Türkiyə-Rusiya münasibətləri yenidən gərginləşir

309
Rusiya ilə Türkiyə arasında münasibətlər soyumağa başlayıb. Hətta artıq müəyyən gərginlik fazasına daxil olunduğu müşahidə edilir. Belə ki, Suriyada Bəşər Əsədin ordusu havadan Rusiyanın, yerdən İranın dəstəyi ilə İdlib vilayətində hücum əməliyyatları keçirir. İdlib Astana formatı çərçivəsində Rusiya, İran və Türkiyə arasında razılaşdırılmış 4 deskalasiya zonasından biridir və burada gərginliyin azaldılması işlərinə Rusiya və İranla yanaşı, Türkiyə də məsuldur. Lakin Bəşər Əsəd İdlibi də öz nəzarəti altına almağa çalışır və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusuna bağlı qruplara zərbələr endirir, onları həmin ərazilərdən sıxışdırır. Bu işdə ona  Rusiya və İran dəstək verir. Halbuki razılığa əsasən orada hökumət qüvvələri ilə "mötədil” adlandırılan qruplar arasında döyüşlər, o cümlədən Rusiya aviasiyasının bombardmanları dayandırılmalı idi. Bundan başqa, Türkiyə İdlibdə 12 müşahidə məntəqəsi yaratmalı idi, lakin hələ ki cəmi 3 məntəqə yarada bilib və dördüncünü qurmağa çalışır.

Türkiyə Astana razılaşmalarının pozulmasına etirazını bildirib və Rusiya ilə İranın səfirlərini XİN-ə dəvət edib. Moskva isə razılaşmaların Türkiyəyə yaxın qruplar tərəfindən pozulduğunu iddia edir, hətta özünün hərbi bazalarına 13 ədəd pilotsuz uçuş aparatı vasitəsilə təşkil olunan hücumun həmin qrupların nəzarətindəki ərazilərdən həyata keçirildiyini bildirir. Bununla əlaqədar Rusiya Müdafiə Nazirliyi Türkiyə ordusunun Baş Qərargah rəisinə və MİT rəhbərinə məktub göndərib.

İdlibə hücumlar və ona yaxın olan rus hərbi hava bazasında partlayışlar Ankara-Moskva tərəfdaşlığında çatlar yaradıb. Ekspertlər artıq tərəfdaşlığın dağılması prosesinin başlandığını düşünürlər.

Yanvar və ya fevral ayında İran, Rusiya və Türkiyənin təşkilatçılığı ilə Soçidə Suriya Milli dialoq Konqresi adlı toplantı planlaşdırılır. Bu toplantıda Suriyanın taleyinə aydınlıq gətiriləcəyi gözlənilir. Lakin məlum olub ki, Rusiya Suriya kürdlərinin təşkilatı olan PYD və onun silahlı qanadını-YPG-nin də bu toplantıda təmsil olunmasını istəyir. Türkiyə isə YPG-ni PKK-nın Suriya qolu hesab edir. Artıq bəyan edilib ki, PYD və YPG bu toplantıda iştirak edəcəksə, Türkiyə bunu qəbul etməyəcək. Rusiya-Türkiyə münasibətlərində daha bir fikir ayrılığı buradan qaynaqlanıb.


 
Yaranmış vəziyyəti və prosesin necə inkişaf edə biləcəyini "Yeni Müsavat”a şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, son zamanlar Türkiyənin Qərb ölkələri ilə münasibətlərini düzəltməyə başlaması Rusiyada qısqanclıqla qarşılanıb. Rusiyanın Türkiyəni narazı salan addımlar atmasında bu amilin də rolu var: "Türkiyə Almaniya ilə münasibətləri demək olar ki, yoluna qoyub. Fransa ilə də münasibətlər düzəlir. Bu yaxınlarda Türkiyə prezidenti Ərdoğan Fransaya səfər etdi. Orada Fransa və İtaliyanın birgə hazırladığı hava hücumlarından müdafiə sistemlərinə qoşulmaq haqqında saziş imzalandı. Beləliklə, Türkiyə Fransa və İtaliyanın birgə yaratdığı hava hücumlarından müdafiə sistemlərinə qoşulub gələcəkdə bu sistemin haranı əhatə edəcəyi qərarlaşdırılır. Bundan əvvəl isə Türkiyə prezidentinin sözçüsü  bütün Qərb dövlətlərinə müraciət edərək bəyan etmişdi ki, gəlin indiyə qədər aramızda olan bütün hüsumətləri aradan qaldıraq, hər şeyi yenidən başlayaq. Bu, Qərb ölkələri ilə münasibətlərə ciddi prinsipial yanaşmanın nümunəsi idi. Demək olar ki, yalnız ABŞ-la münasibətləri hələ tam nizama salmaq mümkün olmayıb. Bu münasibətlər Türkiyə üçün həyati əhəmiyyətə malikdir.

