Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq
proqramının icrası çərçivəsində proqram iştirakçılarına yararsız mal-qara
verilməsi ilə bağlı iradlara cavab verib.
Nazirlikdən BakuPost-a verilən məlumata görə, özünüməşğulluq
proqramının icrası çərçivəsində proqram iştirakçılarına mal və materialların
verilməsi prosesi həmin vətəndaşların biznes-planlarına uyğun şəkildə
aparılmaqla, bu prosesdə onların məmnunluğu prinsipinə xüsusi diqqət yetirilir.
Eyni zamanda mal və materiallar təqdim edilərkən vətəndaşların
aktivlərdən məmnun olub-olmaması nəzərə alınır. Hər hansı iştirakçı razı
qalmadığı halda həmin şəxsə yenidən mal və materiallar, o cümlədən mal-qara təqdim
edilir: "Ümumilikdə, özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənib,
7896 müraciətçidən 7267 nəfəri biznes planlarını uğurla müdafiə edib. Artıq
5500-dən çox ailə aktivlərlə təmin olunaraq kiçik ailə təsərrüfatlarını
yaradıb. Aktivlər təklif olunan minlərlə insan arasında bir neçə narazı şəxsin
ola bilməsi də təbii haldır. Ötən il verilmiş aktivlərin keyfiyyəti ilə bağlı
iştirakçılar arasında keçirilmiş monitorinqlər zamanı da aktivlərdən şikayət edənlərin
proqram iştirakçılarının 0,4 faizini (təqdim olunmuş 29 min baş mal-qaradan cəmi
119-u üzrə) təşkil etdiyi müəyyən olunub. Nazirlik həmin iştirakçıların haqlı
narazılığına uyğun olaraq müvafiq tədbirlər görüb. Yəni belə olduğu halda
aktivlər yeniləri ilə əvəzlənir. Sonda vətəndaş razılıq əlaməti olaraq aktı
imzalayır.
Bu prosesin vətəndaşın razılığı ilə video çəkilişi də
aparılır. Proqramın icrasına, xüsusilə də podratçı şirkətlər tərəfindən aktivlərin
verilməsi prosesinə nazirlik tərəfindən daimi nəzarət həyata keçirilir. Hər
hansı araşdırma aparılmadan, hər hansı əsas olmadan, müvafiq sorğu verilmədən və
rəsmi məlumat alınmadan bəzi şəxslərin sosial şəbəkələrdə yaydığı provokasiya
xarakterli məlumatlara görə mühüm sosial-iqtisadi əhəmiyyəti olan özünüməşğulluq
proqramının icrası işləri barədə mənfi rəy yaratmağa çalışmaq məsuliyyətli və
peşəkar yanaşma deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə
göstərilən bütün xidmətlər üzrə sosial ədalət və qanunvericilik prinsipləri rəhbər
tutulur”.
Qeyd edək ki, bu gün
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçirilən iclasında deputat
Musa Quliyev deyib ki, özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən
heyvanlarla bağlı narazılıqlar var: "Mətbuatda da bu barədə məlumatlar dərc
olunur. Sosial şəbəkələrdə də qoca, arıq heyvanların fotolarını görürük. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı operativ iş görməlidir.
Nöqsanlar aradan qaldırılmalıdır. Bu layihə uğurla həyata keçirilməlidir və
buna kölgə salınmamalıdır”.
Deputat Araz Əlizadə isə deyib ki, bu layihədə insanlara
yerli heyvanlar verilir, onlara cins heyvanlar vermək lazımdır ki, inkişaf
etdirsinlər: "Nazirliyin mövqeyi budur ki, "heyvan öldüsə, bizi ver məhkəməyə”.
Bu nə məntiqdir? Sən özün cibindən almırsan ki... Buna büdcədən vəsait ayrılır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gəncdir, çox gözəl, amma
artıq yuxarıdan gedir. Belə olmaz... İnsanlara hörmət etmək lazımdır. İnsan xəstə
heyvanla özünü necə dolandıra bilər?”