Ru
11:29 / 14 Noyabr 2018

- Nuşirəvan Məhərrəmlidən aparıcıların attestasiya məsələsinə reaksiya “Təklif vermək asandır…”

3485
"Təkliflər vermək asandır, amma onu həyata keçirmək o qədər də asan deyil”.    


Bunu BakuPost-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli teleaparıcıların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyadan keçirilməsi, onlara Dövlət İmtahan Mərkəzi tərəfindən inşa yazdırılması barədə təklifə münasibət bildirərkən deyib. 


Qeyd edib ki, işə qəbul zamanı teleaparıcıların Azərbaycan dilini ədəbi dil qaydalarına uyğun bilməsi yaxşı hal olardı: "Azərbaycan dilini bilmək daha çox miqrantlar üçün xarakterik olan məsələdir. Amma hər bir insanı işə götürəndə onun Azərbaycan dilini hansı səviyyədə bilməsini kim , hansı ekspert qrupu, hansı müəllimlər müəyyənləşdirəcək? Teleaparıcıların attestasiyanın keçirilməsinə gəlincə, bu məsələnin nə MTRŞ-ə, nə də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna da aidiyyəti var.  Bu, təhsillə bağlı məsələdir və təbii ki, attestasiyanı Dövlət İmtahan Mərkəzi keçirə bilər. Bunun üçün əlavə qurumların yaradılmasına ehtiyac yoxdur. Ümumiyyətlə, hər bir azərbaycanlı öz ana dilini bilməlidir. Azərbaycan dilinin ədəbi dil qaydaları da orta və ali təhsil ocaqlarında  öyrədilir. Çalışmaq lazımdır ki, təhsil ocaqlarında Azərbaycan dili dərsləri daha ciddi şəkildə keçirilsin. Amma attestasiyanın keçirilməsi o qədər də asan məsələ deyil”.


Qeyd edək ki, Azərbaycan Prezidentinin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı fərmana əsasən İşçi qrupu  "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinə təqdim edib. Tədbirlər Planında "Radio, televiziya, qəzet, jurnal redaksiyalarında, internet saytlarında çalışan yaradıcı əməkdaşların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyalarının keçirilməsi” barədə bənd də yer alıb. Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlamaq üçün yaradılan İşçi qrupunun sədri Möhsün Nağısoylu BakuPost-a açıqlamasında deyib ki, daha çox tənqidlərlə üzləşən teleaparıcıların attestasiyadan keçirilməsinə ehtiyac var, çünki problemlər daha çox teleməkanda, şifahi nitqdə özünü göstərir. Onun sözlərinə görə, əgər təklif qəbul olunsa, Dövlət İmtahan Mərkəzi jurnalistlərin, xüsusən teleaparıcıların, internet saytlarında çalışan jurnalistlərin bilik səviyyəsini yoxlaya, məsələn, inşa yazdıra bilər. 


Nərmin

BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər