinə, bu dünyada ancaq hər kəsə yaxşılıq etməyə, dərdlərini bölüşməyə, köməklik göstərməyə çalışdın. Hər zaman "Həyat gözəldir, həyatı gözəl yaşayın" dedin. Həmişə üzün güldü, zarafatlaşdın, öz dərdini kiməsə yükləmədin. Yerin cənnət olsun gözəl insan...

İlhamiyyə Rza: "Natiq, nə deyəcəyimi və kimə deyəcəyimi bilmirəm... Çox işıqlı adam idin və səni tanıyanların dünyasından nur azaldı. Heyif ki, sağlığında özünə deyə bilmədim bunu. Amma deməli idim. Dəyər verdiyimiz adamlara sevgi, sayğı və diqqətimizi əsirgəməsəydik, əminəm ki, onların ömrü bir azca da olsa uzanardı. Nur içində yat...qiyamətdə görüşənədək...”

 



Cavid İsmayıl: "Natiq Qədimovu itirdik. 41 yaşında. ANS-in ekranından "Unutmayın - şah qanun deyil, qanun şahdır" kəlmələri ilə yaddaşımızda qalmışdı. Tale bizi onunla APA TV-də iş yoldaşı və dost etdi. Olduqca pozitiv, hər şeydə gözəllik axtaran insan bircə anın içində əbədiyyətə qovuşdu. Natiq öz ölümü ilə hamıya anlatdı ki, həyat çox qısadır və bu qısa müddətdə bir-birinizin qəlbinə dəyməyin. Yerin behişt olsun, Qardaş! Allah rəhmət eləsin. Amin”.


Mahir Məmmədli: "Görüşənə qədər, Natiq! Gözlə!”

 

Jalə Mütəllimova: "Danışığımızla ölümü arasında doqquz saat fərq var. Gülürdü, kimsəyə yükləmirdi içindəkiləri... Bir yerdə işlədiyimiz illərdə yolumuz da bir idi, qonşu idik çünki. Danışırdı, gözəl avazla oxumağı vardı...Amma... Bu ammanı çox yazdım, çox pozdum. Sonra da düşündüm ki, onunla qonşu, bilirsən, deyib başladığımız, dərdləşdiyim və onu aparan, ürəyini partladan səbəblər mənim susmaq hüququmdur. Sənə qurban gözəl qardaşım, mütləq yenə görüşəcəyik".

 

Jale Mutallimova adlı şəxsin şəkli.


Elnur Hidayətoğlu: "Hələ də gözlərimə inana bilmir. "İç xəbər”də tanıdığım, dostlaşdığım, hamımızın əmi deyə çağırdığımız, çox səmimi və təmiz ürəkli insan Natiq Qedimov dünyasını dəyişdi. İnanılası deyil, amma inanmaq məcburiyyətindəyəm…. Onunla sonuncu iş yerim APA idi. Orda da ən çox dərdləşdiyim, ümumiyyətlə hər zaman güvəndiyim bir dostum olub Natiq… İki-üç gün əvvəl görüşmüşdüm, nə yalan deyim heç nədən şikayətçi deyildi... Eh, onunla o qədər xatirələrim var ki, saymaqla bitməz... Amma Natiq bitdi…O saf qəlbi, heç vaxt şikayətini eşitmədiyim o ürəyi onu bitirdi…

Ürəyi nəyəsə dözmədi, bu xəbərə biz dözə bilmədiyimiz kimi…


Allah sənə rəhmət eləsin, Natiq…”

 



Zülfiyyə Quluyeva: "Həmkarım Natiq Qədimovu əsasən cəzaçəkmə müssisələrinin tədbirində görürdüm. O qədər həmkarlarına qarşı sayğılı davranırdı ki, əmin idim ki, Natiq Qədimov hər kəsə bu cür münasibət göstərirdi. Həmişə də Penitensiar Xidmətin tədbirlərində soruşurdu kim hansı kaloniyanı istəyir? Çəkilişi, reportajı nəzərdə tuturdu. Sonra da zarafatla deyirdi ki, elə edək bir kaloniyaya düşək, bir-birimizə həyan olaq. Qızlar da deyiri ki, onsuz da 4 saylıya düşsən səni ordan çıxaracaqlar. Belə zarafatları ilə bizi güldürürdü. Bir gün onunla Kempinskidə tədbirdə yenə görüşdük. Hava elə dünən axşam, o, rəhmətə gedən gecə olduğu kimi yağışlı, soyuq idi. Tədbirdən çıxanda külək, yağış aman vermirdi yol getməyə. Bir də gördüm yanımda bir maşın saxladı. Çönüb gördüm APA TV-nin maşınıdır. İçində operator, iki nəfər də əlavə kişi həmkarlarımızdan vardı. Dedim, sağ olun maşında yer yoxdur, siz gedin. Natiq qabaqdan düşüb arxada həmkarlarının hansınınsa dizinin üstündə oturdu. Nə qədər israr eləsəm də, dedi səni bu soyuqda, yağışda qoyub gedə bilmərəm. Yer dar olsa da, Natiqin böyük ürəyi sayəsində deyə-gülə metroya qədər gəldim onlarla. Natiq bu qədər dost canlı insan idi. Xanımlara qarşı da o qədər diqqətli, mədəni idi. Allah sənə rəhmət eləsin əziz insan, dəyərli həmkarım mənim. Qəbrin nurla dolsun sənin. Kaş sən aramızda olardın. Kaş səni bu qədər çox istəməzdik. Sən bizə bu dünyada hər şeyin gəldi-gedər olduğunu, yaxşılığın, insanlığın qaldığını öz timsalında sübut elədin. Tanrı sənin doğmalarına, dostlarına səbr versin. Yerin həmişə görünəcək. Neçə tədbirləri sənsiz yola verəcəyik. Amma səni heç vaxt unutmayacağıq əziz dost, əziz həmkar...”

 



Amil Hacıyev: "Əmi, sən vəfasız deyildin axı. Hər il kabab çəkəcəkdik bəs. Niyə vəfasız çıxdın? Nə arzuların yarımçıq qaldı... Allah rəhmət eləsin, dost, gözlə, bir gün gələcəyik”.

 

Ləman Ələşrəfqızı: "Bu gecənin ən pis xəbərini aldım. Natiq Qədimov, bizim "İç xəbər"in əmisi, gözəl dostum, səmimi insan, əla jurnalist dünyasını dəyişib. Boğazımda düyünlə yazıram bunu. Onun da Ürəyi sözünə baxmadı. Hara tələsdin ay Natiq? Biz axı yığışacaqdıq. Aman allah, bu nə pis xəbər oldu?!" Leman Eleşrefqızı adlı şəxsin şəkli.

Elnar Şıxəmmədov: "Hər gün saat 2-də Natiq Qədimov ilə bir yerdə nahar edirdik. Tədbirdə olanda zəng edirdi ki, 10 dəqiqəyə çatıram. Dünən yeməyimiz bol olduğu üçün dedi, qalsın, sabah yeyərik. Sən saydığını say... Hər kəs bu həyatda ölümü gözləməkdədir. Amma hər kəsə şərəflə, hörmətlə,vicdanla ölümü qarşılamaq nəsib olmur, sənə nəsib oldu. Ruhun şad olsun, gözəl insan”.

 



Nigar Həsənli: ""3 günlük dünyadır, yeyin, için, kef eliyün” deyirdi. "Bir gün yığışın gedək Novxanıya qutab yeməyə. Heç nəyi də fikirləşmiyün. Mənlikdir hər şey, sonra da evə ötürəcəm hamınızı”. Çox mədəni, alicənab idi əmimiz. İndi onun kimi oğlanlar çox azdır. Bir damcı yağış yağan kimi otaqdakı bütün xanımlara gəlin, düşürdüm sizi deyirdi. 


Evimiz də yaxındır. Bu axşam çıxanda dedim ki, əmi, dünən də tez çıxmışam. Cavid müəllim icazə verməz, yoxsa gedərdim səninlə, hava da soyuqdur. Dedi, düz eləyirsən. 


O gün də maşınsız idi. Evə birgə gəldik. 1 saat yol gəldik. Avtobusda, sonra da metroda. Xeyli söhbət elədik. O danışdıqca fikir verirdim həmişə, heç kimin demədiyini deyirdi. Hər hansı mövzuda elə şərh verirdi, elə məsləhət verirdi ki, görürdün ki, müdrik adamdır. Həm də çox. 


Bir də deyirdi ki, toy eləyin oynayaq...”

 

Eldəniz Vəliyev: "Çox çətindir dost itirmək, hətta çox çətin!!! Sən demə adamın eyni anda ruhu da ölürmüş. Adamım ruhunun üstünə nə qədər torpaq tökərmişlər... Boğuluram, Qədimov!"


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər