Ölkənin dəyərli adamlarından
biri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədlinin adı müdhiş cinayəti ört-basdır etməkdə hallanır.
İddiaya görə, Cahangir Məmmədlinin
qardaşı qızı 1980-ci il təvəllüdlü Xatirə Məmmədova 1983-cü il təvəllüdlü həyat
yoldaşı Namiq Məmmədovu bıçaqlayaraq öldürüb.
XƏSTƏXANADA
HEÇ KİM ONA YARDIM ETMƏYİB, QANAXMADAN ÖLÜB
Bu barədə BakiPost.az-a mərhum N. Məmmədovun
atası, Zəngilan rayonundan qaçqın olan, Sumqayıt şəhər sakini Məhiyyədin Məmmədov
məlumat verib. Onun sözlərinə görə, hadisə bu ilin sentyabr ayının 8-də baş
verib. Ata oğlunun qatilinin hələ də həbs edilmədiyini bildirib: "10 il idi ki,
evliydilər. Bu il həyat yoldaşı oğlumu 2 bıçaq zərbəsi ilə öldürüb. Bıçağın
birini bud nahiyyəsinin arxasından, digərini isə bud nahiyyəsinin qabaq hissəsindən
vurub. Oğlumu bıçaqladıqdan sonra təcili yardım belə çağırmayıb. Oğlum o vəziyyətdə
güclə də olsa dəhlizə çıxıb. O zaman rus qonşu onu görüb, Sumqayıt şəhəri Təcili Tibbi Yardımazəng edib. Təcili yardımda telefonu götürən şəxs rus dilini bilməyib və
qonşunun nə dediyini başa düşməyib, dəstəyi asıb. İkinci dəfə qonşu zəng etdikdən
sonra telefona cavab verilib. Nəhayət, oğlum xəstəxanaya çatdırılıb. Oğlum ora çatanda
özündə olub. Hətta adını və hansı rayondan olduğunu belə deyib. Buna rəğmən həkimlər
ona tibbi yardım göstərməyib. O da çox qan itirdiyindən dünyasını dəyişib”.
STOLU SINDIRIB, ÖZÜNÜ YARALAYIB,
MÜSTƏNTİQİ ALDADIB
M.Məmmədovun sözlərinə görə, X. Məmmədova
ərini övladlarının gözünün qarşısında bıçaqlayıb: "Hadisə biri 3-cü, digəri isə 2-ci sinifdə oxuyan nəvələrimin
gözü önündə törədilib. Uşaqlar da hadisənin necə baş verdiyini müstəntiqə ifadələrində
deyiblər. Belə ki, müstəntiq qızdan 3 saata, oğlandan isə 1 saat yarıma qədər
ifadə alıb. Uşaqlar oğlumu analarının öldürdüyünü, bıçaqla atalarını necə
vurduğunu açıq-aydın danışıblar. Gəlin cinayəti boynundan atmaq üçün birinci
ifadəsində oğlumun özü-özünü bıçaqladığını deyib. Sonrakı ifadəsində isə
boynuna alıb. Amma deyib ki, guya, özünü müdafiə etmək üçün bu addımı atmağa məcbur
olub. O, stolu sındırıb qoluna və ayağına vururmuş. Müstəntiqə isə guya onu oğlumun
vurduğunu göstərib. Amma uşaqlar analarının özünə xəsarət yetirdiyini bildirib.
Uşaqların dediyinə görə, anaları bunu atalarını polisə tutdurmaq üçün edirmiş. Kaş
oğlumu polisə verəydi, amma öldürməyəydi”.
MÜSTƏNTİQ DEDİ, HƏBS ETMİŞİK,
VƏKİLİMİZ İSƏ ÖYRƏNDİ Kİ, QATİL AZADLIQDADIR
Ata oğlunu öldürməsi təsdiqlənsə
belə Xatirə Məmmədovanın hələ də azadlıqla olduğunu bildirir. Onun sözlərinə
görə, işə baxan müstəntiq Faiq Nadirovun onları aldadaraq qızın həbs olunduğunu
deyib. Lakin sonradan onun azadlıqda olduğu ortaya çıxıb: "Müstəntiq məni
aldadaraq gəlinin həbs olunduğunu deyirdi. Hətta məndən də izahat aldı. Məndən
istintaqın gedişatından narazılığımın olub-olmamasını soruşdu. Amma vəkilim
sonradan mənə onun həbs olunmadığını dedi. Müstəntiq məni aldatdı. Sonradan
Nadirova zəng edəndə qızın həbs olunmadığını mənə etiraf elədi”.
Məmmədovlar ailəsi Şumqayıt şəhər
Prokurorluğunun işindən narazı olduğu üçün Respublika Prokurorluğuna müraciət
edib. Ata Məmmədov deyir ki, hələ oradan da bir səs-səmir yoxdur: "Respublika
prokuroru bizə deyir ki, xanımların məhkəməyə qədər azadlıqda qalmasıyla bağlı qanun var. Onlar mənə belə
bir cinayəti törədənin ailəmə və nəvələrimə xəsarət yetirməyəcəyi ilə bağlı təminat
verə bilərlər? Hazırda nəvələrim bizimlə qalır. Amma onların həyatına görə çox
narahatıq”.
CAHANGİR MƏMMƏDLİYƏ QARŞI İDDİA
Şikayətçi keçmiş gəlininin əmisi
Cahangir Məmmədliyə güvəndiyini iddia edib: "Gəlin hər yerdə də deyirdi ki, heç
kəs ona nəsə edə bilməz. Çünki İctimai Televiziyanın Yayım Şurasının sədri olan
əmisi Cahangir Məmmədli ona deyib ki, Sumqayıt Şəhər Prokurorluğunda məsələni özünüz
həll edin, Respublika Məhkəməsi isə mənlikdir. Cahangir Məmmədli bu cür haqsızlığa
necə gedə bilər?”
PREZİDENT İLHAM ƏLİYEV VƏ XANIMI
MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT
M. Məmmədov hadisədən 3 ay keçməsinə
baxmayaraq hələ də məhkəmənin olmadığını qeyd edib: "İndiyə kimi məhkəmə
olmayıb. Respublika Prokurorluğunda da istintaqın rəisinin müavini belə 3 ay
keçməsinə baxmayaraq, məhkəmənin olmamasına təəccübləndi. Hər iki prokurorluq
bu məsələni araşdırmır. Sumqayıt şəhər Prokurorluğu işə baxmadığı üçün imtina
etmişik. Bu barədə prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya da
müraciət etmişik. Biz istəyirik ki, Respublika Prokurorluğu işi istənilən rayona
göndərsin. Amma həll olunsun”.
Məsələ ilə bağlı BakiPost.az-a
açıqlama verən Cahangir Məmmədli bu işlərə heç bir aidiyyətinin olmadığını
deyib: "Mən o işə bir an da qarışmıram. Özləri bilər, qohum olsa belə mənim o
işə heç bir qarışacağım yoxdur. Qəti şəkildə, bütün səmimiyyətimlə deyirəm.
Çünki elə işdir ki, o işə qarışmaq mənim üçün ayıbdır. Hər kəs görəcək ki, mən
o işə qarışmıram. O sübut olunacaq”.
Elçin Mirzəyev
BakuPost