ABŞ Suriyada yanlış addımlar atmaqdadır. Kürd yaraqlıları Suriyada federasiyanın bir ünsürü kimi kürd dövlətinin yaradılmasını planlayır. Türkiyə ilə sərhəddəki Afrin bölgəsinə və YPG-yə silah ötürməkdə davam edir. Türkiyə tez-tez bəyan edir ki, vəziyyət bu cür davam etsə həmin bölgəyə hücum edəcək. Türkiyə qarşısına məqsəd qoyub ki, nəyin bahasına olur-olsun ABŞ-la bu məsələdə razılıq əldə etmək üçün bütün imkanlardan istifadə etsin. Avropa ilə münasibətlər tam olaraq qaydaya salındıqdan sonra ABŞ-la da münasibətləri qaydaya salmaq ciddi problemə çevrilməyəcək. Bu zəminlə Türkiyə özünün Qərb müttəfiqləri ilə əvvəlki vəziyyətini bərpa etmiş olur. Bütün bunlar da Rusiyada və İranda qıcıq doğurmaqdadır. Rusiyanın hakimiyyətə bağlı siyasi ekspertlərinin dili ilə Türkiyə üçün qorxulu bir mənzərə cızılmağa başlanıb". 

Politoloq qeyd etdi ki, Rusiyanın İdlibə zərbələr endirməsi Türkiyə ilə əvvəlcədən əldə edilmiş razılaşmanın ruhuna tamamilə ziddir. Onun sözlərinə görə, Rusiya ilə Türkiyə arasında daha bir mühüm məsələdə razılaşmanın pozulması ehtimalı yaranıb: "Bu, Soçidə keçiriləcək və Suriyanın gələcəyini müəyyənləşdirəcək toplantıda hansı siyasi qüvvələrin iştirakı məsələsidir. Türkiyə burada YPG-nin təmsilçisini istəmir. Əvvəl Türkiyə Rusiyanı razı salmağa müvəffəq olmuşdu. Amma son günlər məlum olur ki, Rusiya Suriya kürdlərinin nümayəndələrini də Soçiyə dəvət edir. Faktiki olaraq Moskva Ankaranın siyasi iradəsinin ziddinə hərəkət edir və Türkiyəyə düşmən olan qüvvələri də mühüm toplantıya dəvət edir. Türkiyə isə bəyan edib ki, əgər YPG Soçi görüşündə iştirak edəcəksə, Türkiyə öz nümayəndəsini oraya göndərməyəcək. Artıq açıq-aşkar görünür ki, Suriya məsələsində Türkiyə ilə Rusiya arasında çox ciddi fikir ayrılıqları yaşanmaqdadır. Həm də bu fikir ayrılıqları get-gedə dərinləşir. Əgər Soçi görüşündə də bu vəziyyət davam edərsə, Suriya kürdləri danışıqlar masasında əyləşdirilərsə, o zaman Türkiyə ilə Rusiya arasında münasibətlərdə çox ciddi çatlar əmələ gələcək. Bu çatlar münasibətlərin hətta tamamilə korlanmasına belə gətirib çıxara bilər”.

Politoloq vurğuladı ki, onsuz da Türkiyə-Rusiya münasibətləri ciddi strateji xarakter daşımırdı. Qarşılıqlı ticarət münasibətlərinin qaydaya salınması, bir sıra məsələlərdə hərbi əməkdaşlıq edilməsi strateji əməkdaşlıq münasibətləri demək deyil: "Türkiyə Rusiya ilə sadəcə bir sıra taktiki məsələlərdə münasibətləri saxlamaqdadır. Rusiya ilə Türkiyənin strateji əməkdaşlığı, strateji müttəfiqliyi mümkün deyildi və gedişat da bunu təsdiq etməkdədir. Bu da əsasən Rusiyanın Türkiyə ilə münasibətlərdə oynadığı qeyri-səmimi rolla bağlıdır. Türkiyə üzünü yenidən köhnə müttəfiqi olan Qərbə çevirməli olacaq”. 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər