“Səni deyirlər” - Sərhədləri aşan melodiya

1241
Xalid Kazımlı
 
Biz millət olaraq "Yaxşı nədir, pis nədir” sualının cavabını düzgün müəyyənləşdirə bilməyən toplumuq. Bəzən aksiomlar üzərində də mübahisə edirik.

Məsələn, hələ 200 il öncədən isbat olunub ki, üzərində yaşadığımız planet kürə formasındadır, gəmiyə minib şərqə gedərsən, aylardan sonra qərb tərəfdən gələrsən. Amma zaman-zaman bu xüsusda da mübahisə edənlər olur.

Eləcə də din və dövlətin bir-birindən ayrı olması məsələsi... Bunları ayıranlar ideal dövlət idarəetməsi və rahat cəmiyyət qurublar. Biz hələ dartışırıq.

Tez-tez olur ki, hər hansı məsələ ilə bağlı cəmiyyətin müxtəlif qruplarının arasında qarşıdurma, fikir müxtəlifliyi yaranır. Bu, əlbəttə, normaldır. Amma bu mübahisələr pambığın ağ və yumşaq, mazutun qara və iyli olması üstündədirsə, anormal mübahisədir. Normal cəmiyyətlər bunu müzakirə belə etməzlər.

Çox işimiz belədir. Dövlət müstəqilliyinin alternativsizliyi, dəyərli və əvəzsiz nemət olması dünyanın heç yerində mübahisə doğurmur. Bizdə isə bu xüsusda populyar kontr-suallar var: "Guya indi yaxşıdır? Müstəqil olduq, neylədik? Rusun vaxtında bundan pis idi?”

Hələ minlərlə başqa cür düşünənlər də var: "Sovet dövründə din-imanımız əldən getmişdi. Şəriətə dönməsək, xeyri yoxdur”.

Bu cür fikirləşənlər də dövlət müstəqilliyinin əleyhinə olanlardır, Azərbaycanı İranın bir parçası olaraq görənlərdir.

Hər şeyə mız qoyanların da dərdi bir başqadır. Bir şeyi də bəyənsələr...

Bu cür adamlar sırf siyasi konyukturdan çıxış edirlər. Əgər elmi müstəvidə, ictimai-siyasi mühitdə, idman sahəsində, mədəniyyət sektorunda mühüm bir hadisə baş verirsə, nəsə proses gedirsə, "mızqoyanlar” dəstəsi baxır, ölkəni idarə edənlər hansı mövqedədirlər, əgər onlar hadisəni və prosesi dəstəkləyir və təqdir edirlərsə, bunlar onun əksinə çıxırlar, yox, iqtidar komandası baş verənlərə qarşıdırsa, o zaman onlar mütləq təqdir edir, müdafiəyə qalxırlar.

Belə hallar yüz dəfə olub. Eləcə də gedir.

Məsələn, son günlər İran dövlətinin tərkibindəki Azərbaycanda bir mahnı olduqca populyarlaşıb. O taylı-bu taylı bütün Azərbaycan "Səni deyirlər” deyir.

Bu o qədər də hikmətli sözləri olmayan, ancaq kifayət qədər şən-şaqraq, ritmik melodiyası olan bir mahnıdır. Sırf bu üzdən o mahnı çox populyarlaşıb, dillərə düşüb, bir qədər də siyasi mahiyyət daşıyan trendə çevrilib.

20 il bu hakimiyyətə işləyəndən sonra qəfildən xarici ölkəyə sığınıb dissidentə dönən sabiq diplomat Arif Məmmədov sosial şəbəkədə status yazaraq bu ritmik melodiyanı "primitiv” adlandırır, ona qulaq asanların, bəyənənlərin deqradasiyaya uğradığını bəyan edir.

Niyə, həmvətən, niyə primitiv olur, nədən bu, deqradasiya göstəricisi sayılır?

Milyonlarla soydaşımız bu cür ritmlərin sədası altında böyüyüblər, bu ritm onların sümüyünə, iliyinə, qanına hopub, alt şüurlarına həkk olub. Bu, Urmiya gölü ətrafında yaşayan Qarapapaq türklərinin milli oyun havasıdır, bizim yallıdır. İndi birdən-birə bu şənlik-şadlıq havası populyarlaşıbsa, nədən buna qıcıqlanmalıyıq?

Əksinə, sübut olundu ki, 200 ildən artıq ayrılığa, iki Azərbaycan arasındakı 70 illik "dəmir pərdə”yə baxmayaraq xalq düşüncə, zövq, adət-ənənə, dil-din baxımından bir-birindən çox da uzaq düşməyib. Adi bir mahnının Arazın o tayında və bu tayında eyni zamanda milyonlarla insanın sümüyünə düşməsi göstərdi ki, ən azı sümük eynidir...

Bu, adi zövq məsələsi deyil. O qədər bu sayaq melodiyalar olur ki, bir yerə qədər populyarlaşır, bir-iki mövsüm toylarda çalınır, sonra unudulub gedir. Amma "Səni deyirlər”in sədası bütün sərhədləri aşdı. Ona görə ki, burada bir az da başqa söhbət, milli özünüdərk məsələsi var.

İndi bəziləri nədən buna qarşı çıxır, gözdən salmaq, hətta ora-bura bağlamaq istəyir?

Kimsə bu melodiyanı sırf sənətçi zövqüylə qiymətləndirməyə çalışırsa, əbəs zəhmət çəkməsin. Etnomusiqinin elə nümunələri var ki, bütün dünyada sevilir. Yüksək musiqi zövqü odur ki, Şopenin "Yağış valsı”ndan zövq ala bildiyin kimi, "Qoca qartal”dan da, Ukrayna çastuşkalarından da, eləcə də "Cipsi Kinqs”in "Amor mia”sından da həzz alasan.

Yoxsa özününküləri xor görmək, yadellilərin hər şeyini "bəh-bəh” deyə göyə qaldırmaq ali zövq nişanəsi deyil, qınından çıxıb qınını bəyənməyən nankor tısbağa adətdir.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər